Sabunçunun icra başçısına... AÇIQ MƏKTUB

Rasim Məmmədov 1977-ci il may ayının 20-də Naxçıvan MR–in Babək rayonunun Cəhri kəndində anadan olub.
1983-cü ildə Cəhri kənd orta məktəbinin 1-ci sinfinə getmiş və 1994-cü ildə həmin məktəbi bitirmişdir.
1996-cı ildə Bakı Ali Birləşmiş komandirlər məktəbinə daxil olmuş və 2000-ci ildə tank qoşunları komandanı ixtisası üzrə bitirmişdir.
Məktəbi bitirdikdə Rasim Məmmədova “Leytenant" hərbi rütbəsi verilmiş və Müdafiə nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün 177 nömrəli hərbi hissəyə göndərilmişdir.
22.07.2000-ci il tarixdən 02.02.2001-ci il tarixədək 177 nömrəli hərbi hissənin Təlim taborunun PDM-2 tuşlayıcı Təlim tağımının komandiri,
02.02.2001-ci il tarixdən 23.05.2002-ci il tarixədək T-55 Təlim döyüş tankları tağımının komandiri,
23.05.2002-ci il tarixdən 18.01.2005-ci il tarixədək 077 nömrəli hərbi hissənin tank tağım komandiri,
18.01.2005-ci il tarixdən 10.11.2007 tarixədək 130 saylı hərbi hissədə 1 -ci Mexanikləşdirilmiş bölük komandiri vəzifəsində,
10.11.2007-ci il tarixdən 03.12.2010-cu il tarixədək 703 nömrəli hərbi hissənin 5 MAT Qərargah rəisinin Maddi Texniki Təminat üzrə köməkçisi vəzifəsində,
03.12.2010-ci il tarixdən 02.05.201 1 tarixədək 703 nömrəli hərbi hissənin 5-ci Motoatıcı Taborun Qərargah rəisi vəzifəsində,
02.05.2011 -ci il tarixdən 26.12.2011 -ci il tarixədək 161 nömrəli hərbi hissənin 5-ci Motoatıcı Taborun Qərargah rəisi vəzifəsində,
26.12.2011-ci il tarixdən 30.11.2012-ci il tarixədək 704 saylı hərbi hissənin 5 MAT komandirinin müavini vəzifəsində,
30.11.2012-ci il tarixdən 03.01.2014-cü il tarixədək 704 nömrəli hərbi hissənin 5 MAT komandiri vəzifəsində,
03.01.2014-cü il tarixdən 18.04.2015-ci il tarixədək 704 nömrəli hərbi hissənin 2 MAT komandiri vəzifəsində,
18.04.2015-ci il tarixdən 706 nömrəli hərbi hissənin 2 MAT komandiri vəzifəsində xidmət edirdi, Rasim Məmmədova 22. 07.2000 - ci il tarixdə “Leytenant”,
22.07,2002-ci il tarixində "Baş l eytenant",
13.12.2005-ci il tarixdə "Kapitan",
26.06.2011 tarixində "Mayor" hərbi rütbəsi verilmişdir.

Mayor Rasim Məmmədov tank taborunun komandiri idi. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə başlayan cəbhə boyu bütün uğurla nəticələnən döyüş əməliyyatlarında iştirak etmişdir.
2016-cı il aprelin 4-də gecə Lələ təpə yüksəkliyində uğurlu döyüşlərdən sonra, Füzuli istiqamətində yüksəkliklər uğrunda gedən döyüşlərdə şəhid oldu. Nəşi 5 aprel 2016–cı ildə Naxçıvan şəhərində dəfn edildi.
Rasim Məmmədovun atası, Birinci Qarabağ müharibəsinin qazisi, 25 ildən artıq əlil arabasında ömür yaşayan Əbdül Məmmədov 27 aprel 2016-cı ildə dünyasını dəyişmişdir.
Sabunçunun icra başçısına...
Bəli, Sabunçu rayon icra hakimiyyətinin başçısı, çox hörmətli cənab Adil Vəliyev!
Siz Rasim Məmmədov haqqında qısa ifadələrlə məlumatlı oldunuz. Yəni bu adamın kimliyini bildiniz. Qısa da olsa...
Onun hər bir Azərbaycan vətəndaşı üçün necə müqəddəs anlam daşıyan BÖYÜK BİR ŞƏRƏFƏ imza atdığını da bilməmiş deyilsiniz. Eləcə də digər 2 APREL ŞƏHİDLƏRİMİZ KİMİ...
Onlar təkcə 24 illik düşmən səngərini - istehkamını yarmadılar, Onlar həm də Azərbaycan türkünün 30 ilə yaxındır ki, əzilən qürurunu bərpa edən MEMARLARDIR!!!
Cənab Adil Vəliyev!
Sizə təsadüfən müraciət etmədik.
Bu gün Sizin rayonunuzun ərazisində şəhidimiz Rasim Məmmədovun özündən sonra qalan ailəsi üçün ev tikmək istəyən yaxınlarından Sizin adınızdan pul istəyirlər...
Halbuki həmin şəhidin evini Siz qarışıq bizlər tikməli idik. Əgər bu gün Sizin hansısa işçiniz şəhid ailəsindən - Azərbaycana 2000 hektar ərazini qazandıran bir döyüşün qəhrəmanlarından olan bir şəhidimizin ailəsindən pul umursa, ona köməklik etməsi bir yana onun ailəsimə tikiləcək evi uçurtmaqla hədələyirsə...
İnanırıq ki, Sizin bundan xəbəriniz yoxdur...
Və inanırıq ki, Siz bundan indi xəbər tutdunuz və Şəhidimizin ailəsinin artıq problemi qalmayacaq.
Hörmətlə DİA.AZ kollektivi
519 dəfə oxundu