Zəlzələ Şəkiyə nə qədər ziyan vurub? - Açıqlama
“Şəki şəhərində 2, Qaratorpaq kəndində 4 fərdi ev, Turan qəsəbəsində, Bolludərə, Qaratorpaq və Sarıca kəndlərində uşaq bağçaları, Oxud kəndində orta məktəb binası qəzalı vəziyyətə düşüb. Hazırda rayona nə qədər ziyanın dəyməsi Fövqaladə Hallar Komissiyası tərəfindən hesablanır”.
Bu barədə AzVision.az-a Şəki şəhər İcra Hakimiyyətindən məlumat verilib.
İcra başçısının köməkçisi Ziya Vəliyev bildirib ki, hazırda zəlzələnin episentrində yerləşən Şəkinin iki kəndində Qaratorpaq və Bolludərədə 15 çadr quraşdırılıb. Onun sözlərinə görə, həmin çadrların 13-ü Qaratorpaqda, 2-si isə Bolludərədədir: “Zəlzələ Şəki rayon ərazisində yerləşən fərdi evlərə, məktəblərə, uşaq bağçalarına, digər sosial təyinatlı obyektlərə ziyan vurub. Hadisədən sonra Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri zəlzələnin zərər vurduğu ərazilərdə olublar, zədələnmiş fərdi evlərə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə, həmçinin sosial obyektlərə baxış keçiriblər.
İlkin baxış zamanı müəyyən olunub ki, yeraltı təkanlar nəticəsində Şəki şəhərində, Turan qəsəbəsində, Bolludərə, Qaratorpaq, Çayqaraqoyunlu, Aşağı Daşağıl, Aydınbulaq, Göybulaq, Əliyar, Cəyirli, Qozlubulaq, Oxud, Aşağı Küngüt, Çeşməli, Şəki kənd, Köbər Zəyzid, Şirinbulaq, Dərəcənnət və Cəfərabad kəndlərində ümumilikdə 240 fərdi evin divarlarında çatlar əmələ gəlib.
Bundan əlavə, şəhər və kəndlərdə 27 məktəb binasının, Şəki Dövlət Dram Teatrının, Tarix-Diyarşünaslıq Muzeyinin, Şəki Əlillərin Regional Bərpa Mərkəzinin, Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin, Şəki şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Turan qəsəbəsində və Qaratorpaq, Aydınbulaq, Qayabaşı kəndlərində yerləşən kitabxana binalarının divarlarında da çatlar yaranıb”.
İcra nümayəndəsi onu da qeyd edib ki, hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəlzələ nəticəsində dəymiş ziyanın dəqiqləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə bildirib ki, sentyabrın 4-də Şəkidə baş vermiş zəlzələ nəticəsində Şəki şəhərində 2, Qaratorpaq kəndində 4 fərdi ev, Turan qəsəbəsində, Bolludərə, Qaratorpaq, Sarıca kəndlərində uşaq baxçaları, Oxud kəndində ümumi orta məktəb binası qəzalı vəziyyətə düşüb. Nazirlik sözçüsü qeyd edib ki, hazırda aidiyyati dövlət qurumları tərəfindən zəlzələ nəticəsində d’ymiş ziyanın dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Qeyd edək ki, sentyabrın 4-də yerli vaxtla saat 09:49-da Şəki rayonunun cənub-şərqində, Şəkinin Oğuz rayonu ilə sərhəddinə yaxın olan ərazidə 7 bal gücündə zəlzələ baş verib.
2086 dəfə oxundu