Tərtərdə Narkomaniya ilə mübarizə tədbiri - FOTOLAR
Tərtərdə Narkomaniya ilə mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılmasına həsr olunan təlim keçirilib.
Tərtərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılmasına həsr olunan təlim keçirilib.
Tədbirdə Daxili İşlər, Səhiyyə və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının üzvləri, orta təhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar və tibb işçiləri iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov tədbiri açaraq, yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması istiqamətində rayonda görülən işlər barədə məlumat verib, narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması üçün təlimçilərin hazırlanmasının əhəmiyyətini vurğulayıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev bildirib ki, narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin müddəalarının əhaliyə izah edilməsi, həmçinin digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulub və bu sahədə bütün imkanlar səfərbər edilməlidir.
Tədbirdə çıxış edən Dövlət Komissiyası İşçi Qrupunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Respublika Narkoloji Mərkəzin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Tərtər rayon Təhsil Şöbəsinin əməkdaşları narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, narkomanlığa qarşı mübarizə sahəsində keçiriləcək maarifləndirmə tədbirlərində ictimaiyyət nümayəndələrinin, din xadimlərinin, idmançıların iştirakı təmin olunmalı, təhsil müəssisələrində geniş təbliğat işləri aparılmalı, şəhər və rayonlarda asudə vaxtın təşkili məsələlərinə diqqət artırılmalı, gənclər evlərinin, idman, mədəniyyət, incəsənət müəssisələrinin, ailələrə və uşaqlara dəstək mərkəzlərinin fəaliyyəti gücləndirilməlidir.
Tədbirin sonunda iştirakçılara narkomanlığa qarşı hazırlanmış məlumat kitabçaları və video-disklər paylanılıb.
997 dəfə oxundu