İcra başçısı Ələsgərli kəndindən olan şəhid ailələri ilə görüşüb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ələsgərli kəndində şəhid Şahbazov Ruslan Mahir oğlunun və şəhid Qasımov Azər Yaqub oğlunun ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlardan, bu təxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusunun şəhidlər verməsindən söhbət açıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər kimi yenə də Azərbaycan əsgəri düşmənə layiqli cavablar verir. İcra başçısı 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən də söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır.
Qeyd edək ki, şəhid Şahbazov Ruslan 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri kimi Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda döyüşüb. O, 2020-cil sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Ələsgərli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ruslan Şahbazov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qasımov Azər Yaqub oğlu isə 1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub.
Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
O, ailəli idi, 4 övladı yadigar qalıb.
Şəhid valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.
546 dəfə oxundu