Azərbaycan bankları rubldan imtina edir

Azərbaycan bankları rubldan imtina edir


Azərbaycanda banklar rus rublunu qəbul etmir. “Qafqazinfo” xəbər verir ki, bu barədə redaksiyamıza xeyli sayda müraciət daxil olub. Şikayətçilər bildirib ki, yaxınlaşdıqları heç bir bank rus rublunu dəyişmir, onları başqa banklara yönləndirirlər. “Qafqazinfo” məsələ ilə bağlı ekspert Natiq Cəfərlinin münasibətini öyrənib. Ekspertin sözlərinə görə, bunun əsas səbəbi rus rublunun taleyinin hələ məlum olmaması ilə bağlıdır:

“Gündəlik kurs dəyişir. Son bir həftədə kurs həddindən artıq oynaqlı olub.Bəzi günlər dollar 2 rubla qədər bahalaşıb, bəzi günlər isə 50 qəpiyə kimi ucuzlaşıb. Ciddi oynaqlıq var. Valyuta dəyişmə məntəqələri və banklar bu risqi üzərinə almaq istəmir. Şənbə-bazar günləri rublu dəyişib yığa bilərlər, ancaq birinci gün kursun məzənnəsində ciddi dəyişiklik ola bilər. Buna görə də, onlar özünü sığortalamağa çalışır”.

İqtisadçı bildirib ki, rublla bağlı problemlər hələ bir müddət davam edəcək.

Çünki rublun oynaqlığında üzümüzə gələn həftələrdə ciddi artma gözlənilir. Onu da nəzərə almaq lazımdır ki, Rusiyada bayramlar uzunmüddətli olacaq. Bu günlər ərzində Rusiyanın Mərkəzi Bankı və banklar da işləməyəcək və dollara qarşı rəsmi məzənnə müəyyən olunmayacaq. Dünyada isə birjalar fəaliyyət göstərəcək. Bu günlər ərzində neftin qiymətində ciddi azalma olsa, Mərkəzi Bank rəsmi məzənnəni kəskin şəkildə azalda bilər.

Ölkəmizdə banklar bu riskləri nəzərə alaraq rublla əməliyyatlara ehtiyyatla yanaşır. Əlində rus rublu olub təcili dəyişmək istəyənlər Beynəlxalq Bankın valyuta dəyişmə məntəqələrinə yaxınlaşmalıdır:

“Beynəlxalq Bank dövlətindir və sakinlər Mərkəzi Bankın qərarını göstərərək bankdan rublu elan olunan məzənnə ilə dəyişdirilməsini israrla tələb etməlidirlər. Bu onların tam haqqıdır. Əgər dəyişdirilməsə, bu, istehlakçının hüquqlarının pozulmasıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...