Tofiq Musayev: "Bəzi dövlətlər regiona olan məkrli maraqlarını artırıblar"

Tofiq Musayev: "Bəzi dövlətlər regiona olan məkrli maraqlarını artırıblar"
Bəzi dövlətlər Cənubi Qafqaz regionuna olan məkrli maraqlarını artırıblar.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev qurumun Təhlükəsizlik Şurasının "Münaqişələrin qarşısının alınmasının təbliği - qadınlar və gənclər daxil olmaqla bütün aktorların gücləndirilməsi" mövzusunda keçirilən açıq debatda çıxışı zamanı deyib.

O söyləyib ki, regionda davamlı sülhün yaranması üçün Ermənistan öz beynəlxalq öhdəliklərinə ciddi əməl etməli, ərazi iddialarından və dezinformasiya yaymaqdan əl çəkməlidir: "İrəvan hərbi təcavüz və işğal nəticəsində Azərbaycana vurduğu zərəri aradan qaldırmalı və dövlətlərarası münasibətlərin normallaşdırılması prosesində məsuliyyətlə iştirak etməlidir”.

Bölgədə baş verən hadisələrin tarixinə toxunan T.Musayev xatırladıb ki, beynəlxalq ictimaiyyət ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün və bunun nəticəsində ərazilərinin işğalının, İrəvanın həyata keçirdiyi etnik təmizləmənin, evlərin dağıdılmasının və mədəni irsinin məhv edilməsinin qarşısını ala bilməmişdir: "BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri 27 il ərzində icra olunmamışdır”.

Diplomat əlavə edib ki, təcavüzkar tərəfindən törədilmiş sistematik vəhşiliklərinin cəzasız qalması və regional təşkilat çərçivəsində aparılmış danışıqlar prosesinin effektiv vasitəçiliyinin hamılıqla qəbul edilmiş prinsiplərindən aşkar yayınılması münaqişənin uzanmasına və onun hərbi, humanitar və iqtisadi fəsadlarının kəskinləşməsinə şərait yaradıb: "Azərbaycan öz torpaqlarını işğaldan azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa edərək zorakı separatizm təhlükəsini aradan qaldırdıqdan sonra, onilliklər ərzində təcavüz nəticəsində öz yurd-yuvasından didərgin salınmış yüz minlərlə azərbaycanlının insanın haqlarının və beynəlxalq hüququn kobud şəkildə pozulmasına göz yummuş bəzi dövlətlər regiona olan məkrli maraqlarını artırmışdır”.

T.Musayev Azərbaycanın qadınları sülh, təhlükəsizlik gündəliklərinə və qadınların, gənclərin prosesdə tam, bərabərhüquqlu və məzmunlu iştirakına xüsusi əhəmiyyət verdiyini vurğulayıb: "Biz Azərbaycan qadınlarının BMT-nin sülhməramlı fəaliyyətinə və münaqişədən sonrakı milli minatəmizləmə və inkişaf səylərinə töhfələri ilə fəxr edirik.

Qeyd olunan gündəliklər məcburi köçkünlərin öz doğma yerlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı yenidənqurma işləri kontekstində də ölkəm üçün xüsusi əhəmiyyət kəsb edir. Münaqişədən təsirlənmiş və münaqişədən sonra sülh quruculuğu, reabilitasiya və minalardan təmizləmə ilə məşğul olan dövlətlərə dəstək və onlarla həmrəylik BMT-nin və bütün beynəlxalq ictimaiyyətin prioritet və mühüm öhdəliyidir və belə də qalmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
685 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...