Bakıda pəncərədən dənizə baxmaq... 398 manat
Neftin qiymətinin aşağı düşməsi, gəlirlərin azalması, dünyada böhranın davam etdiyi bir zamanda ölkənin böhrandan çıxmasında, ümumi prosesin təsirini minimuma endirmək üçün inkişaf etdirilməsi vacib olan sahələrdən biri də turizmdir. Turizm sektorunun inkişafı üçün mövcud şəraitin imkan verdiyi Azərbaycanda bu sahədə ən böyük problemlərdən biri də qiymətlərlə və bu qiymətələrə adekvat olmayan xidmət səviyyəsi ilə bağlıdır.
Xatırladaq ki, AXCP-nin iqtisadi böhrandan çıxmaq üçün hökumətə təqdim etdiyi təkliflərdə məhz turizm sektorunun inkişafına xüsusi diqqət yetirilib. Bu sahədən gəlir əldə etmək üçün ilk növbədə həm ölkə vətəndaşları, həm də əcnəbi turistlərə əlçatan olan xidmət və qiymət vacibdir.
Əlverişli iqlim şəraiti, təbii resurslar (Xəzər dənizi, dağlıq-meşəlik ərazilər, müxtəlif qədim abidələr, istirahət kompleksləri, qış və yay turizm mərkəzləri və s.) bu gün ölkə iqtisadiyyatının dayanıqlı inkişafına doğru fokuslaşdırılmalıdır. Dünyanın bir çox ölkələrində, xüsusən Azərbaycanın yaxın qonşularında turizm dövlətin əsas gəlir mənbələrindən biridir.
Gediş-gəliş bileti ilə birlikdə Türkiyədə bir həftəlik tam dincəlmə 400 ABŞ dollarından başlayır. Bu istirahətə bütün xidmətlər daxildir. Azərbaycanda isə bu qiymətə ulduzsuz hotellərdə maksimum dörd gün yaşamaq (digər xidmətlər buraya daxil deyil) olar.
Rəsmi statistikaya görə, Azərbaycandan Gürcüstana bir ildə 1 milyon insan gedir. Hər turistin bu ölkədə ən azı 400 dollar pul xərclədiyini nəzərə alsaq, onda deyə bilərik ki, hər il Azərbaycandan Gürcüstana 400 milyon pul axır. Azərbaycanlılar təkcə Gürcüstana deyil, Türkiyə və Rusiya kimi ölkələrə də turist kimi gedir, ölkə büdcəsinə yönəldilməsi mümkün olan vəsait xarici ölkələrin büdcəsinin artırılmasına sərf edilir.
Azərbaycanda turizm xidmətləri də bərbad vəziyyətdədir. Onilliklər ərzində yerli və əcnəbi turistlərin rahatlığı üçün bu sahədə əsaslı dönüş yaradılmayıb. Qiymətlərdən isə heç danışmağa dəyməz.
Cebhe.info paytaxt Bakıda otellərin qiymətləri ilə maraqlanıb. Aldığımız cavablar zənnimizdə yanılmadığımızı göstərib.
Modern hotel – 1 günlük 1 nəfər – 70AZN, 2 nəfər - 80 AZN, 3 nəfər -90 AZN (Səhər yeməyi daxil)
Diplomat otel – 1 günlük 1 nəfər – 60AZN, 2 nəfər – 70 AZN, 3 nəfər – 80 AZN (Səhər yeməyi daxil)
Park INN – 1 günlük 1 nəfər – 179 AZN, 2 nəfər - 249 AZN (Səhər yeməyi daxil)
Hilton otel – 1 günlük 1 nəfər 296 AZN, yaxud 334 AZN (Səhər yeməyi daxil), 2 nəfər 334 AZN, yaxud 364 AZN (Səhər yeməyi daxil)
Hyatt Regency – 1 günlük 1 nəfər 225+18% ƏDV və ya 245 AZN+18% ƏDV (Səhər yeməyi daxil), 2 nəfər 245 AZN+18% ƏDV, yaxud 265AZN+18% ƏDV (Səhər yeməyi daxil)
Four Seasons – 1 günlük 1 nəfər 461AZN (Səhər yeməyi daxil), 2 nəfər 495 AZN
Fairmont Baku – 1 günlük 1 nəfər 356AZN (şəhər mənzərəli), 398 AZN (dəniz mənzərəli), 2 nəfər 383AZN (şəhər mənzərəli), 424 AZN (Səhər yeməyi və dəniz mənzərəli).
Göründüyü kimi, qiymətlər hətta əcnəbi turistlərin belə ciblərinə uyğun deyil. Belə bir şəraitdə əcnəbi turistlərin ölkəyə axın edəcəyəni gözləmək nə dərəcədə doğrudur?
Bununla bağlı açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli ümumiyyətlə Azərbaycanda turizm sahəsinə yatırılan vəsaitləri səmərəsiz məsrəf adlandırıb:
“Azərbaycanda otellərin qiymətləri həddindən artıq bahadır. Regiondakı qonşu ölkələrə nəzər yetirsək, məsələ kifayət qədər aydın olar. Məsələn, bizim Gürcüstana gedib bir həftə istirahət etməyimiz buradan Qubaya gedib istirahət etməyimizdən ucuz başa gələcək. Əgər turizmin inkişafı deyiriksə, bu gün otelçilikdə sağlam rəqabət mühiti yaradılmalı və turizm sahələri monopoliyadan azad olmalıdır. Əgər bunlar olmasa, ən azından dövlətin nəzarəti olmalıdır. Ölkə başçısı bütün çıxışlarında qeyri-neft sektorunun, turizmin inkişafından danışır, televiziyalar danışır, sərəncamlar imzalanır, amma bunların real effekti hiss edilmir. Hökumət bu gün turizm sahəsinə nəzarət etməkdənsə, başı ancaq vətəndaşlara nəzarət etməyə qarışıb. Öz evində turist qəbul edən, onların gecələməsi üçün şərait yaradan vətəndaşları təqib edir, onlara vergi ödəməsi üçün sərt qadağalar qoyur. Əgər hökumət nəyəsə nail olmağa çalışırsa, ilk növbədə monopoliya aradan qaldırılmalı və sağlam rəqabət mühiti yaradılmalıdır. Əgər bir turist Bakıda gecələyə bilmirsə, qiymətlər 300-400 AZN-dən başlayırsa, o zaman beynəlxalq tədbirlərə, turizm sahəsinə külli miqdarda vəsait yatırmaq səmərəsiz məsrəfdir. Uzunmüddətli yatırımlar edilməli və uzunmüddətli işlər görülməlidir”.
1057 dəfə oxundu