Ermənistanda iki nüfuzlu müxalifətçi həbs olundu
Ermənistanda “İrs” partiyasının nüfuzlu nümayəndələri David Sanasaryan və Ovsep Xurşudyan həbs olunub. İrəvan Ağsaqqallar Şurasının üzvü, “İrs” partiyasının mətbuat katibi David Sanasaryan haqqına iki ay müddətinə həbs qərarı verilib. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Sanasaryanın vəkili Robert Revazyan bildirib. Vəkil vurğulayıb ki, Sanasaryan kütləvi iğtişaşların təşkilində şübhəli bilinir.
Xurşudyanın vəkili Seda Safaryan isə onun müvəkkilinə qarşı əvvəlcədən hazırlanan cinayət işi açıldığını bildirib:
“Məhkəmələrdə siyasi proseslər gedir, müxalif baxışlara malik insanlar heç bir əsas olmadan həbs olunur”. Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizik Xidməti (MTX) İrəvanda polis binasının tutulması ilə bağlı açılan cinayət işi çərçivəsində aparılan araşdırmalar zamanı 47 nəfəri saxlayıb.
Saxlanılan şəxslərdən 24-nə “Girov götürmə”, “Binanın dağıdılması və ona zərər vurulması ilə bağlı həmin obyektin tutulması” və “Qeyri-qanuni silah alma, saxlama, daşınma və üzərində odlu silahın gəzdirilməsi maddələri üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, ötən gün Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.
“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlamada bildirilir.
Xatırladaq ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.
791 dəfə oxundu