Qətər Həcc ziyarəti ilə bağlı BMT-yə şikayət etdi

Qətər Həcc ziyarəti ilə bağlı BMT-yə şikayət etdi

Qətər Səudiyyə Ərəbistanının qətərli zəvvarlara qarşı tətbiq etdiyi qadağalarla bağlı BMT tabeliyindəki qurumlara şikayət məktubu göndərib. Məktubda qətərli zəvvarların digər müsəlmanlar kimi Həcc ziyarətini gerçəkləşdirməsinə əngəllər törətdiyi üçün Səudiyyə Ərəbistanı barədə təcili tədbirlər görülməsi istənilib.

Qətər İnsan Haqları Komitəsinin (NHRC) sədri Əli ibn Samih əl-Merri BMT-nin Din və İnanc azadlığının Şəxsi Məruzəçisinə göndərdiyi məktubda həcc mövsümünün yaxınlaşdığı ərəfədə Qətərdən Səudiyyə Ərəbistanına birbaşa uçuşlara qoyulan qadağanın hələ də hökm sürdüyünü, iki ölkə arasındakı sərhəd keçid məntəqələrinin də bağlı olduğunu və buradan qətərli zəvvarların keçməsinə icazə verilmədiyini qeyd edib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Həcc Məzələləri üzrə Nazirliyi 2018-ci il həcc mövsümü üçün hazırlıqların başa çatdığını və dünyanın müxtəlif ölkələrindən bu il 2 milyondan çox zəvvarın ölkəyə gələcəyini açıqlamış, eyni zamanda qətərli zəvvarların da Qətərə aid olmayan hər hansısa bir hava yolları şirkəti vasitəsilə Ciddə şəhərində yerləşən Kral Əbdüləziz Hava Limanından səfər edə biləcəkləri bildirilmişdi.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin 5 aprel 2017-ci il tarixdən etibarən Qətərlə diplomatik münasibətlərini dayandırmaları Körfəz bölgəsində böhrana yol açmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...