"Arif Hacılının və İsa Qəmbərin qohum-əqrabasından başqa heç kim..."

"Arif Hacılının və İsa Qəmbərin qohum-əqrabasından başqa heç kim..."

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı son günlər ərzində Müsavat Partiyasında baş verən istefalara, bir sıra üzvlərin partiyadan xaric edilməsinə münasibət bildirib.

S.Novruzov Trend-ə bildirib ki, bütün bunlar Müsavat Partiyasında keçirilən qeyri-qanuni, antidemokratik qurultayın nəticəsidir: “Seçkili orqanlara saxtakarlıqla seçilənlərə qarşı partiyanın digər üzvləri etiraz edirlər. Onlar haqlı olaraq ədalətli seçki keçirilməsini tələb edirlər. Müsavat Partiyasının rəhbərliyi isə bir qrup şəxsin əlində cəmləşib və monopoliyaya götürülüb və bunun başında İsa Qəmbər durur. Onun təşkil etdiyi bu saxta seçki nəticəsində müsavatçıların iradəsinə zidd olaraq Arif Hacılı partiya sədri edilib, yəni o seçilməyib, təyin edilib”.

Millət vəkili vurğulayıb ki, bu işlər Müsavat Partiyasının icra aparatı vasitəsilə saxtalaşdırılıb: “Aparatdakılar da hamısı ştatlı işçilərdir, onlar saxta yollarla regionlardan öz adamlarını qurultray nümayəndələri seçiblər və onlar da bu cür saxta seçki orqanları formalaşdırıblar. Bu tək bizim fikrimiz deyil, bu, Müsavatın yaradıcıları olan çoxsaylı insanların fikridir ki, hamısı istefa verib gedib və yaxud da söz, fikir azadlığı pozulduğuna görə, azad fikir söylədiklərinə görə partiya sıralarından xaric ediliblər”.

S.Novruzov əlavə edib ki, Müsavat Partiyasının keçmiş rəhbərliyinin 90 faizi artıq partiya sıralarından uzaqlaşdırılıb: “Yeni təyin olunanlarının bir çoxunun ümumiyyətlə Müsavata heç bir aidiyyəti yoxdur, heç indiyə qədər partiyanın üzvü olmayıblar. Bir hissəsi isə partiya daxilində nüfuza malik olmayan insanlardır ki, ancaq Arif Hacılının çıxardığı qərarlara tabe olmaları üçün gətiriliblər. Orada belə bir diktatura rejimi hökm sürür. Bu baxımdan da partiya üzvləri partiya sıralarını tərk edirlər və demək olar ki, bu gün Müsavat Partiyasının sıralarında Arif Hacılının və İsa Qəmbərin qohum-əqrabasından başqa heç kim qalmayıb”.

Qeyd edək ki, Müsavatın tanınmış üzvü Vurğun Əyyub partiya sıralarından çıxarıldıqdan sonra partiya daxilində narazılıqlar daha da artıb. Bundan sonra Müsavat Partiyasının tanınmış üzvləri Adil Qeybulla, İbrahim İbrahimli, Boran Əzizli partiyadan istefa verib. Daha sonra Müsavat Partiyasının qərargahının qarşısında bir qrup partiya üzvü etiraz aksiyası keçirib. Etirazın təşkilatçıları isə partiya Divanının qərarı ilə üzvlükdən xaric edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...