“Azərsığorta”da vəzifələr də sığortalanırmış... - İTTİHAM VAR

Qəzetimizin dünənki sayında “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz filialının fəaliyyətində müşahidə olunan bir çox nöqsanlardan bəhs edən tənqidi material dərc olunmuşdu. Qeyd etmək istərdik ki, həmin yazıda bəzi sırf texniki xarakterli qüsurlara yol verilsə də, mahiyyət baxımından təqdim olunan açıqlamalar redaksiyamıza daxil olan məlumatları olduğu kimi əks etdirmişdir. Buna baxmayaraq, müəyyən dəqiqləşdirmələri yenidən oxucularımızan diqqətinə çatdırmağı özümüzə borc bilirik. Beləliklə, bizimdovr.az-a iki gün öncə daxil olmuş məlumatda bildirilir ki, “Azərsığorta”nın Tovuz rayonunda yerləşən filialının rəhbəri Raya Bayramovanın fəaliyyəti sığortalıların və şirkətin potensial müştərilərinin ciddi narazılıqlarına səbəb olur. Açıqlamalara görə, Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun himayəsində olan Raya xanım artıq 40 ildir ki, Tovuz filialına rəhbərlik edir. Eyni zamanda da, müxtəlif özbaşınalıqlara yol verməklə, filial rəhbəri mütəmadi olaraq müştərilərin hüquqlarının ciddi şəkildə pozulmasına şərait yaradır. İddialara görə, bu gün “Azərsığorta”nın Tovuz filialının əksər əməkdaşları Raya Bayramovanın ailə üzvləri və yaxın qohumlarıdır. Məsələn, filialın bütün idarəçiliyini hazırda Raya xanımın qızı Vüsalə həyata keçirir. Eyni zamanda da, mənbə bildirir ki, Vüsalə xanım həm də Tovuz musiqi məktəbində müəllimə işləyir. Hərçənd bu vəzifələrdən hansının əsas iş, hansının isə “xobbi” olduğunu deməyə biz çətinlik çəkirik. İstənilən halda, filialda Raya xanımın qohumlarının üstünlük təşkil etməsi sığortalıların hüquqlarının pozulması baxımından xüsusilə əlverişli şərait yaratmış olur. Açıqlamalarda bildirilir ki, bir çox hallarda sığortalılar müqavilədə nəzərdə tutulan hallar baş verdikdə, öz sığorta pullarını ala bilmirlər. Məsələn, qeyd olunur ki, bir müddət bundan əvvəl Tovuz sakini Rövnəq İsmayılov da sığortalanmış evinin yanmasına baxmayaraq, filialdan sığorta pulu ala bilməmişdi. Mənbə bildirir ki, yalnız sığorta məbləğinin böyük bir hissəsini Raya xanıma verməyə razılaşan müştərilər filialdan pul ala bilirlər. Bu xüsusda Bakıya, Məmməd Məmmədova müraciət edən vətəndaşların şikayətlərinə isə, ya ümumiyyətlə baxılmır, ya da araşdırmaların sonucunda Raya Bayramovanın “haqlı” olduğunu təsdiqləyən nəticələr əldə olunur. Maraqlıdır ki, filialın bəzi əməkdaşları da Raya Bayramovanın özbaşınalıqlarına öz etirazlarını bildirməkdən çəkinmirlər. Belə ki, aldığımız məlumatda bu narazı əməkdaşlardan birinin də filialın mühasibinin olduğu bildirilir.
Həmçinin aldığımız açıqlamalarda vurğulanır ki, filial rəhbərinin maxinasiyaları təkcə sığorta əməliyyatlarına şamil olunmur. Məsələn, məlumata görə, Raya Bayramova filialın ştat cədvəlində yenə də özyaxınlarından birinin adını qeyd etdirib. Lakin həmin şəxs filialdan sadəcə maaş alır və işə ümumiyyətlə çıxmır. Raya xanım isə, bunun müqabilində hər ay filiala ayrılan 600 manat məbləğində yanacaq pulunu özünə götürür.
Mənbə iddia edir ki, həyata keçirdiyi maxinasiyalar və mənimsəmələr nəticəsində bu gün Raya Bayramova Tovuzun ən zəngin şəxslərindən birinə çevrilmişdir. Belə ki, hazırda “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin filial rəhbəri Tovuzun mərkəzində, Rayon İcra Hakimiyyəti binası ilə eyni küçədə yerləşən səkkiz 2-3 mərtəbəli şəxsi evin, yenə də həmin küçədə inşa olunmuş yeni tikili binada yerləşən iki 4 otaqlı mənzilin və paytaxtın Novxanı qəsəbəsi ərazisində yerləşən torpaq sahələrinin sahibidir. Raya xanımın bilavasitə yaşadığı evin altında isə, yenə də ona məxsus olan, “Vüsalə” adlı böyük bir gözəllik salonu fəaliyyət göstərir. Bizdə olan məlumata görə, cəmi 5-6 ay bundan əvvəl Raya Bayramova bütün bu əmlakı yeganə övladı olan qızı Vüsalənin adına sənədləşdirmişdir...
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
296 dəfə oxundu