Baş Prokurorluğun İstintaq İdarəsi ANS-lə bağlı məktub göndərdi
“Bu yaxınlarda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən rəsmi məktub almışıq. Məktubda bildirilib ki, bizim xahişimizlə ANS-in rəhbərliyi çağırılıb və onlara öz əmlaklarını başqa yerə köçürməli olduqları haqda məlumat verilib”.
Bunu Modern.az-a açıqlamasında AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, ANS-in avadanlıqları ilə bağlı məsələdə hələ ki qeyri-müəyyənlik hökm sürür:
“Təxminən bir həftə öncə təkcə Zoologiya İnistituna deyil, AMEA Rəyasət Heyətinə də istintaq idarəsindən rəsmi məktub göndərilib. Lakin ANS-dən heç kimlə əlaqə yoxdur, onlar da gəlib-getmirlər və durğunluq müşahidə edilir.
Biz ANS-dən avadanlıqlarının yerləşdiyi binanı boşaltmağı, əmlakı başqa yerdə saxlamağı istəmişik. Hətta biz avadanlıqların başqa yerə köçürülməsini də təklif etmişik. Yəni anbar, o cümlədən işlər idarəsinin yerləri var. Amma qarşı tərəf bildirir ki, onlara xüsusi yer lazımdır. Səbəb kimi isə avadanlıqların qiymətli olduğunu, onları yerləşdirmək üçün özəl şərait lazım olduğunu deyirlər. Yəni ANS hər zaman müəyyən bəhanələr gətirib, təkliflərimizdən imtina edir.
İndiyə kimi dözmüşük, münasibətləri birdən-birə sökmək, ya da bıçağı sümüyə də dirəmək istəmirik. Onları çətin anında bir tərəfdən də bizim baltalamağımız etik deyil. Amma dostluq belə olmur. Onlar bizim haqqımızda da düşünməlidirlər”.
E.Yusifov qeyd edib ki, ANS binadan avandanlıqlarını çıxarmadığı üçün Zoologiya İnistitutu öhdəliklərini yerinə yetirə bilmir:
“Akademiyanın qarşımıza qoyduğu tələblər, yeni planlarımız var və biz onları edə bilmirik. Hətta hansısa sahibkar Fiziologiya İnistitunu söküb və onların vəziyyəti pisdir. Hörmətli akademik Akif Əlizadənin Fiziologiya İnistitunun əməkdaşlarına həmin ərazidə yer verilməsi ilə bağlı tapşırığını yerinə yetirə bilmirik.
Eyni zamanda, ölkə prezidentinin qarşımıza qoyduğu yol xəritəsi, strateji planlar var. 2020-ci ilə qədər bioloji müxtəlifliyin davamlı inkişafı, nadir, nəsli kəsilməkdə olan fauna növlərinin süni çoxaldılması üçün biz də öhdəlik götürmüşük.. Xüsusi tətbiqi zoologiya mərkəzi yaratmışıq. Amma ANS-in fəaliyyəti ucbatından bunlar kağız üzərində qalıb. Təsəvvür edirsiniz, İstintaq İdarəsi də ANS-in əmkalnın başqa yerə köçürülməsi üçün heç bir etiraz etmədiklərini bildirib. Bunlar isə bizdən təsir vasitəsi kimi istifadə edir. Bu isə ürəkaçan hal deyil. Görünür, bizim vasitəmizlə harasa təzyiq etmək istəyirlər. Əgər fəaliyyətləri yoxdursa, binanın möhürlənməsinin əhəmiyyəti olmamalıdır. Amma ANS-çilər gah bizi, gah da möhürü bəhanə edir. ANS-in etdiyi faktiki zəbtdir, başqa ad vermək olmaz”.
1202 dəfə oxundu