“İlhamə bir ildir ki, məndən aliment alır“ - Flora Kərimova
Xalq artisti İlhamə Quliyevanın küsülü həmkarı xalq artisti Flora Kərimova haqqında səsləndirdiyi fikirlər tərəflər arasında gedən illərin soyuq müharibəsini daha da alovlandırıb
Qeyd edək ki, İ.Quliyeva Flora Kərimova haqqında belə deyib ki, Flora ona məhkəməni uduzub və üç min manat cərimə olunub. O, həmin cəriməni həmkarına bağışlamaq fikrindən vaz keçib və Flora Kərimovaya ağlına dua yazdırmağı məsləhət görüb.
GUNDEMİNFO.AZ xəbər verir ki, Publika.az-a müsahibə verən xalq artisti Flora Kərimovanın qarşı tərəfə cavabı özünü çox gözlətməyib.
- Flora xanım, biz sizin taclı primadonna İlhamə Quliyeva ilə barışığınızı gözləyirdik, amma gözlədiyimizin tam əksi oldu...
- Ay qızım, o qadın tez-tez televizora çıxıb tacından, özünəməxsus ifadələrdən danışır. Deyir ki guya “canım mənim”, “həyatım” kəlməsini ilk dəfə o işlədib. İlhamənin gedib-gələn nəfəsi də yalandı. Yalan söhbətdir, bu ifadələr bizə türklərdən keçib. Qaldı ki, tac məsələsinə, ilk dəfə tacı 1965-ci ildə mən taxmışam. Tacla olan şəkillərim də var. İlhamə özü də bunu yaxşı bilir ki, tacı Azərbaycanda ondan qabaq mən taxmışam, indiyə qədər bunu dilimə belə gətirməmişəm. Sadəcə olaraq, o, bunu həzm edə bilmədiyi və rahatsız olduğu üçün tacı özününküləşdirir. Mən dinmədim, o da buna nail oldu.
- Siz də mətbuatda nə demisinizsə, İlhamə Quliyeva qəzəblənib və deyib ki, sizin ona olan 3 min manatı bağışlamaq istəyirmiş, amma indən belə qəpiyinəcən alacaq…
- Bu, İlhamənin utanmadan növbəti yalanıdır. Onsuz da İlhamə bir ildir ki, məndən aliment alır. Mənim təqaüdüm çox azdır və ildə ona 50-60 manat pul ödənilir. Ya onun ömrü çatmayacaq, ya da mənim ki, bu pulu axıracan alsın. Onun gözü elə yolda qalacaq. Çox şeyi özünə sığışdıran İlhamə bu “qırnıq-qırnıq” pulu da özünə sığışdırıb alır.
- İlhamə Quliyeva deyib ki, qəpiyinə kimi həmin məbləği ondan alacam, hələ onun canını da alacağam, gözünü də çıxardacağam...
- Qaldı ki, onun mənim gözümü çıxarmağına, başımı yarmağına - hələ buna baxarıq. İndiyə qədər bacardımı ki, indən belə bacarsın. Gəl, çıxart gözümü, görüm necə çıxardırsan? Elə sözlər deyə-deyə də özünü gözdən salır.
Bir də eşitdim o, mənim barəmdə deyib ki, Flora getsin ağlına dua yazdırsın. Mənim ağlım hələ ki başımdadır. Millət özü yaxşı görür ki, kimin ağlına dua yazılmalıdır - onun, ya mənim. İlhamə işlətdiyi nalayiq ifadələrlə öz tərbiyəsini, insani məzmununu, mədəniyyətini göstərib. Mən bu tərəfdən də onun kimliyini kəşf etdim.
- Flora xanım, İlhamə Quliyeva anasının ruhuna and içib ki, sizin övladlarınız barədə artıq-əskik heç nə deməyib.
- Deyib. Oğlumun da, qızımın da haqqında xoşagəlməz sözlər danışıb, amma mən bu barədə heç nə demək istəmirəm. Sonda universitetin 2-ci kursundan qovulan İlhaməyə məndən bir məsləhət: “Xalqın gözü tərəzidir" deyib özünü tərifləyəndə, xalqın sənin haqqında yazdıqlarını yadına sal. Dediyin sözləri süzgəcdən keçir və sonra “mənəm-mənəm” de.
- İlhamə xanım onu da deyib ki, bir siz qalasınız, bir o, heç vaxt sizinlə barışmayacaq...
- Yoxsa mən onunla barışmaqdan ötrü məəttələm. Onunla barışan var? Əslində o özü mənimlə barışmaq arzusundaydı, məndən reaksiya görməyib əsəbiləşdi.
1590 dəfə oxundu