Vətəndaşlar kabel televiziyalarından gileylənir: “Zəng etmişəm, operator deyir, antenanı fırladın”

Vətəndaşlar kabel televiziyalarından gileylənir:

Kabel televiziyaları və televiziya operatorları Azərbaycanın ən ucqar nöqtələrində belə əhaliyə xidmət təklif edirlər. Ölkədə fəaliyyət göstərən TV şəbəkələri müştərinin ödədiyi 10 manatın qarşılığında 100-dən yuxarı kanalı özündə birləşdirən standart paketi təklif edirlər. Kanal siyahısında adətən rus və türk dillərində yayımlanan televiziyalar üstünlük təşkil edir. Televiziya sayını artırmaq, əlavə kanala qoşulmaq istəyənlər isə daha artıq pul ödəməli olurlar.
Əhalini təklif olunan paketlər az-çox qane etsə də, siqnalın itməsi və donması, görüntünün zəifləməsi kimi problemlərdən narazı olanlar kifayət qədərdir. “Report” agentliyi Bakı sakinlərinə “Kabel televiziyaları və televiziya operatorlarının göstərdiyi xidmətdən razısınızmı” sualı ilə müraciət edib.


Sorğuya 12 nəfər qoşulub, bunların 8-i qadın, 4-ü kişi olub. 23-53 yaş həddində olan Nəsimi, Xətai, Nərimanov, Xəzər rayon, Bakıxanov və Xutor qəsəbə sakinləri siqnal zəifliyi, kanalların yoxa çıxması, keyfiyyətsiz görüntü kimi problemlərdən şikayətləniblər. Respondentlərin ikisinin bildirdiyinə görə, aylıq ödəmə vaxtı yaxınlaşdıqda siqnal itməsi və görüntünün zəifləməsi kimi hallarla qarşılaşıblar. 4 nəfər xidmətdən razı olduğunu bildirib. Sorğuda 4 şirkətin adı hallanıb: Ailə TV, KATV1, Connect TV və ATV Plus.

KATV 1 kabel televiziyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvin Sadıqov “Report”a açıqlamasında bildirib ki, müştəri hər hansı bir problemlə qarşılaşdıqda kanalın 24 saat fəaliyyət göstərən qəza xidməti dərhal abunəçinin köməyinə yetişir: “Rəqəmli yayımla analoq yayım arasında keyfiyyət fərqi var. Bəzi problem abunəçinin daxili xətləri ilə bağlı yaranır, bu halda o, xidmətimizə müraciət etməlidir. Bəzən gizli qoşulmalar kimi sui-istifadə hallarına da rast gəlinir. Bu isə siqnal zəifliyinə gətirib çıxardır. Belə hallar aşkarlananda müvafiq cərimə və tədbirlər görülür”.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri həmçinin bəzən musiqili və əyləncəli kanalların yayımının məhdudlaşması ilə bağlı şikayətlərə də aydınlıq gətirib: “Rəsmi qəbul olunmuş matəm günlərində musiqili və əyləncəli proqramlar KATV-də nümayiş olunmur”.

Ailə TV kabel televiziyasından “Report”a verilən məlumatda problemin analoq yayımla rəqəmli yayım arasındakı fərqdə olduğu bildirilib: ”Analoq yayım rəqəmli yayım kimi güclü deyil. Bu səbəbdən siqnal itə bilər. Siqnalın keyfiyyətinə həm də televizorun köhnə və ya yeni nəslə aid olması da təsir edir. Müasir televizorlarda görüntünün keyfiyyətində problem yaşanmır”.
Çoxsaylı cəhdlərə baxmayaraq Connect TV və ATV Plus şirkətlərindən “Report”a açıqlama verən olmayıb. Qeyd edək ki, Facebook sosial şəbəkəsində kanalların itməsi, siqnalın donması ilə bağlı şikayətlərin bir çoxu da məhz bu iki şirkətin payına düşür. “17.04.2018 tarixində səhər 8-də televizoru açmışam və bu kommenti yazdığım vaxtadək heç bir kanala baxmaq mümkün olmayıb. Görüntü qırıq-qırıq gəlir, kəsilir. Connect TV-nin 159 qaynar xəttinə isə bağlanmaq mümkün deyil. Guya, bütün gün servis məşğuldur. Belə çıxır, əksər abonentdə problem var və hamı birdən zəng edir”, “ATV Plusu izlədiyim History Channel-i sildiyi üçün qınayıram..”, “ATV Plus-un kanalları göstərmir. Zəng etmişəm, operator deyir, antenanı fırladın. Deyirəm, xanım indi XXI əsrdir, nə antena fırlatmaq. Sabah təzək də yandıracayıq, qaz əvəzinə”, “ATV Plus-da bir kanal belə göstərmir. Siqnal yoxdur”. “Kimdəsə ATV Plus göstərir?” kimi narazılıqların ardı-arası kəsilmir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən açıqlamada kabel TV şəbəkələrində Teleqüllə ətrafında keyfiyyətsiz siqnal qəbulunun mümkün olması vurğulanıb: “Azərbaycan Respublikasında 2016-cı il dekabrın 1-dən televiziyaların analoq efir yayımları tam dayandırılıb və rəqəmli yayıma keçilib. Hazırda ölkədə əhali yaşayan ərazilərin 99.6%-i açıq paketli 10-12 televiziyadan ibarət rəqəmli efir yayımı ilə əhatə edilib və keyfiyyətli rəqəmli yayım həyata keçirilir. Bununla belə, açıq paketli rəqəmli yayımla yanaşı, rəqəmli televiziyanın efir vasitəsilə çoxproqramlı ödənişli yayımı da reallaşır. Kabel TV şəbəkələrində TV proqramlarının xidmət ərazisində, o cümlədən Teleqüllə ətrafında keyfiyyətsiz qəbulu vətəndaş ilə kabel TV şirkəti arasında imzalanmış müqavilədə ikitərəfli öhdəliklərlə tənzimlənməlidir. Həmçinin, kabel TV şirkətlərinin fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq Milli Televiziya və Radio Şurası tənzimləyir və onların fəaliyyətinə nəzarət edir. Bundan başqa, ölkədə müxtəlif özəl kabel TV şəbəkəsinə malik şirkətlər əhaliyə xidmət göstərilir. Vətəndaşlar həmin şirkətlərlə müqavilə əsasında TV proqramlarının analoq və ya rəqəmli formatda qəbulunu özü seçmək imkanına malikdir”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Report”a verdiyi açıqlamada keyfiyyətsiz yayımla bağlı vətəndaşın məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirib: “Müştərilər qoşulduğu kabel televiziyasını müqavilə şərtlərinə əməl etmədikdə və öhdəliklərini yerinə yetirmədiyi halda məhkəməyə verə, və yaxud Milli Televiziya və Radio Şurasına müraciət edə bilərlər. Əgər narazılıq varsa, da bu müqavilə şərtləri əsasında həll olunmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...