Azərbaycanda xarici müxbirlərin elektron akkreditasiya qaydası müəyyənləşib
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Kollegiyası “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib. APA-nın məlumatına görə, reqlament xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət barədədir.
XİN tərəfindən göstərilən bu elektron xidmət (http://mfa.gov.az/content/890) Azərbaycan Respublikasında jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələrinin müxbir və operatorlarının akkreditasiyası üçün elektron qaydada müraciətlərin və sənədlərin qəbul edilməsini, baxılmasını və baxılmanın nəticəsindən asılı olaraq akkreditə edilməsini və ya akkreditədən imtina olunmasını əhatə edir. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin surətləri elektron formada təqdim olunmalıdır. Bu sənədlərin siyahısına xarici müxbirlərin təmsil etdiyi kütləvi informasiya vasitəsi rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu, ərizə-anket, iki ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə), xarici müxbirlərin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici müxbirlər Azərbaycan Respublikasının vətəndaşlarıdırsa, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin) surəti, xidməti vəsiqənin surəti və tərcümeyi-hal daxildir.
Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanında (http://mfa.gov.az/content/890) real vaxt rejimində doldurulur və bu reqlamentin göstərilən sənədlər ərizəyə əlavə edilərək həmin internet ünvana təqdim edilir. Xarici müxbirlərin akkreditasiyası üçün müraciətlərə qeyd olunan sənədlər elektron qaydada təqdim edildikdən sonra 30 gün ərzində baxılır. İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentə uyğun olduqda sorğu qəbul olunur. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir .
İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir. Xarici müxbirlərin akkreditasiyası üçün elektron qaydada daxil olmuş ərizənin düzgün doldurulması nazirliyin mətbuat xidmətinin məsul əməkdaşı tərəfindən yoxlanılır. Yoxlamanın nəticəsindən asılı olaraq, sorğunun icraya qəbul olunması və ya icradan imtina edilməsinə dair qərar qəbul olunur. Sorğu icraya qəbul olunduğu təqdirdə, həmin sorğuda qeyd olunan məlumatlar əsasında araşdırmalar aparılır. Sorğunun icrası üçün nazirliyinin mətbuat xidmətinin rəhbəri və ya onu əvəz edən şəxs məsuliyyət daşıyır.Xarici müxbirin akkreditə edilməsi barədə qərar qəbul edildikdə, nazirliyin mətbuat xidməti tərəfindən xarici müxbirə bu məqsədlə veriləcək akkreditə kartının hazırlanması, verilməsi və qeydiyyata alınması təmin edilir.
Akkreditə edilməsi sorğu olunan xarici müxbirlə bağlı saxta və ya yanlış məlumat təqdim edildikdə, xarici KİV nümayəndələri Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər etdikdə, xarici KİV nümayəndələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə həmin xarici müxbirin akkreditə edilməsindən imtina olunur. Sorğunun baxılmasının nəticəsi barədə istifadəçiyə məlumat verilir.
Araşdırmaların nəticəsindən asılı olaraq, xarici müxbir akkreditə edildikdə, istifadəçiyə elektron poçt vasitəsilə akkreditə kartının veriləcəyi yer və tarix barədə məlumat verilir. Akkreditə edilmiş xarici müxbirlər akkreditə kartını nazirlikdən şəxsən təhvil alırlar. Akkreditə edilmədən imtina olunduğu hallarda imtinanın səbəbləri barədə istifadəçiyə elektron poçt vasitəsilə dərhal məlumat verilir. İstifadəçi elektron xidmətlə bağlı razılaşmadığı istənilən məsələ barədə inzibati qaydada və Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyinə əsasən məhkəməyə şikayət verə bilər.
1449 dəfə oxundu