Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? – FOTO/VİDEO

Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Ulu öndərdən yaxşı kim deyəcək ki?

Gəncə gəncəlilər üçün nədir? Tək bu sualı cavablandırmaq üçün bir kitab yazmaq mümkündür, o ki qaldı bir məqalənin daxilində bu suala işıq tutmaq olsun. Bu 5 hərfdə Gəncə sakini üçün həm Vətən, həm torpaq, həm namus, həm ev-eşik, həm ailə, həm həyat, həm ölüm, həm uşaqlıq, həm yetkinlik, həm fərəh, həm qürur, həm sevinc, həm kədər – bir sözlə, bütün dünya cəmləşib. Bəs yaxşı, qeyri-gəncəli, Azərbaycanın digər bölgələrində dünyaya göz açan, yaşayan üçün nədir Gəncə? Bu suala isə Ulu öndər Heydər Əliyevin sözləri ilə cavab versək, məsələyə tam aydınlıq gətirmiş olarıq: “Biz hamımız – harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı – Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik”.

Bəli, hər bir azərbaycanlı üçün bu qədim Nizami yurdu fəxr mənbəyidir. Onu qorumaq, bacardığımız qədər vəsf etmək hər birimizin borcudur. İllah da ki bu, sənin vəzifə borcun ola, buna görə sənə dövlət büdcəsindən aybaay maaş ödənilə. Belə məsul işlə vəzifələnənlər, düşünmək olardı ki, gecəni gündüzə qatırlar, bəzən sutkalarla yuxusuz qalırlar – təki Gəncəmiz abad olsun, təki bu küçələrdə dolaşan Cavad xanla oğlu Hüseynqulu xanın, Nizami babamızın, bu torpaq uğrunda müxtəlif dövrlərdə canından keçən minlərlə ərənin ruhu abad şəhərin mənzərəsindən şad olsun. Amma, nə yazıq ki, reallıq belə deyil. Daha doğrusu, bu düşündüklərimizlə reallıq arasında yerlə göy qədər fərq var…

Şikayət, şikayət, şikayət…

Etiraf etmək nə qədər acınacaqlı olsa da, Gencexeber.az-ın redaksiyasına hər gün gəncəlilərdən onlarla şikayət daxil olur. Bu şikayətlər şəhərin, demək olar ki, bütün ərazilərini əhatə edir. Şikayətlərin mövzusu isə müxtəlifdir: kommunal xidmətlərin yarıtmaz fəaliyyətindən tutmuş qədim şəhərin küçələrində dəstə-dəstə dolaşan sahibsiz itlərin saçdığı təhlükəyə qədər. Bəzən əməkdaşlarımızda hətta belə sual da yaranır: görəsən, dövlət başçısının əhalinin rifahının yaxşılaşdırılmasına, yerli icra hakimiyyətlərinin üzərlərinə düşən vəzifələrini vicdanla yerinə yetirmələrinə dair zaman-zaman səsləndirdiyi tələblərini Gəncənin başbilənləri eşitmirlərmi? Ya yaddaş pozğunluğu var bunlarda, eşidirlər, amma çox tez də unudurlar? Eşidib məhəl qoymamalarını isə ağlımıza gətirmək istəmirik. Ən azından bu qədər laqeydliyi sadəcə təsəvvür etmək adamı dəhşətə məhkum edir. Bəs elə isə səbəb nədir? Nə üçün vəzifəsi şəhəri abadlaşdırmaq, gəncəlilərin normal həyat tərzini təmin etmək olan adamlar bu dərəcədə biganədirlər Gəncəyə? Əslində, bunun səbəbini ehtimal edirik, hətta deyərdik ki, bilirik. Amma bu barədə yazının sonunda…

O ki qaldı hər yerdən əli üzülən gəncəlilərin bizə müraciətlərinə… Təbii ki, onların hamısını kiçik bir yazıda əhatə etmək mümkünsüzdür. Elə bir məqsədimiz də yoxdur zatən. Amma bir neçə nümunəni oxuculara təqdim edəcəyik.

Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır?
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –

“Həsən ağanın kəsdiyi başa sorğu-sual yoxdur!”

Oktyabrın 18-də Gəncədə faciə baş verdi: İsaq Cəfərov küçəsində qaz sızmasından sonra meydana gələn və ölümlə nəticələnən partlayış beşmərtəbəli yaşayış binasının iki blokunda yerləşən 35 mənzili yararsız hala saldı. Hadisə yerinə gələn Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gencexeber.az-a verdiyi açıqlamada bildirdi ki, “FHN-nin komissiyasının rəyini gözləmək lazımdır ki, bilinsin, bina təmir oluna bilər, yoxsa sökülüb yenidən tikilməlidir”. Daha sonra zərərçəkənlərə hər cür dəstək göstəriləcəyinə dair vəd də verdi: “Həmin binada yaşayış mümkün olmadığı üçün kimin yaxın qohumu var, onlara yönləndiriləcək. Kimdə çətinlik yaransa, onlara kirayə ev tutulacaq. Bu gün onlara ilkin yardım olunacaq”. Nə gözəl! Operativ və işgüzar! Amma belə yerdə deyiblər: “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Təəssüf ki, Bayramovun oxuduğu Quran olmadı. Faciədən 20 gün ötdükdən sonra zərərçəkənlər redaksiyamıza müraciət etdilər. Onlar Gəncə şəhər İcra Hakimiyyətinin fəaliyyətsizliyindən, eləcə də onların acınacaqlı vəziyyətlərinə tam biganəlik nümayiş etdirməsindən narazılıqlarını bildirdilər. Dağılan binanın sakinləri söylədilər ki, İcra Hakimiyyəti müvəqqəti yaşamaq üçün kirayə pulu ayrılacağını vəd edib, ailə başçılarının bank rekvizitlərini toplayıb, lakin 20 gündən çox vaxt keçməsinə baxmayaraq heç bir maddi yardım göstərməyib: “Evimiz dörd blokdan ibarətdir. Partlayışdan sonra üçüncü tamamilə dağılıb, dördüncüdə isə mənzillərə qismən ziyan dəyib. Buna baxmayaraq, bizə heç bir köməklik göstərilmədiyi üçün bəzi insanlar öz mənzillərinə qayıtmağa məcbur olublar. Mənzilimiz dağılmasa idi, biz də qayıdardıq. Nə qədər qohum evində qalmaq olar?”.

Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır?
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –

Bundan sonra əməkdaşımız Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladı. Qurum cavabında bildirdi ki, yaxın zamanda bu haqda məlumat veriləcək. Səbəb? Nə üçün indi yox, yaxın zamanda? Diqqət edin səbəbə: “MÜVAFİQ ŞÖBƏNİN MÜDİRİ EZAMİYYƏTDƏDİR”. Təsəvvür edirsinizmi bunu? İnsanlar evsiz-eşiksiz qalıb, əşyalarının bir hissəsi məhv olub, onlara dövlət rəsmisi tez bir zamanda yardım olunacağına dair söz verib və… Ağa, Bəy, Xan, Padşah dincəlir! Rəiyyət isə… Əşi, rəiyyətdir də! Redaksiya olaraq İcra Hakimiyyətindən yeni məlumatları gözləməkdən savayı çarəmiz qalmadı. Və səbrimiz nəticəsini verdi, İH-dən lütf edib bizi də, sakinləri də “sevindirdilər”. Qəzanın baş verməsinin az qala 1 ayının tamamında belə açıqlama gəldi: “Kirayə mənzillərlə bağlı məsələ müsbət yöndə öz həllini TAPACAQ”. Məqalə yazılanda (qəza baş verəndən 35 gün sonra!) İH hələ də axtarışda idi, amma bir şey tapa bilməmişdi. Hara tələsir ki? “Papaq” filminin qəhrəmanının təbirincə desək – “Həsən ağa bu məhəllənin böyüyüdür, ağsaqqalıdır! Həsən ağa cəmi mahalın atasıdır, ağsaqqalıdır! Həsən ağanın kəsdiyi başa sorğu-sual yoxdur!” İndi biz nə karəyik ki, “kəsilən başa” görə kimisə narahat edək? Necə deyərlər, sərgüzəştlər davam edir!

Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır?

Ümid ölsə-ölsə, Gəncənin bərbad yollarında öləcək

Gəncənin bitmək bilməyən problemlərindən biri də yollarla bağlıdır. İlahi, axı nə qədər şikayət olar? Hərdən elə təsəvvür yaranır ki, Gəncə rəhbərliyi ümumiyyətlə işə avtomobillərlə deyil, helikopter və ya təyyarələrlə gedib-gəlir. Əks halda şəhərin bərbad vəziyyətdə olan küçələrini, piyadaların və avtomobil sahiblərinin hər gün təkrarlanan iztirablarını görərdilər axı! Əgər görsəydilər, onlarda olan məsuliyyəti, vəzifələrinə canla-başla əməl etmə dərəcələrini nəzərə alaraq, dərhal əncam çəkərdilər! Deməli, görməyiblər. Ya da ki… Ya da ki, özləri hərəkət etdikləri küçələri normal vəziyyətə gətirir və bununla da rahatlıq tapırlar. Çox təfərrüata varmadan sadəcə Gəncənin bərbad yollarla “zinətlənmiş” bəzi ərazilərini sadalayaq: Cümhuriyyət küçəsi, 20 saylı marşrut avtobusunun dayanacağnın yaxınlığı; Sevinc qəsəbəsi, 11 saylı marşrut avtobusunun dayanacağının ətrafı; 28 May və Nizami Gəncəvi prospektlərinin kəsişməsi; 13 saylı tam orta məktəbə aparan bir neçə köməkçi yol; Sevinc qəsəbəsinin 10-cu küçəsi; Abbas Səhhət küçəsi; Natavan qəsəbəsindəki Milli Qəhrəman Ənvər Arazovun adını daşıyan küçə; Əlişir Nəvai küçəsi; Bayan küçəsi və s. Sıralamanı hələ davam etdirmək də olardı. Amma bunda bir fayda görmürük. Çünki eyni problemi bəzən 2-3 dəfə saytımızda işıqlandırmışıq, gəl ki, ölü nöqtədən bir tərpəniş olmayıb. Sakinlər isə ümidlə yaşayırlar. Çünki ümid sonuncu ölür. Gəncə rəhbərliyinin şəhər yollarına göstərdiyi biganəliksə belə bir ehtimal irəli sürməyə əsas verir: ümid ölsə-ölsə, bərbad yolların birindəki qəzada canını tapşıracaq.
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –

Gözdən pərdə asmaq “ustalığı”

Yollardan söz düşmüşkən onu da qeyd edək ki, bəzən şəhərin başbilənləri onlara ünvanlanan iradlardan sanki bezirlər, usanırlar, təngə gəlirlər. Və… Düşünürsünüz ki, yolları təmir edirlər? Qətiyyən! Yol təmirini imitasiya edirlər, gözdən pərdə asırlar, vəssalam. Nümunələr də “N” qədər. Biz yenə də bəzilərini misal gətirməklə kifayətlənəcəyik.

Bursa küçəsində təmir işlərinə başlanılıb: asfalt çəkilib, yolun kənarlarına yeni bordürlər düzülüb. Lakin naməlum səbəblərdən görülən işlər yarımçıq buraxılıb. 600 metr uzunluğu olan küçənin təxminən 40 metri, Mircəlal Paşayev küçəsi ilə kəsişməyədək olan hissəsi, olduğu kimi – asfaltsız və baxımsız halda qalıb. Hələ bu azmış kimi, təmir işləri zamanı aidiyyəti qurumun əməkdaşları yeraltı elektrik naqillərini zədələyiblər. Bu səbəbdən ərazi dörd gün işıqlandırılmayıb. Həmçinin bəhs etdiyimiz natamam təmirdən sonra küçənin müxtəlif hissələrində tikinti tullantıları qalıb.

Və ya Natavan qəsəbəsindəki Milli Qəhrəman Ənvər Arazovun adını daşıyan küçə. Problem saytımızda işıqlandırıldıqdan sonra küçədə özünəməxsus “təmir işləri” aparılıb. Belə ki, yoldakı çuxurlar… QUMLA ÖRTÜLÜB!
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –

Adil xan Ziyadxanov küçəsində də eyni hal yaşanıb. Beynəlxalq xəstəxananın yanında avtomobil yolunun səthində iri çuxurların əmələ gəlməsinə dair saytımızda yazı dərc edildikdən sonra aidiyyəti xidmətlərin əməkdaşları əraziyə baxış keçirərək yolun həmin hissəsini təmir etmək əvəzinə sadəcə… TORPAQLAYIBLAR!

Sonra… Amma ehtiyac varmı? Bu halların hamısı bir ata-ananın dünyaya gətirdiyi əkiz övladlar kimi bənzərdirlər. Ən əsas ortaq xüsusiyyətləri isə laqeydlikdir, vəzifəli şəxslərin öz vəzifə borclarına laqeydlikləri.

Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır?

Gəncədə göydən daş yağır

Gəncənin bitməyən problemləri zəncirinin daha bir halqası isə şəhərdəki binaların təhlükə saçan fasadlarıdır. Elə tikililər var ki, gəncəlilər onların yanından keçəndə sözün əsl mənasında həyatlarını təhlükəyə atırlar. Və bu, şişirtmə deyil. İki il əvvəl Gencexeber.az qırmızı kərpiclə üzlənən fasadlarda çatların əmələ gəlməsi və təhlükə mənbəyi olması barədə məlumat vermişdi. Təbii ki, ənənəyə sadiqlik nümayiş etdirildi, heç bir tədbir görülmədi. Cəmi 1 aydan sonra isə, martın 19-da, evin qırmızı kərpicli üzlüyü ana və uşağın üzərinə düşdü. Hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verdi. Nəticədə hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdılrıldı. Düşünmək olardı ki, şəhər rəhbərliyi, heç olmasa, indi əməli işə başlayacaq. Amma… 2024-cü ilin oktyabrı. Yəni ana və övladının başına gələn hadisədən 2,5 il sonra. Gəncədə kişi yalnız sayıqlığı sayəsində binanın damından düşən fasad qırıntılarından yayınıb və real ölümdən qurtulub. Bu dəfə hadisə Dədə Qorqud küçəsində (Köhnə Yevlax avtovağzalı) yerləşən “Nicat Aptek”in qarşısında baş verib. Belə ki, beşmərtəbəli binanın önündən keçən 1969-cu il təvəllüdlü Arif Nəzərovun üzərinə tikilinin fasadından ayrılan hissələri tökülüb. Kişi son anda bədbəxt hadisədən yayınmağı bacarıb.

Təhlükə saçan fasadlardan biri də Azərbaycan Respublikasının ilk Baş prokuroru İsmət Qayıbovun doğulduğu və qırmızı kərpicdən tikilmiş binada müşahidə olunur. Saytımız bu problemi işıqlandırdıqdan və İsmət Qayıbov küçəsi, 9 ünvanında yerləşən tarixi binanın fasadının və damının zədələnməsini bildirdikdən sonra Gəncə şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama verib. Qurumdan redaksiyamıza bildirilib ki, həmin bina xüsusi mülkiyyətdədir. Buna görə də, təmir-bərpa işləri qanunla mülkiyyətçinin vəsaiti hesabına aparılmalıdır: “Məlumat üçün bildiririk ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun VI fəslinin (Mühafizə məqsədilə abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri) 25-ci maddəsinə (Mühafizə məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması) uyğun olaraq, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar inşaat-möhkəmləndirmə və abadlıq işləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, 9 ünvanında yerləşən sözügedən bina “Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi” kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən qeydiyyata alınıb. Bina xüsusi mülkiyyətdədir… Yaranmış vəziyyətə görə Gəncə İH MƏSULİYYƏT DAŞIMIR”. Belə. Bu yanaşma bilirsiniz nəyə bənzəyir? Evdə kanalizasiya borusu zədələnir, otaqları, mətbəxi, dəhlizi nəcasət basır, evin kişisi isə divanda bardaş qurub oturur, nəcislə zəngin suyun üzərində üzən evin əşyalarına baxıb əhli-əyalın ona ünvanladığı “bir çarə et, boğulduq, ay kişi!” nalələrinə sakitcə, təmkinini pozmadan cavab verir: “Məlumat üçün nəzərinizə çatdırım ki, bu məsələyə “Azərsu” baxır, mən heç bir məsuliyyət daşımıram. Lazım bilsələr, gəlib tədbir görəcəklər”. Belə anlaşılır ki, Gəncədə potensial ölüm mənbəyi olan fasadlara hələ uzun illər çarə qılan olmayacaq. Amma belə olmamalıdır axı! Bu şəhər hamımızın göz bəbəyidir, onu hamılıqla qorumalıyıq. Bu, xüsusən də, Qədim Nizami yurdunu qorumağa, abadlaşdırmağa vəzifələnənlərə aiddir. Necə yəni “yaranmış vəziyyətə görə Gəncə İH məsuliyyət daşımır”? Necə yəni “bina xüsusi mülkiyyətdədir”? Bu şəhəri sizə tapşırıblar e! Etimad göstəriblər! Səlahiyyətiniz çatmır – zəhmət çəkin, səlahiyyətli orqanları “tərpədin”, işə cəlb edin. Onlara təsir etmək gücündə deyilsinizsə, yuxarı instansiyalara üz tutun, deyin ki, tabeliyimizdə olan şəhər sakinlərinin başına göydən daş yağır! Yoxsa çəkilin kənara, əlinizi qoyun cibinizə, alibi kimi də “məsuliyyət daşımırıam”ı gözümüzə soxun.



Daha nələr, nələr…

Bu yazını hələ çox uzatmaq olar, çünki Gəncə başbilənlərinin fəaliyyətsizliyi uzun illərdir davam edir və miqyası hər ötən günlə böyüməkdədir. Əhalinin bərbad su təchizatı, küçələrin zibil içində batıb-getməsi, sutkanın qaranlıq saatlarında şəhər küçələrinin zülmətə qərq olması, sıradan çıxan su və kanalizasiya borularının aylarla təmir edilməməsi və bunun nəticəsi kimi küçələrin “okeana” çevrilməsi, Gəncəçayın məcrasının zibilxanalara dönməsi, Dəmiryolçular parkının illərdir zəlil vəziyyətdə qalması, şəhər küçələrində dəstə-dəstə sahibsiz itlərin dolaşması və zaman-zaman sakinlərə hücum etməsi və s. və i.a. Hansını deyəsən, hansını yazasan? Zatən illərdir sakinlər bizə yazırlar, zəng vururlar, üzbəüz dərdlərini söyləyirlər, biz də illərdir yazırıq, yazırıq, yazırıq… Nəticə isə – NƏTİCƏSİZLİK! Və bu yazını əvvəldən oxuyanların arasında hansısa məqamda kimsə təəccübləndimi? Kimsə əsəbi halda monitorun qarşısından “ola bilməz!” hayqırıb ayağa qalxdımı? Kimsə qımışıb “day bunlar ağ elədilər e, yəqin bir az başqa cür olub hadisə” düşündümü? Əlbəttə ki, yox. Çünki Gəncədə yaşayanların, bəlkə də, hamısı bu qeyd edilən konkret halları nəzərdən keçirdikdən sonra “hə, bizim də başımıza belə oyun açmışdılar” söyləyəcəklər.

Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır?

Bunlara da “dur” deyən tapılar


Sonda isə yuxarıda verdiyimiz vədə əməl etmək, “Nə üçün vəzifəsi şəhəri abadlaşdırmaq, gəncəlilərin normal həyat tərzini təmin etmək olan bu adamlar bu dərəcədə biganədirlər Gəncəyə?” sualına cavab vermək istərdik. Çünki onlar Gəncəni SEVMİRLƏR! Çünki Gəncəni sevənlər heç vaxt onun bu günə düşməsinə yol verməzdilər. Qocaman Xalq şairimiz Nəriman Həsənzadənin gözəl sözləri var: “Gəncə, bilirsiniz ki, Azərbaycançılığın Vətənidir. Azərbaycançılıq Gəncədən başlayıb”. Bax budur Gəncə! Anlayın nəhayət! Bütün Azərbaycanın gözü Gəncədədir. Siz də onu biganəliyinizlə, səriştəsizliyinizlə, məsuliyyətsizliyinizlə bütün Azərbaycanın gözü qarşısında göz dağına çevirmisiniz. Yəqin ki, sizə bir “dur” deyən tapılar bu məmləkətdə. Və bir daha, yekun olaraq, Ulu Öndərimizin sözlərini təkrarlayırıq. Təkrarlayırıq ki, qulağınızda sırğa olsun: “Biz hamımız – harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı – Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
33 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...