Səbinə Əliyevanın tənqid olunan videosuna açıqlama gəldi: “Montajdır...”
Ombudsman Səbinə Əliyevanın görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Söhbət onun iş yerindən çıxaraq Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət etməsini əks etdirən videorolik hiddətlə qarşılanıb.
Belə ki, videoda Ombudsmanın mühafizəçilərinin, çanta daşıyan, avtomobilin qapısını açan, gül daşıyanın olması diqqət çəkib. Sözügedən videorolik sosial şəbəkələrdə tənqidlərə səbəb olub.
Səsləndirilən fikirlərə Ombudsmanın özünün münasibəti necədir?
Mediada və sosial şəbəkələrdəki suallara Ombudsman Aparatından cavab gəlib. Aparatın mətbuat katibi Emil Şahzadə Cebhe.info-nun suallarını cavablandırıb. Verilən məlumatda bildirilib ki, həmin videoçarxın hazırlanması Ombudsman Aparatına aid deyil:
“Bu, ayrı-ayrı vaxtlarda çəkilən videolardır, montaj olunub. Burada hətta birinci hissədə baxa bilərsiniz ki, geyim tamam fərqlidir. Bu, heç bir tanıtım, reklam xarakteri daşımır və bizim təşəbbüsümüz deyil. Yəni ki, bizim quruma heç bir aidiyyəti yoxdur. Bəzən şəhid ailələri ziyarət olunur, uşaq və qocalar evlərində görüşlər keçirilir, amma bunların heç birinin paylaşılmasına Səbinə xanım razılıq vermir. Bu, bizim həm insanlıq, həm vətəndaşlıq, həm də səlahiyyətli şəxs olaraq borcumuzdur. Ombudsman getmək səlahiyyəti olduğu müəssisələrə xəbərdarlıq olmadan gedir. Orada nə nöqsan, çatışmazlıqlar varsa, hamısını qeydə alır. Daha sonra aidiyyəti üzrə tədbirlər görülür. Sadəcə paylaşılmağını xoşlamır. Səbinə xanım vətənpərvər insan olaraq Səhidlər xiyabanı, Fəxri xiyabanın daim ziyarət olunmasını da diqqətdə saxlayır. Ötən günlərdə də mən də daxil olmaqla Fəxri xiyaban və Şəhidlər xiyabanına ziyarətə getdik, amma bunu xəbərlərdə gördünüzmü? Yox! Bu da Səbinə xanımın çox sadə bir insan olduğuna sübutdur”.
Emil Şahzadə qeyd edib ki, Ombudsman həmişə insanların problemlərini, qayğılarını düşünür:
“O, işə piyada gedib-gəlir, amma rəsmi tədbirlərə təbii olaraq protokola uyğun xüsusi qaydada- avtomobillə gedib-gəlməlidir. Kişi olan yerdə gərək ki, qapını o kişi açsın. Bunu hər birimiz bilirik. Bunu hər hansı tədbirə gedəndə, ən siravi insanda belə görə bilərik. Burada heç bir qeyri-adilik yoxdur”.
Aparatdan verilən məlumatlarda həmçinin görülən işlərdən də danışılıb: “Təkcə paytaxt və regionlarda istər səyyar, istər canlı görüşlər zamanı Ombudsman 3 644 vətəndaşı qəbul edib. Onların problemlərinin həlli istiqamətində göstərişlər verib və bununla bağlı müvafiq tədbirlər görülüb”.
1451 dəfə oxundu