İlhamə Quliyevanın keçmiş köməkçisindən SENSASİON AÇIQLAMA
İki gün öncə xalq artisti İlhamə Quliyeva mətbuat konfransı keçirərək keçmiş köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) barədə ilginc faktlar açıqlamışdı.
Şübhəsiz ki, həmin tədbirdə ən diqqətçəkən məqam xalq artistinin təqdim etdiyi videogörüntü idi. Sözügedən videogörüntüdə M.Hüseynova İ.Quliyevanın qarşısında diz çökərək bağışlanmasını istəyir.
Dünən isə M. Hüseynova Ölkə.az-la əlaqə saxlayaraq sualları cavablandırıb.
- Mehriban xanım, görüntülərdə diz çöküb bağışlanmağınızı istəyirsiniz.
- Oktyabrın 2-də İlhamə Quliyeva mənə xəsarət yetirdi. İki gün sonra məni aldadıb şirin dillə evinə dəvət elədi. İnandım və onun evinə tək getdim. Mən içəri girən kimi qapını bağladılar, əlaltıları təzyiq göstərdilər, qorxutdular, vahiməyə düşdüm. Oğlu Orxan və Orxanın dostu Vüqar məni namusumu ləkələməklə hədələdilər və bildirdilər ki, sən diz çöküb bu sözləri deməlisən.
- Əlaltıları deyərkən, kimləri nəzərdə tutursunuz?
- Orxan, Vüqar, Faiq Ələkbərli, Kəmalə Rüstəmova...
- Kəmalə Rüstəmova kimdir?
- O, mənim tanışım, rəfiqəm idi. İlk dəfə mənə xəsarət yetirib gecəyarı evimə yola salanda evdə Orxan, Vüqar və özü idi.
- Bildirdiniz ki, Kəmalə sizin rəfiqəniz idi. Niyə bu məsələdə sizin yox, İlhamə Quliyevanın yanındadır?
- Kəmalə barədə yenə də pis heç nə demirəm. Məni çağırdığı vaxt Kəmaləni də çağırmışdı ki, hər şeyi bağışlayaq. Kəmalə ilə əlaqə saxladım.
- Deyəsən sonra sizi və Kəmalə Rüstəmovanı polisə aparıblar...
- Videoyla bağlı fikrimi tamamlamaq istəyirəm. Onsuz da əsəbiyəm, sağlamlığım əlimdən gedib.
- Buyurun...
- Mən o videoda İlhamə Quliyevanın qarşısında diz çökməmişəm. Namusumun qarşısında, namusuma xələl gəlməsin deyə diz çökmüşəm. İstəyirəm ki, bunu bütün xalqım bilsin. Qürurlu qadınamsa, şəhid, əlil bacısıyamsa, vətənpərvər xanımamsa, heç kimin qarşısında diz çökmərəm.
- Bildirdiniz ki, sizi hədələmişdilər. Nə deyib hədələmişdilər?
- Dedilər ki, sənin namusunu ləkələyəcəyik. Xalq bilsin ki, o video montaj olunub. Demişdilər ki, saçını qırxıb, paltarını soyundurub videoya çəkəcəyik, sonra sosial şəbəkələrdə yayacağıq.
- Kim edirdi bu hədələri?
- Orxan və Vüqar. Bu dediklərim oktyabrın 2-də olub. Mən orada əsarət, qorxu altındaydım. Ayağımın qanı kəsməyincə məni evdən buraxmadılar.
- Mətbuat konfransında Kəmalə Rüstəmova bildirdi ki, siz onu hansısa tanışınızın ofisinə aparmısınız və orada xoşagəlməz hadisələr baş verib, onu döyüblər.
- Xeyr, onu heç kim döyməyib. Ola bilsin Kəmalə də təzyiq altına düşüb. İlhamə Quliyeva bir zamanlar Kəmalə haqda da mənfi fikirdəydi, mənim ondan uzaqlaşmağımı istəyirdi, haqqında nalayiq sözlər danışırdı. İmkan verin mən öz haqqımda müsahibə verim, xalqım məni tanısın.
- Tez-tez xalqım-xalqım deyirsiniz. Bu sizin aranızda baş vermiş məsələdir və xalqın heç bir aidiyyatı yoxdur. Hadisələrin necə baş verdiyini soruşdum.
- Məni təhdid etmək özü bir cinayətdir. Həmin gün əl çantamı əlimdən alıb pullarımı götürdülər, mobil telefonumdan bütün məlumatları sildilər. Mətbuat konfransında göstərilmiş görüntüləri ATV və İTV yayımlayıb. Hər iki kanalı məhkəməyə verəcəyəm. Çünki kimin cinayətkar olduğu bəlli olmadığı halda və mənim fikrimi öyrənmədən həmin görüntüləri efirə veriblər.
- Həmin videoda yalvararaq xahiş edirsiniz ki, burada qalsın. Nə idi aranızda qalmalı olan?
- Deyirdim ki, bu çəkdiklərinizi yayımlamayın.
- Orada çəkiliş gizlidir və xəbəriniz yoxdur.
- Xeyr, xeyr. Mənə dedilər ki, çəkirik. Dedim xahiş edirəm, heç olmasa çəkməyin. İlhamə Quliyeva məni aradan götürmək istəyir. Çünki onun bütün sirləri mənim əlimdədir. Ən mötəbər şəxslərin arxasınca nalayiq ifadələr işlədib.
- İlhamə Quliyeva mətbuat konfransında bildirdi ki, sizin onun evinə və özünə etdirdiyiniz caduları təmizləyirlər...
- "Şərəf" və "Şöhrət" ordenli sənətkara yaraşmaz desin ki, evimdən cadu çıxıb. Mən bu işlə məşğul deyiləm. Amma onun özünün Astarada cindarı var. Ona-buna cadu elətdirib itə, pişiyə yedizdirir. Xoşu gəlməyən müğənnilərə cadu elətdirib itə, pişiyə yedizdirir, sonra hər birini şərləyib təzminat ödətdirir.
- Yeri gəlmişkən, mətbuat konfransında bildirildi ki, siz kartla fala baxırsınız.
- Onun özü əla karta baxır, mən elə şeyləri bacarmıram. O aldığı təzminatların az qismini efir vasitəsilə gözə kül üfürmək üçün kimlərəsə verir, xeyriyyə işləri görür, qalanlarını öz kefi üçün xərcləyir.
- Çox yaxşı məqama gəldik. İlyarımdır onun yanında işləyirsiniz. Niyə indiyə kimi bu barədə nə mətbuatda, nə sosial şəbəkələrdə bir kəlmə yazmamısınız və yalnız iş birliyiniz başa çatandan sonra açıqlama verirsiniz?
- Çox gözəl sual verdiniz. Mən onun əsarəti altındaydım. Əgər onun yanından namuslu, qeyrətli, alnıaçıq, üzüağ çıxmışamsa, buna da şükür.
- Necə oldu ki, o dediyiniz əsarətdən çıxa bildiniz?
- Dəfələrlə onun oğlu məni aradan götürməklə hədələtdirirdi.
- Bildirilir ki, siz İlhamə Quliyeva ilə işə başlayandan oğlu onlara gəlmirdi.
- Mən onun evinə gələndə oğlunu tamamilə uzaqlaşdırmışdı, gəlini haqda xoşagəlməz sözlər danışırdı. Hətta mənə oğlu ilə danışmağa qadağa qoymuşdu. Hamıya deyirdi ki, oğlu və gəlini ona cadular edir.
- Cadu demişkən, Kəmalə Rüstəmova bildirirdi ki, siz ona cadu elətdirmisiniz, uşaqlarını döydürtdürmüsünüz.
- Kəmalə ilə aramda münaqişə olmayıb və onun barəsində pis söz deyə bilmərəm. Çox güman ki, o, təzyiq altındadır.
- Axı Kəmalə Rüstəmovanın nə sizdən, nə İlhamə Quliyevadan heç bir maddi asılılığı yoxdur.
- Əgər bunlar hamısı yalandırsa, mənə necə böhtan ata bilər. Heç vaxt elə işlərlə məşğul olmamışam.
1788 dəfə oxundu