Səttar Bəhlulzadənin əsərlərini “eBay”də 18 milyona satışa çıxaran şəxs danışdı

Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərinin “eBay” internet mağazasında satışa çıxarılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi həmin əsərlərin ölkədən kənarda satılmasını tənqid ediblər. Əsərlərin nə zaman və hansı şəkildə həmin şəxslərin əlinə keçməsi insanlarda bir sıra cavabsız suallar yaradıb.
Çaşqınlıq yaradan sualları aydınlaşdırmaq üçün kiçik bir araşdırma etdik. Bəlli oldu ki, S.Bəhlulzadənin rəsmlərini onlayn mağazalarda “Tolga & Sons Art Gallery” şirkəti satışa çıxarıb. Sözügedən şirkət türk incəsənət kolleksiyaçıları tərəfindən təsis olunub və hazırda da bu sahədə fəaliyyətini davam etdirir.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan “Tolga & Sons Art Gallery”nin təsisçisi Tolga Oğuzun oğlu və hazırki sahiblərindən biri Deniz Bülent Tolga bildirib ki, o, uzun müddətdir belə əsərləri toplamaqla məşğuldur:
“1989-1990-cı illərdən bəri dünyanın hər yerindən alırıq. İsveçrədən, Amerikadan, İngiltərədən, Moskvadan, - bir çox yerdən almışıq”.
Səttar Bəhlulzadənin əsərlərini “eBay”də 18 milyona satışa çıxaran şəxs danışdı

D.Tolga vurğulayıb ki, rəsmləri onlara erməni rəssamların əsərləri adı ilə satıblar:
“Biz bunları erməni və sovet rəssamı adı ilə almışıq. Biz aldıq, dedik ki, xeyr, bunlar erməni deyil, bunlar türkdür. Satın alıb dünyada adlarını qorumağa çalışdıq. Biz Azərbaycan öz rəsmlərinə qovuşsun deyə çalışırıq. Bu kolleksiyanı Azərbaycan üçün hazırlayırıq. Kaş ki, bir nəfər sahib çıxa, 40 ildir heç kim sahib çıxmır. İndi hər kəs məni tənqid edir ki, bunlar niyə Türkiyədədir. Çünki mən sahib çıxdım. Burdakı türk, azərbaycanlı iş adamları bizdən alırlar”.
Kolleksiyaçının sözlərinə görə, o, bu günə qədər Səttar Bəhlulzadənin iki əsərini satıb:
“Qiymətləri çox yüksəkdir. Səttar bəyin sadə yağlı boya işinin qiyməti təxminən 300 min dollardan başlayır, 500-600 min dollara qədər dəyişir. Mənim əlimdə 1200 ədəd rəsm var, uzun müddətdir toplayıram. Özüm bu mövzuda ən önəmli ekspertlərdənəm. Məndən çıxan rəsm, mənim qoyduğum qiymət əsla yanlış olmaz. Heç kimdə Səttar Bəhlulzadənin əsərləri yoxdur, qalmayıb, qiymətləri mən müəyyənləşdirirəm”.
Səttar Bəhlulzadənin əsərlərini “eBay”də 18 milyona satışa çıxaran şəxs danışdı
O, Heydər Əliyev Fondu ilə əlaqələrindən də bəhs edib:
“Biz 2013-cü ildə Heydər Əliyev Fonduna da çox önəmli kolleksiya satdıq. 1068 rəsm satdıq, 68-ni mən hədiyyə etdim, 1000 ədədini də sevərək aldılar. Sizin muzeylərinizdə, özəl muzey binası yaratdılar, orada sərgilənir”.
D.Tolga qeyd edib ki, tanınmış şəxslərə də əsərlərdən satıb:
“İstanbulda çevrəm çox genişdir, bir çox aktyor, aktrisalar var. Məsələn, Səttar Bəhlulzadənin əsərlərindən birini 25 min dollara Burcu Esmersoya (türkiyəli tanınmış aparıcı və aktirsa – red.) satmışam. Bu yaxında birini də hədiyyə edəcəyəm və ya satacağam”.
Həmsöhbətimiz sosial şəbəkələrdə məşhur olan 18 milyonluq əsərlərdən də bəhs edib:
“18 milyonluq olanlar bir kolleksiyadır. 650 ədəd Səttar Bəhlulzadə kolleksiyası. Məndə toplam 1200 ədəd Azərbaycan rəsmi var. Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Hafiz Zeynalov, Tağı Tağıyevin əsərləri. Biz Böyükağanın İstanbuldakı ilk böyük sərgisini keçirdik. Özü bizə zəng etdi, çox duyğulandı, ağladı, “mən İstanbuldakı sərgimə gəlmək istəyirdim, amma xəstəyəm” dedi, sonra da dünyasını dəyişdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...