Xarici dövlətlərin yük avtomobilləri Azərbaycanda yol vergisindən azad olunacaq - İyunun 1-dən
Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə Azərbaycanda yol vergisindən azad olunacaq.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişikliyin edilməsi haqqında fərman imzalayıb.
Vergi Məcəlləsinə əlavə edilən maddəyə əsasən, dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda, habelə xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda, yol vergisindən azad ediləcək.
976 dəfə oxundu