Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər


Mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
GUNDEMINFO.AZ xəbər verir ki, əvvəlcə dövlət başçısı mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident, əziz dostum.
Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.
Bizim Prezident Radevlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.
Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.
Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.
Bu gün biz bir layihəni də müzakirə etdik, o da yaşıl enerji kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm.
Bir önəmli istiqamət isə nəqliyyatla bağlıdır. Bu da müzakirə edildi. Mən Prezident Radevə məlumat verdim ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.
Bir sözlə, hesab edirəm ki, artıq bugünkü səfərin nəticələri haqqında danışmaq olar. Nəticələrdən biri odur ki, strateji tərəfdaşlığımızın artıq gücləndirilmiş versiyası rəsmən qəbul edilib, təsdiqlənib. Bütün qeyd etdiyim və bir neçə başqa məsələ ilə bağlı da bizim fikir ayrılığımız yoxdur. Bizim məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir.
Hörmətli cənab Prezident, bir daha Sizi salamlayıram və Sizə xoş səfər arzulayıram.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
435 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...