Nazirlikdən `qorxunc məxluqlar`la bağlı KİV-ə çağırış
Daxili İşlər Nazirliyindən Ağdaş rayonunda naməlum varlıqların gecə saatlarında insanları təşvişə salması iddialarına növbəti dəfə münasibət bildirilib.
Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Lent.az-a bildirib ki, Ağdaşın Qoşaqovaq kəndinin polis nəzarətinə götürülməsi, postların qurulması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil:
"Nazirliyin Mətbuat Xidmətindən və Ağdaş RPŞ-dən məsələ ilə bağlı verilən təkzib xarakterli açıqlamalara baxmayaraq, bəzi kütləvi informasiya vasitələrinin ucuz reytinq və sensasiya dalınca qaçaraq əhali arasında çaşqınlıq və qorxu atmosferi yaratmağa xidmət edən belə təxribat xarakterli dezinformasiyalar yayması düşündürücüdür. Bu, KİV haqqında qanununvericiliyin tələblərinin ciddi şəkildə pozulmasıdır. Bir sıra saytlarda və telekanallarda bəzi kənd sakinlərinin gözlərinə guya hansısa məxluqların və ya şəxslərin görünməsi barədə yayılan söz-söhbətlər isə dedi-qodudan və şayiədən başqa bir şey deyil".
O.Mansurzadə əlavə edib: “Jurnalistləri məsuliyyətli, ayıq-sayıq olmağa, fəal vətəndaş mövqeyi nümayiş etdirməyə, insanlarda ümidsizlik, qorxu və panika yaratmağa xidmət edən məlumatları yaymamağa çağırırıq".
1071 dəfə oxundu