"Deyirdi ki, Mövlam Şıxəliyev üçün göydə Allah, yerdə Eldar Mahmudovdur..."

"Deyirdi ki, Mövlam Şıxəliyev üçün göydə Allah, yerdə Eldar Mahmudovdur..."
Dekabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Qandalsız məhbuslar

Yeniavaz.com Toplum TV-yə istinadla xəbər verir ki, Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalına gətirilən məhkum olunmuş şəxslərin qoluna qandal vurulmur.

Artıq üçüncü dəfədir ki, keçirilən ilkin iclasda hakim İlqar Murquzov məhkum olunmuş şəxslərə və zərərçəkənlərə hüquqlarını izah edib.

“Akula Akif”in tələbi...

Ötən məhkəmə iclasında məlum olub ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edir. “Akula Akif” ləqəbli Akif Mustafayevin Mövlam Şıxəliyev və digərilərinin işinə aidiyyəti məsələsi yenə açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.

“Həmin vaxt Mövlam Şıxəliyev harada idi?”

Məhkəmə iclasında Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov Baş Prokurorluğun iş üzrə verdiyi protestə etirazını bildirib. Deyib ki, Mövlam Şıxəliyevin və ailə üzvlərinin üzərinə həbs qoyulan, xüsusi müsadirəyə götürüləcək əmlaklar bir əsrə yaxındır ki, Şıxəliyevlərdədir: “Həmin əmlaklar vərəsəlik qaydasında Mövlam Şıxəliyev və ailə üzvlərinin sərəncamına keçib. Protestə yazıblar ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub. Həmin əmlak 1947-ci ildə əldə olunub. Həmin vaxt Mövlam Şıxəliyev harada idi? Bu qədər qərəz olmaz”.

Ceyhun Yusifov məhkəməyə Mövlam Şıxəliyevin ailə üzvləri – həyat yoldaşı Aybəniz Şıxəliyevanı, qızı Samirə Şıxəliyevanı və oğlu Elgün Şıxəliyevi təmsil etməsi barədə sənədləri də təqdim edib. O, prosesin tam olaraq məhkəmə istintaqı ilə aparılmasına dair vəsatət verib.

Mövlam Şıxəliyevin digər vəkili Arzu Cavadov da vəsatət verib. O, Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaq İdarəsinin müstəntiqi olmuş Mehdi Mirzəyevin iş üzrə şahid qismində dindirilməsini xahiş edib. Vəkil vəsatətini belə əsaslandırıb ki, 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra MTN vəzifəlilərinin cinayət işi üzrə istintaq başlanıb. Mehdi Mirzəyev istintaq aparan qrupa rəhbərlik edib. Mehdi Mirzəyev 5 ildən artıq istintaq aparandan sonra belə qənaətə gəlib ki, Mövlam Şıxəliyev və digərləri ittihamlar üzrə gühankar deyil. Buna görə də işə xitam verib. Bundan başqa iş üzrə zərərçəkən Əfsəl Həsənəliyevin prezidentə şikayətinə əsasən Dövlət Təhlükəsizliyi Xidməti 2019-cu ildə cavab məktubu yazıb. Həmin məktubda da Mövlam Şıxəliyevin günahsız olduğu göstərilib.

Mövlam Şıxəliyev: “Hakim dedi, günahınız yoxdur, amma...”

Mövlam Şıxəliyev vəkillərinin verdiyi vəsatətlərin təmin edilməsini xahiş edib. Deyib ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev proses zamanı ona yaxınlaşıb, onun və digər təqdirləndirilənlərin gühansız olduğunu deyib:

“Elbəy Allaverdiyev dedi ki, bəraət üçün hüquqi problem yoxdur, mən bu işi məruzə etməliyəm. Məhkəmədən sonra vəkilim Arzu Cavadova bildirib ki, mənə məruzə etməyə imkan vermədilər. Bu, onu göstərir ki, mən sifarişlə həbs olunmuşam”.

“Yalan danışır, bizə də böhtan atır”

Zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov vəsatətlərə münaisbət bildirərkən deyib ki, məhkəmənin qismən istintaqla aparılmasına dair vəsatət təqdim edəcək. Vəkil isitntaq qrupunun rəhbəri Mehdi Mirzəyevin məhkəməyə gəlməsinin də lüzumsuz olduğunu diqqətə çatdırıb. Bildirib ki, istintaq zamanı gəlinən qənaətlər sonradan ləğv oluna bilər.

Zərərçəkən Hüseyn Səfərov Mövlam Şıxəliyevin vəkillərinin vəsatətlərinin təmin olunmamasını istəyib.. Mövlam Şıxəliyevi ona böhtan atmaqda ittiham edib:

“Əlimdə 30-a yaxın evlərinin, villalarının çıxarışları var. Özüm sorğu verib almışam. Yalan danışır, bizə də böhtan atır”.

Qarğış yağışı

Məhkəmə zalında ara qarışıb, zərərçəkmişlər dayanmadan təqsirləndirilən şəxslərin ünvanına bəddualar ediblər. Zərərçəkmiş Zaur Əliyevsə bunları deyib: “Bu adamlar biz 36 zərərçəkəni ayrı-ayrılıqda, eyni qaydada girov götürüblər, əvvəlcədən uydurduqları ittihamlarla həbsxanaya salıblar. “Cənabın göstərişidir, 100 mindən aşağı almaq olmaz” deyib ailələrimizdən pul almayınca, kimsəni azad etməyiblər. Bizləri azad edəndə saxta ekspertiza rəyləri alıblar. 100 min verməyəni qapıdan çölə buraxmayıblar. Hamını da eyni şəkildə girovluqdan azad ediblər. Cinayət işi daha ağır maddələrə tövsif olunmalıdır”.

“Deyirdi göydə Allah, yerdə Eldar Mahmudov...”

Zərərçəkmiş Hüseyn Səfərov təqsirləndirilən şəxs Sahib Ələkbərovdan danışıb: “Deyirdi, hər şeyi açıb məhkəmədə söyləyəcək. Ancaq susdu. Deyirdi ki, Mövlam Şıxəliyev üçün göydə Allah, yerdə Eldar Mahmudovdur. Səsləri var. Qoyacağam ortaya. Mən hələ də övladlarımla kirayələrdə sürünürəm. Hər şeyimi əlimdən alıb, özümü də xirtdəyədək borclandırıblar.

Sahib Ələkbərov: - Çıxart qoy, mən elə söz deməmişəm.

Zərərçəkmiş: - Kişisən də, dur, düzünü danış. Mövlam Şıxəliyev, sən də ...sən (təhqirlər redaktə olunub).

Mövlam Şıxəliyev: - Otur aşağı.

Zərərçəkmiş: - ..., dur da, dur düzünü danış, cinayətlərini etiraf et. Hakim: - Əyləş.

Tərəflərin bir-birlərinə təhqir, bəddua etmələri müşayiəti ilə, nəhayət, hakim vəsatətlərə qiymət verilməsi üçün müşavirəyə yollandı. Növbəti məhkəmə iclasını isə dekabrın 13-nə təyin etdi.

Tarixçə

Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm sentyabrın 21-də, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi də alınıb. Onun tabeliyində işləmiş hər 3 polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə dövründə azadlıqda olan hər 3 polkovnik hökm elan olunanda məhkəmə zalında həbs olunublar. Hökmdə sabiq MTN-çilərin əmlaklarının müsadirəsi məsələsi də yer alıb. Mövlam Şıxəliyevin özü və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına 7 milyon manatdan çox dəyəri olan əmlaklar müsadirə olunub. Onların arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Maraqlıdır ki, Mövlam Şıxəliyevlə bərabər onun ailə üzvləri də hökmdən apelyasiya şikayəti veriblər. Onlar müsadirə olunan əmlakları geri tələb edirlər. İddia edirlər ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunmayıb. Şıxəliyevin ailə üzvləri çoxsaylı əmlakların onlara yaxın qohumları tərəfindən bağışlandığını qeyd etməklə geri almaq niyyətlərini apelyasiya şikayətlərində qeyd ediblər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...