Putin və Ərdoğan Qərbə qarşı birləşir? - GÜNDƏM
Ötən gün Rusiya prezidenti Vladimir Putin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Sankt-Peterburqda qəbul edib. Bu 2015-ci ilin 24 noyabrından keçən 259 gün sonra iki ölkə liderinin ilk rəsmi təması idi.
Bu təmaslar iki ölkə arasında yaranan gərginliyi hansı səviyyəyə qədər endirə bilər? Münasibətlərin yenidən normallaşmağa başlaması Azərbaycana nələr vəd edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşmağa doğru getməsində əsas faktorlardan biri hər iki ölkənin ABŞ və Avropa ilə münasibətlərində yaranan soyuqlaşmadan qaynaqlanır: “Rusiya-Türkiyə münasibətlərin normallaşmağa doğru getməsinin əsas səbəbi ABŞ və Avropanın ikiüzlü siyasətidir. Ukrayna hadisələrinə görə Rusiyanın Avropa və ABŞ-la münasibətləri soyuyub. Eyni hal son hadisələrdən sonra Türkiyə də yaşanır. Çünki, ABŞ terrorçubaşı Fətullah Güləni Türkiyəyə ekstradisya etməkdən boyun qaçırır. Eyni zamanda Türkiyənin Avropa ilə münasibətləri xeyli soyuyub. Çünki, Avropa Türkiyəyə verdiyi vədləri yerinə yetirmir. Bu baxımdan Rusiya-Türkiyə yaxınlaşması sürətlə gedəcək. İqtisadi-ticarət mübadiləsi yenidən artacaq. Suriya kimi bəzi məsələlərdə fikir ayrılıqlarının olmasına baxmayaraq hesab edirəm ki, burada da müəyyən qədər ortaq məxrcə gələ bilərlər. Ən azı maraqlar kəsişməsinə baxmayaraq bir-birinə qarşı sərt açıqlamalardan çəkinəcəklər”.
E.Şahinoğlunun fikrincə Rusiya-Türkiyə münasibətləri 1 il əvvəl necə idisə, o səviyyəyə qədər yüksələcək: “İki ölkə “Türk Axını” layihəsinə yenidən start verəcək, Rusiyanın Türkiyədə nüvə elektrik mərkəzi tikməsinə yenidən yaşıl işıq yandırılacaq, türk malları yenidən Rusiya bazarlarına daxil olacaq, inşaat şirkətləri Rusiyadakı tikintilərdə iştirakını davam etdirəcək, rus turistlərinin Türkiyəyə axını yenidən start götürəcək. Yəni bu istiqamətlərdə əməkdaşlıq yenidən inkişaf edəcək. Hətta düşünürəm ki, bundan sonra Rusiya-Türkiyə münasibətləri daha da irəli gedəcək. Çünki, Ərdoğan Türkiyə-Rusiya münasibətlərində belə bir hədəf qoymuşdu ki, iki ölkə arasındakı ticarət dövriyyəsini 100 milyard dollara çatdırsın. Düşünürəm ki, Putin də bu fikri təkrarlayacaq. Deməli daha uzun məsafə qət edə bilərlər”.
Politoloq bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburqa səfəri Azərbaycan üçün çox vacibdir:
“Rusiya-Türkiyə münasibətlərinin gərgin qalması bizim maraqlarımıza xidmət etmirdi. Türkiyə Azərbaycanın strateji müttəfiqi, Rusiya isə tərəfdaşıdır. Bu baxımdan Rusiya-Türkiyə yaxınlaşmasının sürətlə getməsi Azərbaycanın maraqlarına xidmət edir. Doğrudur, bu Dağlıq Qarabağ münaqişəsinə təsir edəcək fikrini söyləməkdən uzağam. Amma, bu yaxınlaşma Cənubi Qafqazda da müsbət atmosfer formalaşdıracaq.
Eyni zamanda Türkiyənin yaxşı bir təklifi də var ki, əgər Rusiya Ermənistana təsir edərək, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirsə, nəinki Azərbaycan Ermənistanla komunikasiya xətlərini açacaq, Türkiyə də eyni addımı atacaq. Bu kompleks yanaşmadır və Azərbaycanın da maraqlarına xidmət edir. Hələlik Rusiyanın bu məsələyə necə reaksiya verəcəyi bəlli deyil. Məntiqlə bu hər kəsin xeyrinədirsə, Rusiya da bu təklifi qəbul etməlidir. Amma, indiki vəziyyətdə düşünmürəm qəbul etsin. Çünki, Ermənistanda indi qarışıqlıqdır. Ermənistan prezidenti bundan bəhanə edəcək. Ona görə də inanmıram Putin Sarkisyana təzyiq göstərsin”.
Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına Qərbin reaksiyasına gəlincə E.Şahinoğlu bildirib ki, bu məsələyə Qərbin reaksiyası hər zaman mənfi olub: “Ümumən Ərdoğanın üzünü yenidən Rusiyaya döndərir fikri doğru deyil. Bu yanlış yanaşmadır. Axı, 1 il öncəyə qədər Rusiya-Türkiyə münasibətləri yaxşı idi. Ona görə də Qərb günahı özündə axtarmalıdır. Türkiyəni küncə sıxışdırmasaydılar, ikiüzlü siyasət yürütməsəydilər, Güləni dərhal ekstradisya etsəydilər, Avropa İttifaqı da qapılarını Türkiyənin üzünə açsaydı, Türkiyə birmənalı şəkildə Rusiya ilə belə sürətlə yaxınlaşmayacaqdı. Alternativ tanımadıqlarına görə, Türkiyə məcburi Şərq, Rusiya istiqamətində aktivləşib. Hətta, iş o yerə çatıb ki, Rusiyanın qatı millətçisi Vladirmi Jrinovski Türkiyə siyasətini təqdir edərək deyir ki, yaxın gələckdə Rusiya-Türkiyə-İran-İraq birliyi formalaşdırıla bilər. Bunun günahkarı isə Türkiyə deyil, Avropa və ABŞ-ın yürütdüyü ikiüzlü siyasətdir”.
346 dəfə oxundu