Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi? İlk 6 ayın hadisələri

Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi?

1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan olunanda, bu hadisədən bir gün əvvəl dağılmış Zaqafqaziya Seyminin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gələrək özlərini Azərbaycanın Milli Şurası elan edirlər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir.

1918-ci il iyunun 17-də, bir gün əvvəl Tiflisdən Gəncəyə köçmüş Milli Şura öz qanunvericilik səlahiyyətlərini 6 ay müddətinə Fətəli Xan Xoyskinin başçılıq etdiyi müvəqqəti hökumətə həvalə etmək barədə qərar gəbul edir.
Bu cür qərarın verilməsinə səbəb ölkədə həmin dövrdə yaranmış ağır iqtisadi və siyasi şərait və davam edən hərbi münaqişə olmuşdu.

Yayın qalan ayları ərzində Baş nazir Xoyski və onun müvəqqəti hökuməti həm icraçı həm də qanunverici orqan kimi fəaliyyət göstərib.

1918-ci il sentyabrın 15-də Osmanlı Türkiyə və azərbaycanlı hərbçilərdən ibarət ordu (Qafqaz İslam Ordusu) Bakıya daxil olur.
Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi?

İki gündən sonra müvəqqəti hökumət Gəncədən Bakıya köçür. Bununla da paytaxt, ölkənin qalan hissəsinə qovuşur.
İyun ayında elan olunmuş ilkin plana görə, Milli Şura və hökumət yeni respublikanın yeni konstitusiyasını yazmalı və Müəssislər Məclisinə seçkilərin keçirilməsini təşkil etməli idi.

Lakin müvəqqəti hökumət bu yolla addımlamadı.

Onların 2 ay ərzində yeganə nailiyyəti, Milli Şuranın ilk 44 üzvünü yığmaq oldu.
Respublika konstitusiyasız fəaliyyət göstərməli oldu.
Azərbaycan hökuməti Müəssislər Məclisini yaratmaq istəyirdimi? Görünür ki, istəyirdi.
Fətəli Xan Xoyski qeyd edib ki, "hələ Bakı alınmadan iki gün əvvəl Gəncədə komissiya təşkil edildi ki, Məclisi-Müəssisan dəvətinə hazırlıq işləri görsün."
Lakin elə həmin Xoyski bunu da yazıb: "Şəhər alınandan sonra da [Müəssislər Məclisini] dəvət etmək və hazırlaşmaq mümkün deyil idi".
Onda, görəsən, Xoyski hökuməti nəyə görə sentyabrın 13-də Gəncədə komissiya formalaşdırır və Bakı azad olunduqdan 2 ay sonra da gözləyir və belə mühüm məsələ ilə bağlı heç bir addım atmır?
Bunun bir səbəbi həmin dövrün xaoslu günləri ilə bağlı ola bilər.
Eyni zamanda, mümkündür ki, Müəssislər Məclisinin çağrılması və konstitusiyanın yazılması ciddi siyasi faktorlara görə yubadılıb.
Osmanlı Türkiyənin dəstəyi hesabına Azərbaycan Antantaya qarşı dayanan Mərkəzi Dövlətlər ittifaqının (Dördlər İttifaqı: Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyaları və Bolqarıstan çarlığı) üzv-ölkələrinə daha yaxın idi.
Əlimərdan bəy Topçubaşov və Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan nümayəndə heyəti Dördlər İttifaqı ölkələri və Zaqafqaziya dövlətlərinin qatıldığı beynəlxalq konqresdə iştirak etmək üçün artıq İstanbulda idi.
Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi?

Azərbaycan nümayəndələri ümid edirdilər ki, Osmanlı Türkiyənin müttəfiqləri Almaniya və Avstriya-Macarıstan onların yeni dövlətini keçirilən danışıqlardan sonra tanıyacaq.
Xoyski qeyd edirdi ki, "Məclisi Müəssisan əsas qanun qoymaq üçündür. Böylə bir məclisə malik olmaq üçün qabaqca Azərbaycan istiqlalının dövlətlər tərəfindən qəbul və təsdiq edilməsi lazım idi".
Beləliklə, onlar yeni dövlətin tanınmasını gözləyərək, Müəssislər Məclisi ilə bağlı işləri yubadırdılar.
1918-ci ilin oktyabrın 7-də Azərbaycan nümayəndə heyətinə aydın oldu ki, Mərkəzi Dövlətlər itifaqı tərəfindən tanınma mümkün deyil. Buna səbəb Almaniyanın Birinci Dünya Müharibəsində məğlubiyyəti oldu.
Amma mümkündür ki, Bakıdakı hökuməti noyabr ayının ortasınadək heç bir addım atmamağa məcbur edən başqa amillərdə olub.
İş orasındadır ki, Müəssislər Məclisi yaradılandan dərhal sonra qarşısında duran bir nömrəli məsələ konstitusiyanı yazmaqdır. Başqa sözlə, yeni dövlətin quruluşu, üsül -idarəçiliyi müəyyən olunmalı idi.
O zaman isə Azərbaycanın siyasi elitalarında sosialistlərdən tutmuş mühafizəkarlaradək, müxtəlif siyasi partiya və ideologiyaların nümayəndələri təmsil olunmuşdu.
Bunların hamısına hökmranlıq etmiş Rusiya monarxiyası bu yaxınlarda süqut etmişdi. 1917-ci ilin fevralından bəri Rusiya respublikaya çevrilmişdi.
Azərbaycanlılar başda parlamenti olan respublikaya meyl göstərirdilər.
İstanbulda Enver Paşa hökuməti Azərbaycanı müstəqil və güçlü görmək istəyirdi, lakin onlar Azərbaycanın parlament respublikasına çevrilməsini qəbul etməyə hazır deyildi.
Türklər o zaman hələ də konstitusiyalı monarxiya üsul idarəsi şəraitində yaşayırdılar.
Bu sistem ölkədə hakimiyyətin parlamentlə monarx arasında paylaşılmasını nəzərdə tutur.
Bu mənada, İstanbulla müqayisədə Bakıdakı siyasi həyat daha inkişaf etmiş və mütərəqqi idi.
Böyük ehtimalla güman etmək olar ki, iki müttəfiq arasında bu yanaşma fərqi Müəssislər Məclisinin yaradılmasını yubadıb.
Respublika quruluşu üçün nəzərdə tutulmuş Konstitusiyanın yazılması iki hökumət arasında böhranın yaranmasına gətirib çıxara bilərdi.
Xoyski həmin dövrdəki qeyd edilən bu çətinliklərə işarə edir: "Əhvali-xariciyyəmiz elə idi ki, hökumət çox müşkülata uğrayır idi, hökumət çox çarpışırdı özgələri daxili işlərimizdən uzaqlaşdırsın. Lakin özümüz gətirmiş olduğumuz adamlara demək olmazdı ki, o vaxt sizi çağırmış idik, indi də sizi istəmirik, çıxın gedin". Qarşıdurma yaratmaq əvəzinə isə Xoyski prosesi yubadır.
Digər tərəfdən, tezliklə, Xoyskinin dediyi kimi, "övza (şərait -red.) dəyişdi".
Birinci Dünya Müharibəsi Antanta ilə, Osmanlı İmperiyası da daxil, Mərkəzi Dövlətlər ittifaqı arasında bir sıra sülh müqavilələri ilə başa çatdı.
Osmanlı ordusu qısa bir zamanda öz qoşunlarını İran, Azərbaycan və Qafqazın qalan hissəsindən çıxardı.

Nəticədə Azərbaycan öz xarici siyasətini sürətlə Antanta müttəfiqlərinin baxışlarına uyğunlaşdırmalı idi.

Alman əsgərləri Birinci Dünya Müharibəsində məğlubiyyətdən sonra evə dönürlər
1918-ci ilin noyabrında Müttəfiqlər münaqişə vəziyyətində olan dövlətlər arasında sülh konfransının 1919-cu ilin yanvarında Parisdə keçiriləcəyini elan etdi.
Rusiya, Almaniya və Osmanlı imperiyalarının süqutu nəticəsində əmələ gəlmiş müxtəlif dövlətlərin müstəqilliyi məsələsi həmin konfransda müzakirə olunmalı idi.
Polşadan tutmuş Finlandiyayadək yaranan yeni dövlətlər müvəqqəti hökumətləri konstitusiya yazmaqla məşğul idi.
Gözlənildiyinə görə, sülh danışıqları Wilson prinsipləri əsasında keçməli idi.
Azərbaycan hökuməti demokratik parlamentin formalaşdırılmasını təcili olaraq sürətləndirməli idi.
Rəsulzadə İstanbudan Bakıya oktyabrın 7-də, yəni xeyli əvvəl, göndərdiyi teleqramında, faktiki olaraq, vəziyyətin dəyişdiyini izah etmişdi: "Siyasi durum tamamilə dəyişib. Sülh Wilson prinsipləri əsasında təklif olunub. [İstanbulda] konfrans olmayacaq. Ermənilər Qarabağı istəyir. Biz təcili olaraq [Milli] Məclisin iclasını çağırıb Avropada təbliğata başlamalıyıq. Biz [Azərbaycana] qayıtmağa hazırıq. Əlimərdan bəy Avropaya səfərə çıxmağa hazırlaşır".
Rəsulzadənin bu qeydləri həmin günlərin ab-havasından xəbər verir.
Digər tərəfdən, Sülh konfransı çox qısa bir zamanda, 1919-cu ilin yanvarında başlamalı idi.
Yəni Müəssislər Məclisinin yaradılmasına və konstitusiyanın yazılmasına çox vaxt qalmamışdı.
Xoyskinin izah etdiyi kimi, "tazədən Məclisi-Müəssisan dəvəti üçün qanun hazırlamaq və sair işləri 5 ay çəkər idi".
Azərbaycan hökuməti həmin vəziyyətdən qısa bir zamanda çıxış yolu tapmalı idi.
1918-ci il noyabrın 16-da, hökumət nəhayət Milli Məclisin 44 üzvünü Bakıdakı H.Z.Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş qız məktəbinin binasında toplaya bildi.
Bununla belə, məclisdəki üzvlərin sayı onun milli parlament (Milli Şura) olduğunu iddia etmək üçün kifayət etmirdi.
Həmin 44 nəfər ilk olaraq Sankt-Peterburqda Zaqafqaziya müsəlmanlarını təmsil etmək üçün fərqli sistem üzrə seçilmişdi.

Eyni zamanda, Azərbaycanda yaşayan digər millətlər də parlamentdə təmsil olunmalı idi.
Noyabrın 16-da Milli Məclis toplaşanda bu məsələnin müzakirəsi 3 gün ərzində davam etdi. Nəticədə, seçki təşkil etmək əvəzinə Məclis üzvlərinin sayını artırmaq yolu ilə bu qurumu parlamentə çevirmək qərarı alındı.
Məclis üzvlərinin sayını artırmaq üçün ölkənin müsəlman və qeyri-müsəlman icmalarından əlavə təmsilçiləri təyin etmək xahiş olundu.
İndi isə Milli Şuranın nəyə görə başqa gün yox, məhz noyarın 16-da yığıldığına diqqət verək.
İş orasındadır ki, Britaniya Ordusu Şimal Fars Qüvvələrinin komandanı, general W. M. Thomson Bakını məhz növbəti gün, noyabrın 17-də tutmağa hazırlaşırdı.
Noyabrın 16-da o, son hazırlıqlar aparmaq üçün artıq Ənzəli limanında idi.
Azərbaycan hökuməti isə təşəbbüsü ələ keçirərək, britaniyalılar Bakıya daxil olduğu an özünü ölkənin yeganə hakimiyyət qurumu olduğunu nümayiş etdirmək istəyirdi.
Noyabrın 16-da hökumət Milli Məclisi toplamaqla yanaşı, eləcə də Ənzəliyə general Thomsonla görüşüb danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərir.

Cümhuriyyət hökuməti Azərbaycanı necə idarə edirdi?

Növbəti gün noyabrın 17-də Thomson başda olmaqla 2000 Britaniya hind əsgəri və Rusiya kazak hərbi dəstəsi Bakıya daxil olur.

Bir neçə həftədən sonra, 1918-ci il dekabrın 7-də Azərbaycanın ilk parlamenti - Milli Şuranın Bakıda birinci iclasının açılışı olur.
Həmin gün Baş nazir Xoyski və onun hökuməti istefa verir ki, yeni parlament yeni hökumət formalaşdıra bilsin.
Dekabrın 26-da parlament Fətəli Xan Xoyski başda olmaqla yeni hökumət nazirlərinin siyahısını təsdiqləyir.
İki gündən sonra isə, dekabrın 28-də Xoyski, Paris Sülh Konfransında Azərbaycan respublikasını təmsil edəcək nümayəndə heyətinin üzvlərini təyin edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
949 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...