Prezident komandasında əsaslı dəyişikliklərə başlayır - islahat hazırlıqları

Konstutusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumdan sonra ölkədə ciddi islahatların da başlayacağı ehtimalı xeyli dərəcədə böyükdür. Məsələ ondadır ki, artıq təcili kadr rotasiyalarına getməyin zamanı yetişib. Siyasi təhlilçilər əmindirlər ki, prezident komandasında əsaslı dəyişikliklər etmək fikrindədir. Prinsip etibarilə, iqtidar yaranmış vəziyyətdən uğurla çıxa bilər.
Hazırkı status kvoda çıxış yolu son on ildə baş verən nöqsanların müqəssiri kimi bəzi komanda üzvlərini göstərməklə, yeni uğurlara nail ola bilməkdən keçir. Köhnə komandanın effektli çalışa bilməyən hissəsini kənarlaşdırmaqla, hakimiyyət dəhlizlərini cavanlaşdırmaq və demokratikləşdirmək ən optimal yol kimi görünür. Təhlillər onu deməyə əsas verir ki, korrupsiyaya bulaşmaları təkzibolunmaz faktlarla sübut olunan, ölkənin idarə olunmasında ölkə siyasi elitasından belə artıq iddialara malik olan, hətta prezidentin göstərişlərini belə məhəl sabotaj edən bəzi məmur ordusu ilə islahatları həyata keçirtmək mümkün olmayacaq. Yeni, cavan və işlək komanda cəmiyyətdəki gərginliyi aradan qaldıra bilər. Bu baxımdan, gənclərin irəli çəkilməsini yeni komanda yaradılması ilə bağlı cəmiyyətə verilən mesaj kimi də qiymətləndirilə bilər. Göründüyü kimi, komandanı yeniləməklə siyasi hakimiyyətə “ikinci nəfəs” qazandırmaq üçün gözəl fürsət yaranıb. Yeni, daha işgüzar və hələ korrupsiyaya bulaşmamış komanda Qərbin hakimiyyətə təzyiqlərini də xeyli dərəcədə azalda bilərdi.
Qeyd edək ki, dövlət başçısının öz komandasını əsaslı şəkildə yeniləyəcəksə, bu addım Qərb tərəfindən də islahatların yeni mərhələsinin başlanılması kimi də dəyərləndirilə bilər. Növbəti mərhələdə isə daha əhəmiyyətli siyasi islahatların aparılacağını gözləmək olar. Keçiriləcək referendumda elə buna hesablanıb.
Bildirək ki, dövlət başçısı komandasını yeniləməklə yanaşı, növbəti parlament seçkilərinə qədər proporsional seçki sisteminin bərpası, icra strukturunun səlahiyyətlərinin bölünməsi və yen komandanın daha işlək olmasına şəraitin yaradılması kimi məsələlər reallaşa bilər. Əgər proseslər sadaladığımız istiqamətdə gedərsə, 2018-ci il prezident seçkilərində köklü dəyişikliklərin də ola biləcəyini ehtimal edə bilərik. Prosesin bu səpkidə inkişafı cəmiyyətin təkamülə üstünlük verməsi ilə sonuclana bilər.
Əlbəttə ki, bütün bunları həyata keçirə bilməkdən komandanın yenilənməsi tələb olunur.Ölkə rəhbərinin belə bir istəyi ilə onun mövcud komandasının bəzi təmsilçilərinin istəyi üst-üstə düşməyə bilər. Hakim komandanın müəyyən üzvləri buna açıq-aydın müqavimət göstərə və sabotaja əl ata bilər. Əllərində kifayət qədər təsir vasitələrinin və resursların cəmləşdiyi elə məmurlarla iddi islahatlara başlamaq gözlənilən effekti verməyə bilər. Lakin bu məsələdə də siyasi iradə əsas meyar götürülə bilər. Ölkə rəhbərinin son bəyanatları da bundan xəbər verir. Əllərində olduqca böyük resurslar olan məmurlar ilə bunu etmək çətindir. Lakin cəmiyyətlə təmas, hakimiyyət və imkanların bölüşdürülməsi sabotaj cəhdlərinin qarşısını almağa qadirdir. Belə islahatlar hazırkı siyasi müstəvinin və siyasi partiyaların təhlükəsizliyinə zəmanətin yaradılması deməkdir.
Bir sözlə, iqtidar yeni sistem islahatlarına başlayır və tədrici demokratik hakimiyyətə gəlmə və çəkilmə prinsipləri ilə təkamül yoluna qədəm basmağı planlaşdırır. İslahatlara əngəl olan məmurları istefaya göndərməklə dövlət başçısı yalnız uğur əldə edə bilər. Gənclərin irəli çəkilməsi isə bu baxımdan da təqdirə layiqdir. Odur ki, yaxın zamanda ölkədə kadr potensialının gəncləşdirilə biləcəyini ehtimal edə bilərik...
Avropa.info-nun ekspert qrupu
359 dəfə oxundu