"Telefon nömrəmi və özümü dəyişmək fikrim yoxdur" - Tahir Kərimli
Noyabrın 1-də keçirilmiş parlament seçkilərində rəqiblərini üstələyən namizədlər arasında 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd Tahir Kərimli də var.
Vəhdət Partiyasının sədri Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına əsasən 66,3 faiz səs toplayıb. Tahir Kərimli Publika.az-a müsahibəsində seçki marafonundan, seçicilərlə görüşlərindən, habelə digər məsələlərdən söhbət açdı:
- Ağsu-İsmayıllı Seçki Dairəsindən namizədliyimi irəli sürəndə yaxın insanlarla üz-üzə gələcəyimi bilirdim. Orada əzizlərim, doğmalarım çoxdur. Həmin sakinlərlə çox səmimi söhbətlərimiz baş tutdu. Kampaniya müddətində sakinlərlə 40-dan çox görüş keçirdik. Ağsu-İsmayıllı seçki dairəsinin kəndlərində isə 80-dən çox görüş oldu. Bir gün də boş dayanmırdıq. Elə olurdu, gün ərzində 3-4 görüş keçirirdik.
- Ən güclü rəqibiniz kim idi?
- Güclü rəqiblər çox idi. Ən güclü rəqibim Yeni Azərbaycan Partiyasının namizədi Əliyunis bəy idi. Keçmiş deputatlardan biri, eləcə də başqa rəqiblərim namizədliklərini mənim xeyrimə geri götürdülər. Onlar mənim xeyrimə geri çəkildiklərini öz ərizələrində qeyd etdilər. Bütün bunlar isə şansımı artırdı.
- Şansdan söhbət düşmüşkən... Sonuncu söhbətimizdə bildirdiniz ki, parlament seçkiləri sizin üçün son şans idi. Əgər şansınızı qaçırıb seçkidə uduzsaydınız, nə baş verəcəkdi ki?
- Bu seçki həm ömrümdə son şans idi, həm də siyasətdə. Çünki yaşım 60-ı haqlayır. Bu həm də partiya fəaliyyətimdə son şans idi. Son iki seçkidə deputat seçilməmişdim. Bütün bunlar məni mənən ağrıdırdı. Şükür Allaha ki, bu dəfə qalib gəldim. Əks təqdirdə, siyasətdən birdəfəlik gedəcəkdim. Seçkidə tam gücümlə iştirak edib qalıb gəldim. İstənilən şəxs gəlib dairəmdəki nəticələri yoxlaya bilər. Əgər seçicilərdən 20 faizi mənə səs vermədiklərini desələr, deputatlıqdan imtina etməyə hazıram.
- Sizi ilk olaraq kimlər təbrik etdi?
- Təkcə mobil nömrəmə 256 təbrik mesajı gəlib. Bütün mesajları oğlum oxudu. Bunlar hələ 2 gün ərzində gələn mesajlardır. Zəng edib təbrik edənlərin sayı lap çoxdur. İlk təbrik edən isə dairə seçki komissiyasının üzvü oldu. Zəng edib dedi ki, sizi təbrik edirəm, nəticələrə görə hamıdan öndəsiniz. Onun adını açıqlamaq istəməzdim (Gülür).
- Ötən müsahibələrdən birində erməni təşkilatının sizi öldürəcək şəxsə mükafat vəd etdiyini bildirdiniz. Bundan sonra xarici səfərlərinizdə hər hansı təhlükə hiss etmirsiniz ki?
- Mən ermənilərin İsmayıllı rayonundan, onun kəndlərindən və digər yerlərdən çıxarılmasını təşkil etmişəm. Onların yerində Ermənistandakı ata-baba yurdlarından qovulmuş soydaşlarımızı yerləşdirdik. Erməniləri isə sağ-salamat yola saldıq. Bu fikirləri qorxu hissi ilə demirəm: təəssüf ki, “Panduk” qisas təşkilatı bir müddət əvvəl barəmdə ölüm hökmü çıxarıb. Onlar saytlara terrorla öldürülməsi planlaşdırılan azərbaycanlılar arasına mənim də fotomu yerləşdiriblər. Rusdilli saytlar bunu öz səhifələrinə yerləşdiriblər. Şübhəsiz ki, bütün bunlar müəyyən narahatlıqlara səbəb olur və problemlər yaradacaq.
- Seçicilərinizə indi nə vəd verirsiniz?
- Çalışacağam ki, xalqımın parlamentə, dövlətə inamını bir qədər də artırım. Habelə deputata olan inamı artıracağam. Qoy öndə gedənlərin ürəyinin xalq üçün yanmasına, onun problemlərinə biganə qalmamasına inansınlar. Görsünlər ki, xalq, dövlət, Vətən üçün ürəyi yanan insanlar var. Onlar da dövlətimizin daha da güclənməsinə, milli birliyimizin güclənməsinə çalışırlar.
Çalışacağam ki, parlamentimizin peşəkarlığının daha da artırılması istiqamətində müəyyən işlər görüm. Qarabağın geri qaytarılması istiqamətində məsələlərin daim gündəmdə olmasına səy göstərəcəyəm. Mənəvi dəyərlərimizin qorunmasına, istisadiyyatımızda sosial ədalətin tam bərpası, korrupsiya hallarının aradan qaldırılmasına, seçicilərimin su, yol və digər problemlərinin həllinə çalışacağam. Əmək haqlarının, pensiyalarının artırılması istiqamətində təkliflərlə çıxış edəcəyəm.
- Qərargahınızın şəraiti də yaxşı deyil. Köhnə, darısqal otaqlarda fəaliyyət göstərirsiniz.
- Bəli, ilk öncə çalışacağıq ki, partiyanın qərargah məsələsini həll edək. Əvvəllər paytaxtın mərkəzində qərargahımız vardı. Lakin müəyyən səbəblər üzündən həmin qərargahı tərk etdik. İndiki yerimiz çox pisdir. Dövlətdən yeni qərargah almağa səy göstərəcəyik.
Əgər yeni qərargah ala bilməsək, indi fəaliyyət göstərdiyimiz köhnə qərargahımızı öz hesabımıza təmir etdirəcəyik.
Xasiyyətim elədir ki, ölsəm də heç kimə ağız açan deyiləm. Heç kimə demərəm ki, mənə kömək et. Hələ elələri də var ki, onların köməyini qəbul eləmərəm. Adamlar var, 30 ildir səslərini eşitmirdim, indi zəng edib təbrik edirlər. Əvvəllər telefonuma gün ərzində heç 10 zəng gəlmirdi, amma indi 100-dən çox zəng gəlir.
- Milli Məclisdə kiminlə yanaşı əyləşəcəksiniz? Yeni seçilən deputatlar arasında dostlarınız var?
- Vallah nə deyim! İyirimi ildən çoxdur Milli Məclisdən uzağam. Hələ düşünməmişəm ki, kiminlə birlikdə oturacağam. Keçmiş dostlarım xalq hərəkatının nümayəndələri idi. Orada isə onlardan az adam var. Açığı, Milli Məclisdə heç kimə yaxınlaşmaq istəmirəm. Kim istəyərsə, yanaşı əyləşərik. İstəməzlərsə, tək oturaram.
- Bəzi namizədlər deputat seçildikdən sonra özlərini, bəziləri dostlarını, çevrələrini, bəziləri isə telefonlarının nömrələrini dəyişirlər. Siz belə etməyəcəksiniz ki?
- Çalışacağam ki, mən belə olmayım. Ən azı, yaxın adamlarla – dostlarla, tanışlarla, seçicilərlə daim ünsiyyətdə olmağa çalışacam. Mənim telefon nömrəmi və özümü dəyişmək fikrim yoxdur.
1059 dəfə oxundu