"Gülən camaatı Azərbaycanda da çevriliş edə bilər" - Ərdoğandan sensasion açıqlama
Gülən camaatını çox yaxşı tanıyan Lətif Ərdoğan Gülənçilərin 80 ölkədə təşkilatlandığını, çevriliş cəhdlərinin MKİ-nin istəyi çərçivəsində olduğunu söyləyib.
Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “indi növbə Gülən camaatı və camaatın xidmət etdiyi quruluşun dünyanın digər ölkələrindəki oyunlarını pozmağındır” sözü Gülənin hansı ölkələrdə daha güclü olduğu sualını gündəmə gətirib. Gülən camaatının quruluşunu haqda çox yaxşı məlumat sahibi olan yazar Lətif Ərdoğan camaatın 80-ə yaxın ölkədə güclü olduğunu, amma 15 iyulun hər şeyi dəyişdiyini söyləyib.
Türkiyəni ələ keçirmək istəyən Gülən camaatının eyni üsulları məktəb açdığı dünyanın başqa ölkələrdə də planlaşdırdığını deyən Ərdoğan sözlərinə belə davam edib: “Təşkilatın, 35 il bundan əvvəl ilk təşkilatlandığı ölkələr olan Azərbaycan, Qırğızıstan, Türkmənistan kimi ölkələrdə də çevriliş cəhdi etmək üçün potensialı var. Camaat 80-ə yaxın ölkədə son 40 il ərzində təşkilatlandı. Bu ölkələrdə çevriliş cəhdinin müvəffəq olması isə həmin dövlətin dövlət quruluşundan asılıdır. Çevriliş cəhdinin daha effektiv ola biləcəyi ölkələr isə Afrika ölkələridir. Amma bu çevriliş cəhdləri Gülənin kefinə görə deyil, MKİ-nin istəyinə görə həyata keçirilir.”
15 iyulda isə məqsəd Türkiyədə çevriliş etmək deyil, İslam ölkələrini sistemə oturtmaq idi. Türkiyə işğala uğrasaydı, digər İslam ölkələrinin şansı olmayacaqdı.
364 dəfə oxundu