Gənclər təşkilatlarından nazirə qarşı ÜSYAN: Fərid Qayıbov QHT-lərin qrant vəsaitlərini niyə kəsir?

Gənclər təşkilatlarından nazirə qarşı ÜSYAN:
Azərbaycanda fəaliyyət göstərən çox sayda gənclər təşkilatı Gənclər və İdman Nazirliyinin “qrant siyasəti”ndən boğaza yığılıb.

Busaat.az-a daxil olan məlumata görə, nazirliyin müxtəlif gənclər təşkilatlarına ayırdığı qrant vəsaitlərinin ünvanına çatdırılmasında yol verilən uzunmüddətli gecikmə və hər bir layihə üçün nəzərdə tutulan məbləğin 20 faizinin kəsilməsi nazir Fərid Qayıbova qarşı üsyan şəraiti yaradıb.

Məlumata görə, gənclər təşkilatlarının səbrini daşıran məqam 2021-ci ildə elan edilən və 2022-ci ildə gecikdirilən bildirişlərlə icra olunan qrant layihələrini yekunlaşdıran QHT-lərə nazirliyin qrant məbləğinin qalan 20 faizini hələ də ödəməməsidir.

Təəccüb doğuran hal ondan ibarətdir ki, bu, “20 faiz” probleminin yarandığı ilk hal deyil. Nazirlik bundan əvvəl də gənclər təşkilatlarının hesabına keçirməli olduğu 20 faiz məbləği müxtəlif bəhanələrlə mənimsəyib.

Ancaq öz layihələrini uğurla başa çatdıran və yekun aktı əldə edərək bu vəziyyətlə barışmaq niyyətində olmayan QHT-lər nazirlikdən həmin 20 faizin ödənməsini tələb edirlər.

Gənclər təşkilatlarının bununla bağlı israrlı tələblərinə baxmayaraq, nazirlik süründürməçiliyə əl ataraq ödənişdən yayınır. Əslində isə haqqında danışılan başabəla 20 faiz məbləğin QHT-lərə ödənilməsi nazirliyin 2022-ci il büdcəsi əsasında gerçəkləşdirilməliydi.

Lakin ödəniş tarixini 2023-cü ilə keçirən nazirlik bu dəfə də başqa bəhanə uyduraraq, “büdcənin hələ müəyyənləşdirilmədiyini” bildirir, bu üzdən aprel-may aylarını gözləməyi məsləhət görürlər.

Nazirliyin bu inandırıcı olmayan vədinə etimad etməyən QHT-lərin isə aprel-maya qədər gözləmək lüksləri qalmayıb. Çünki nazirliyin ödəməli olduğu məbləği gecikdirməyi gənclər təşkilatlarının fəaliyyətini iflic vəziyyətinə salıb.

Bu çərçivədə o da bildirilir ki, gənclər təşkilatına saymazyana və ögey münasibət Fərid Qayıbovun nazir postuna gəlişindən yaranıb. Amma belə münasibətin nədən qaynaqlandığını söyləmək çətindir.

Vəziyyətin çıxılmaz olduğunu görən QHT-lər hüquqlarının bərpa olunması üçün sivil qaydada konkret addımların atılmasına hazırlıq görürlər. Onlar ilkin olaraq, yaxın günlərdə Prezident İlham Əliyevə və Milli Məclisə müraciət ünvanlamağı planlaşdırırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...