Pakistanın Baş naziri İmran Xan istefa verib
Pakistanın Baş naziri İmran Xan istefa verib.
“Report” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.
“Pakistan Konstitusiyasının 48-ci maddəsinin 1-ci bəndi ilə 58-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Pakistan Prezidenti tərəfindən Milli Assambleyanın buraxılması nəticəsində İmran Xan Pakistanın Baş naziri vəzifəsini tutmağı dayandırıb”, - Nazirlər Kabinetinin məlumatında vurğulanıb.
O, yeni Baş nazir təyin olunanadək vəzifəsini icra edəcək.
Pakistanın informasiya və yayım naziri Fərrux Həbibin sözlərinə görə, növbədənkənar parlament seçkiləri 90 gün sonra keçiriləcək.
Qeyd edək ki, Pakistan müxalifəti Baş nazir İmran Xanı ölkədə inflyasiyaya nəzarət edə bilməməkdə ittiham edərək onun istefasını və bununla bağlı qanunverici orqanda etimad səsverməsinin keçirilməsini tələb edirdi. Milli Assambleya sədrinin müavini Qasım Suri Baş nazirə etimadsızlığın Konstitusiyanın 5-ci maddəsi ilə ziddiyyət təşkil etdiyini bildirib və təklifi səsverməyə qoymayıb. Müxalifət səsvermənin ləğvinə etiraz olaraq məhkəməyə müraciət edəcəklərinin bildirmişdi. Bu, İmran Xanın parlamentin buraxılması təklifi ilə çıxış etməsinə səbəb olub. O, aprelin 3-də Prezident Arif Alviyə parlamentin buraxılması təkilfi ilə müraciət etmişdi.
607 dəfə oxundu