Nazirlik 4 uşağı övladlığa verib, 26-sı isə geri qaytarılıb
Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən 15 nəfər Təhsil Nazirliyində valideyn himayəsindən məhrum olmuş uşaqları övldalığa götürməyi arzu edən şəxs kimi qeydiyyata alınıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında yer alıb.
Qeyd edilib ki, onlardan 10 nəfəri nazirlik sistemində övladlığa verilməsi nəzərdə tutulan və mərkəzləşdirilmiş qaydada qeydiyyatda olan uşaqlarla bağlı seçim edib, 2016-cı ildə Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 8-16 yaş arası 1 nəfər oğlan, 3 nəfəri isə qız olmaqla 4 nəfər sağlam uşaq övladlığa verilib.
Valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 28 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə bioloji ailələrin və yaxın qohumların ailələrinə qaytarılıb. İki nəfər uşağın belə müəssisələrə düşməsinin qarşısı alınıb.
Hesabatda vurğulanıb ki, 14 internat məktəbində təlim-tərbiyə alan 3911 uşaqdan 771 müəssisədə gecələyir, 3140 uşaq isə müəssisənin yalnız təhsil və gündəlik xidmətlərindən istifadə edir. Həmin müəssisələrdə təlim-tərbiyə alan şagirdlərdən 2853 nəfərinin (72,9%) hər iki valideyni var. Tək valideyni olanlar 967, hər iki valideynini itirmiş və yaxın qohumlarının himayəsində olanlar 89, tam kimsəsiz olub müəssisəsinin himayəsində olanlar 2 nəfərdir.
Nazirliyin hesabatında vurğulanıb ki, indiyədək respublikadakı sağlamlıq imkanları məhdud uşaqlardan 9355 nəfəri evdə, 2558 nəfəri isə xüsusi məktəblərdə, 2725 nəfəri xüsusi internat məktəblərində təhsilə cəlb olunub. 2016-cı ilin may ayından pilot inklüziv məktəblər (138,220,202,252) hər birində 2 sinif olmaqla sağlamlıq imkanları məhdud olan 4 uşağı birinci sinifə qəbul edib.
Hal-hazırda cəmi 24 (1 və 2 sinif) pilot məktəblərdə inklüziv təhsilə cəlb olunub. Uşaqların məktəbə qəbul edilməsi üçün may-sentyabr aylarında ümumilikdə 87 uşaq qiymətləndirilib ki, onların da 15-i ümumtəhsil məktəblərinə, 56-sı xüsusi təhsil məktəblərinə, 16-sı isə inklüziv məktəblərə cəlb olunub.
2016-2017-ci tədris ilində müəllimlərin xüsusi təhsil sahəsində təcrübəsi olmadığından yalnız yüngül intelektual, psixi pozuntusu, fiziki yaxud sensor məhdudiyyəti olan 16 nəfər sağlamlıq imkanları məhdud uşaq hədəf məktəblərə cəlb olunub.
Sonraki tədris illərində tədricən orta və ağır məhdudiyyətləri olan uşaqların inklüziv təhsilə cəlb olunmasına dair layihələr tətbiq ediləcək.
754 dəfə oxundu