Azərbaycanlı yeniyetmə Rusiyada göldə batan 6 yaşlı oğlanı xilas etdi
Qızmar yay günlərində Başqırdıstanın Askin rayonu ərazisində göl kənarında dincələn uşaqların istirahəti az qala faciə ilə nəticələnəcəkdi. Yaşca özlərindən böyüklərin göldə üzmələrinə kənarda dayanan azyaşlılar həsrətlə baxırdılar. Çünki böyüklər onlara suya girməyi qəti qadağan etmişdilər. Rusiya KİV-in yazdığına görə, kənddə nənəsigildə dincələn 14 yaşlı Emil Mərdanov əslində özü üçün narahat deyildi. Çünki bütün ili hovuzda üzgüçülüklə məşğul olmuşdu, üzməyi yaxşı bacarırdı. O, yaşca özündən kiçik qardaşını gözdən qoymur, ona nəzarət edirdi. Elə bu vaxt qonşunun 6 yaşlı oğlu “mən üzməyi bacarıram” deyib gölün ən dərin yerinə tullanır.
Körpənin suyun altında yoxa çıxdığını görən Emil onu xilas etmək üçün gölə atılır. Suyun altına baş vurur, amma uşağı tapa bilmir, əlləri ilə gölün dibini axtarır, xeyri olmur. Bu hal dəfələrlə təkrarlanır. Nəhayət, sonuncu dəfə gölə baş vuran Emil 6 yaşlı uşağı tapa bilir, güclə onu sudan çıxarır…
Körpəni xilas edən Emil az qalır ki, özü də boğulsun. O, çətinliklə də olsa, balacanı sahilə çıxarır, nəfəs almadığını görüb ona süni tənəffüs verir. Yaranmış vəziyyətdən özünü itirən yeniyetmə hönkürüb ağlayır. Dərsliklərdən oxuduğu qaydada ona yardım göstərir. Nəhayət, balaca özünə gəlir. Ətrafda dayanan yeniyetmələr isə sakit tərzdə baş verənləri seyr edirlər. Emil hadisə barədə heç kimə bir söz deməsə də, azyaşlının valideynləri bu haqda xəbər tuturlar. Onlar Emilin nənəsinin evinə gələrək ona təşəkkür edirlər.
Emilin anası Venera Mərdanova isə oğlu ilə qürur duyduğunu deyir: “Həmin hadisədən sonra Emil gələcəkdə xilasedici olmaq qərarına gəlib. Hamımız onu dəstəkləyirik, oğlumuzla fəxr edirik”.
871 dəfə oxundu