İlin 8 ayı - iqtisadiyyat hara gedir?

İlin 8 ayı - iqtisadiyyat hara gedir?


Ekspertlər vəziyyəti dəyərləndirir: “Bütövlükdə iqtisadi geriləmə olsa da, ümidverici məqamlar da var...”
2016-cı ilin səkkizinci ayı da sona çatır. Səkkiz ay Azərbaycan iqtisadiyyatında ciddi məqamlarla yadda qalıb. Bu il ərzində devalvasiya baş verməsə də, manat “üzən məzənnə” siyasəti nəticəsində xeyli dəyər itirib. Üstəlik, yeni devalvasiyanın olacağı da istisna deyil.
Ölkə bankları üçün 2016-cı il pis başlayıb.


Ekspertlər bildirirlər ki, ilin ilk ayında 10-a yaxın bankın bağlanması ilə çöküşü sürətlənən bank sistemi ilin ikinci yarısında böhrana doğru bir qədər də irəliləyib. Bankların yenə də bağlanması gündəmdədir. İlin ötən dövrü ərzində xarici ticarət dövriyyəsi də azalıb. Neftdən asılı olan iqtisadiyyat isə yaxşı vəziyyətdə deyil...

Ekspert Fikrət Yusifov səkkiz ayın yekunlarını sadalayarkən musavat.com-a bildirib ki, bütövlükdə iqtisadi geriləmə olsa da, ümidverici məqamlar da var: “Ötən dövr ərzində ölkə iqtisadiyyatının real sektorunun inkişafını hədəfləyən bir çox mühüm qərarlar qəbul edilsə də, Dövlət Statistika Komitəsinin rəsmi məlumatları göstərdi ki, ümumilikdə ilin 7 ayı 3 faiz iqtisadi azalmalarla müşahidə olundu. Bu azalma qeyri-neft sektoru üzrə 5,4 faiz təşkil etdi. Neftlə bağlı iqtisadiyyatda azalmalar nə qədər başadüşülən olsa da, neftsiz iqtisadiyyatda azalmalar və neftsiz iqtisadiyyatla bağlı olan sahələr üzrə ixracın cari ilin 6 ayı ərzində 27,0 faiz aşağı düşməsi bir o qədər başadüşülən deyil. Hesab edirəm ki, yaranmış bu vəziyyətin səbəbləri aidiyyəti qurumlar tərəfindən ən qısa zaman kəsiyində dərindən araşdırılmalı və onların aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlər görülməlidir. Bütövlükdə iqtisadi geriləməyə baxmayaraq, bir sıra sahələrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə artım templəri də qeydə alınıb. Məsələn, cari ilin 7 ayı ərzində qeyri-neft sənayesində və kənd təsərrüfatında 2,6 faiz, informasiya və rabitə xidmətləri sahəsində 12,5 faiz, pərakəndə ticarət dövriyyəsində 2,0 faiz artım müşahidə olunub. Cari ildə aqrar sektordan gözləntilər daha böyük olsa da, təəssüf ki, bu özünü döğrultmadı. Bu gün aqrar sektora dövlət səviyyəsində xüsusi dəstək verilir. Bu səbəbdən də sahədən daha ciddi nəticələrin əldə olunacağı gözlənilirdi”.

Ekspert qeyd edib ki, ölkənin bank sektorundakı durum da ürəkaçan deyil: “Yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunda vəziyyətin stabilləşməsi istiqamətində demək olar ki, heç nə edə bilmədi. Bu gün palata bankların fəaliyyətinə elementar nəzarəti həyata keçirməkdə belə acizlik nümayiş etdirir. Palata yaranmazdan öncə Mərkəzi Bank bu nəzarəti daha yaxşı həyata keçirirdi. Hazırda banklara yerləşdirilmiş əmanətlərin və onlar tərəfindən müştərilərə verilmiş kreditlərin üçdə ikisi xarici valyutanın payına düşür. Bank sektorundakı bu durum kardinal addımların atılmasını tələb edir. Sağlam bank sistemi yaratmadan iqtisadi dirçəlişi təmin etmək mümkün deyil”.

Ekspert Vüqar Bayramov isə musavat.com-a bildirib ki, bu ilin ötən ayları ölkə iqtisadiyyatı üçün ürəkaçan olmayıb: “Ölkə iqtisadiyyatında yeddi ayda ümumdaxili məhsulda üç faizlik azalma qeydə alındı. Bu, daha çox inşaat sektorunda özünü göstərdi, inşaat sektorunda daha çox azalma qeydə alındı. Ticarət dövriyyəsində də, xarici ixracın azalmasında da bu, özünü göstərdi. Bu dövrdə qeyri-neft sektorunda da azalmalar qeydə alındı. Azərbaycan neft idxalından asılı ölkədir. Neft Azərbaycan iqtisadiyyatında dominantdır. Azərbaycana daxil olan valyutanın həcmi birbaşa neft satışından və neftin dünya bazarında qiymətindən asılıdır. Neftin dünya bazarında qiyməti aşağı düşürsə, ixracdan daxil olan valyuta bazarının həcminin azalmasına gətirib çıxarır. Və o baxımdan neftdən asılılığın aradan qaldırılması qısamüddətli dövr üçün çox çətindir, model yoxdur. Ona görə də hökumət üçün qısamüddətli hədəf vacib olmalıdır. Amma eyni zamanda, uzunmüddətli hədəf üçün daha çox işləməlidir ki, orta və uzunmüddətli hədəfdə növbəti dövrlərdə azalma tempinin qarşısını ala bilsin. Yalnız ümumi daxili məhsuldakı azalmanın qarşısını birbaşa qeyri-neft sektorunun inkişaf etdirilməsi, islahatların genişləndirilməsi hesabına almaq mümkündür. Neftin qiymətinin artacağı ilə bağlı gözləntilər özünü doğrultmur. Neftin dünya bazarında qiymətində azalmalar var. Yəni artımlar yaxın dövr üçün gözənilən deyil. Dolların dünya bazarında möhkəmlənməsi nəticə etibarı ilə strateji məhsulların və neftin qiymətinə təsir göstərir. Neftin dünya bazarında qiymət azalmalarına təsir göstərə bilər. Ona görə də islahatlar qeyri-neft sektorun inkişaf etdirilməsi istiqamətində olmalıdır və Azərbaycan ümumdaxili məhsulda azalmanı yalnız islahatları genişləndirməklə kompensasiya edə bilər.

Qeyd edək ki, əksər ekspertlərin fikrincə, ilin səkkiz ayı ərzində ölkə iqtisadiyyatında baş verən proseslər gələcəkdə manatla bağlı təhlükədən xəbər verir. Əkrəm Həsənovun sözlərinə görə, səkkiz ayda ölkə banklarının durumu da xeyli dərəcədə pisləşib: “Beynəlxalq reytinq agentlikləri bankların böyük hissəsinin reytinqini azaltdılar. İndi də bir neçə bankın bağlanacağı haqda söhbətlər var. Bu, bankların ağır vəziyyətdə olmasından xəbər verir. Həmin reytinq agentlikləri həm də banklarda ümumən problemli kreditlərin, borcların bankların dediklərindən bir neçə dəfə çox olduğunu bildirdilər. Bu da bankların qeyri-şəffaf olmasından xəbər verir. Əhəmiyyətli hadisə bank nəzarəti səlahiyyətinin Mərkəzi Bankdan alınıb Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi oldu. Beş aydan çoxdur ki, bu səlahiyyəti palata həyata keçirir. Amma burada da elə bir uğur yoxdur”. Həmçinin səkkiz ayda diqqət çəkən digər məqam əmanətlərin azalmasıdır: “Əmanətlər kəskin azalıb. Mərkəzi Bankın saytında da bu, görünür. Bu, bütövlükdə bank sisteminə etimadın azalmasının göstəricisidir”. O, həmçinin qeyd edib ki, əsas məsələ milli valyutanın taleyidir ki, ilin səkkiz ayında onun vəziyyəti yaxşı olmayıb: “Qalan dörd ay ərzində vəziyyət daha da pisləşəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...