İraq türkmənləri Azərbaycandan kömək istəyir
İraq türkmən fəalları İŞİD terror qruplaşmasının əlində əsir olan yüzlərlə türkmən qadın və uşaq üçün Azərbaycandan kömək istəyir. Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın Türkməneli İnsan Haqları Dərnəyi hazırda İŞİD-in Mosulda əksəriyyəti qadın və uşaqlardan ibarət olan 470 türkməni əsir saxladığını bildirib. İŞİD-in ideologiyasına görə şiələr “kafirdir” və bu səbəbdən əsir alınan türkmənlərlə amansız rəftar edilir. Əsir alınan kişilərin başları kəsilərək öldürülüb, qadınlar isə seks köləsi kimi istifadə edilir. Azyaşlı türkmən uşaqlarına isə Mosulda saxlanıldıqları yetimxanada hərbi təlim keçirlər.
Əsasən türkmənlərin yaşadığı Telafer bölgəsi bu ilin yazında İŞİD tərəfindən tutulub. Yüzlərlə türkmən qətlə yetirilib, qalanlar başqa bölgələrə qaçmalı olub. İraq Türkmən Cəbhəsinin Telafer bölgəsi üzrə məsul nümayəndəsi Kasım Kara “Aydınlıq” dərgisinə bildirib ki, İŞİD-in əlində əsir saxlanılan türkmən qadın və uşaqlarına görə Türkiyədən və Azərbaycandan yardım istəyirlər.
“Bizim doğrudan heç kimimiz yoxdur. Bir ay əvəl Türkiyə XİN-ə getdim, yardım istədim. Qızıl Aypara Cəmiyyətinin yardım göndərdiyini deməklə kifayətləndilər, başqa heç nə demədilər. Biz bu dəhşətin ən azından beynəlxalq ictimaiyyətə çatdırılmasını, müzakirə edilməsini istəyirik. Azərbaycan və Türkiyə türkmənlərə sahib çıxsın”- Kasım Kara deyib.
1253 dəfə oxundu