Evsiz jurnalistlərə şad xəbər : Üçüncü bina da tikilir
Bakının Bibiheybəıt qəsəbəsində jurnalistlər üçün tikilmiş ikinci bina bu il iyulun 22-də istifadəyə veriləcək. Mayın 22-dən iyunun 22-dən mənzil almaq istəyən jurnalistlərdən elan olunmuş şərtlərə uyğun olaraq sənəd qəbulu həyata keçirləcək.
Bu arada Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov evsiz jurnalistlərə daha bir ümid verib. Avropa.info xəbər verir ki, Ə.Amaşov “Yeni Müsavat” qəzetinə müsahibəsində 3-cü binanın da tikilə biləcəyini söyləyib:
“Binadakı mənzillərin verilməsi üçün əvvəlcə jurnalistlərin siyahıları hazırlanır təqdim olunur Prezident Administrasiyasına. Əsas məsələlər Prezident Administrasiyasında müzakirələr zamanı həllini tapır. Birinci binanın jurnalistlərə verilməsi üçün sənədlərin toplanması Mətbuat Şurasına həvalə olunmuşdu. Mətbuat Şurası həmin günləri gecə-gündüz işlədi. Elə vaxtlar olurdu ki, mən gecə saat 2-yə qədər işləyirdim. Evlərin bölünməsi də çox uğurlu oldu. Cənab prezident Ali Neft Məktəbinin binasının açılışında da jurnalistlərin binasını göstərib dedi ki, bax bu binanı da jurnalistlərə tikib vermişik və çox şəffaf bölgü oldu, püşklə həyata keçirildi bölgü. Bu, həmin fəaliyyətə verilən böyük qiymət idi…
…Şübhəsiz ki, yenə obyektivlik olacaq. İnanıram ki, bu sonuncu tikilən bina olmayacaq….
…Mən öz fəaliyyətim haqqında nəsə demək istəmirəm, ancaq mənim üçün çox xoşdur ki, bu məsələni mən xahiş kimi qaldırdım və cənab prezident çox böyük addım atdı. Cənab prezidentlə görüşdə müəyyən məsələlərdən danışdıq. Eyni zamanda jurnalistlərin sosial durumunda hansı problemlərin olması ilə prezident maraqlandı. Bir sıra jurnalistlərin evsiz olduğu, kirayələrdə, yataqxanalarda qalması haqqında söhbət gedəndə təkliflərimiz oldu. Cənab prezident məsələyə çox diqqət və qayğı ilə yanaşdı. Məhz həmin gün cənab prezident birinci binanın tikilməsi ilə bağlı sərəncam imzaladı. Tezliklə binanın yeri müəyyənləşdi və tikinti başlandı. Bu evlər Azərbaycan prezidentinin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hələ iki bina tikilib. Ola bilsin ki, üçüncü bina da tikilsin. 156 mənzil birinci binada verildi, 255 mənzil ikinci binada veriləcək. Əmin olmaq istəyirəm ki, üçüncü bina da olacaq…”.
814 dəfə oxundu