Qazaxıstanda etirazların növbəti dalğası başlayıb

Qazaxıstanda etirazların növbəti dalğası başlayıb
Qazaxıstanda etiraz aksiyalarının yatırılmasının bir ayının tamamına az qalıb. Amma bu, Orta Asiya dövlətində hər şeyin qaydasına düşməsi anlamına gəlmir. Ölkədə etirazların növbəti dalğası başlayıb.
Bizimyol.info xəbər verir ki, Qazaxıstanın ayrı-ayrı şəhərlərindən narazılıq sədaları gəlir. Sənaye müəssisələrində işçilər etirazını səsləndirməkdən çəkinmir.

Fevralda ilk aksiyanın Janaozendə baş tutduğunu demək olar. Əhalisi 80 min nəfəri keçən şəhərdə böyük işsizlər ordusu yaranıb. Yerli icra hakimiyyəti xeyli sayda ailəyə üzvlərdən birini “Ozenmunayqaz”da işə düzəltməyə söz verib. Amma etiraz aksiyalarının yatırılmasından sonra Janaozen şəhər rəhbərliyi arxayınlaşıb, vədini unudub. İşsizlər bir həftədir etiraz aksiyası keçirir.

Etirazçılardan Meirbek Muxtarov deyir ki, onların qarşısına çıxan rəsmi adamlardan qənaətbəxş cavab eşitmirlər: “Neftə bel bağlamamağı məsləhət görürlər. İnsanlar acından ölür. Nə qədər ailə yoxsulluq səviyyəsindədir. Gəlirləri bərabər bölmək lazımdır. Neft qurtarırsa, gəlin, bunu birlikdə bitirək”.

Digər etirazçı Janamaq Nuqımanov aksiyaya gələnlərdən əksərinin ailəsinin ac olduğunu bildirib: “Bir həftədir meydanda toplaşırıq. İş istəyirik, başqa heç nə”.

Janaozen icra rəhbərinin birinci müavini Abzal Mendibayev işədüzəltmə ilə bağlı xüsusi komissiya yaradıldığını deyib. Açıqlamada guya komissiyada yer almaq üçün işsizlərdən bəzisinə də dəvət göndərildiyi qeyd olunub. Etirazçılar bunun həqiqət olmadığını vurğulayır.

MAEK-də isə etirazlar fevralın 3-dən başlayıb. Manqistau Atom Enerji Kombinatının işçiləri maaşların artırılmasını tələb edir. Onlar ayda 145-150 min təngə (təxminən 340-350 dollar) məvacib alır. Etirazçılar bunun qiymət artımı fonunda ailə saxlamağa yetmədiyini bildirir.

Manqistau vilayətinin rəhbəri Nurlan Noqayev ümumi dil tapmağın vacibliyindən danışıb. Onun fikrincə, etirazçılar işini dayandırmaqla bölgəni çətin vəziyyətdə qoyurlar: “Çünki vilayətdə əhalinin içməli su və elektrik enerjisi ilə təminatına məhz bu müəssisə baxır”.

Aktauda da “Kazatomprom”un işçiləri etiraza başlayıblar. Onlar məvacibin artırılması ilə bağlı vədə əməl edilmədiyini bildirir. Almatıda “Kazaxtelekom”un əməkdaşları da indiki şərtlərlə çalışmağın mümkün olmamasını əsas gətirərək işi dayandırıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev baş verənlərdən narahatdır. O, narazılıqların səbəbini ciddi araşdırmaq üçün yerli icra strukturlarına tapşırıq verib.

Kasım-Jomart Tokayev Kasım-Jomart Tokayev
Xatırladaq ki, təxminən bir ay əvvəl ölkədə başlayan etirazlar zorakılıqla yatırılıb. Prezident Kasım-Jomart Tokayev Rusiya ordusunu köməyə çağırmışdı. Bu addımı ilə özünü Qazaxıstan xalqının gözündən birdəfəlik salan Tokayevin imici, görünür, daha heç vaxt düzəlməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
757 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...