BANKLAR ƏMANƏTLƏRİ VERMƏKDƏN İMTİNA EDİRLƏR

BANKLAR ƏMANƏTLƏRİ VERMƏKDƏN İMTİNA EDİRLƏR


Dekabrın 21-dən sonra manatın üzən məzənnəyə keçməsi, dolların qiymətinin qalxması ən çox banklarla bağlı problemləri ortaya çıxardı. Devalvasiyadan sonra insanları düşündürən ən vacib məsələlərdən biri banklardakı kredit və əmanətlərinin taleyidir.

GUNDEMİNFO.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, əmanətlərini geri götürmək istəyən insanlara banklar "yox" cavabı verir. Bu isə vətəndaşlarla banklar arasında anlaşılmazlığa səbəb olub. Şikayətçi Eldar Məmmədzadə deyir ki, banklardan birinə yatırdığı əmanəti geri götürmək istəsə də, buna nail ola bilmir.

"Mən 3 ildən çoxdur ki, banka 23 min dollar (35742 AZN) pul qoymuşam. Amma bu il xəstəliyimlə bağlı əməliyyata girməli idim deyə, banka müraciət edib, pulumu geri götürmək istədim. Amma mənə bu gün verərik, sabah verərik deyərək vaxtı uzatdılar. Dollar bahalaşandan sonra isə deyirlər ki, büdcəmizdə həmin məbləği qaytarmaq üçün kifayət qədər pul yoxdur", - deyə şikayətçi bildirdi.

Məsələ ilə bağlı vətəndaşın əmanət yatırdığı bankla əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı.

Vəkillər kollegiyasının üzvü Əkrəm Həsənov deyir ki, bankların bu addımı vətəndaşların hüququnun pozulmasıdır: "Mülki məcəlləyə əsasən, vətəndaş banka qoyduğu depoziti qoyduğu müddətdən asılı olmayaraq, istənilən vaxt gedib geri götürə bilər. Bank əmanətin dörddə bir hissəsini dərhal, qalanını isə 5 iş günü müddətində geri qaytarmalıdır. Əgər bank pulu geri vermirsə, təbii ki, qanunu pozur. Əgər büdcəsində pul yoxdursa, o, Mərkəzi Banka müraciət etməlidir.

Mərkəzi bank müraciət edən bankı etibarlı sayırsa, ona kredit verəcək, yox, əgər etibarlı saymırsa, o zaman lisenziyasını ləğv edərək bankı bağlamalıdır ki, vətəndaşın pulu əmanətlərin sığortalanması fondu tərəfindən ödənilsin", - deyə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov məsələyə aydınlıq gətirdi.

Ümumiyyətlə, ilin sonuna doğru əmanətlərin həcmində azalma müşahidə olunur. Bu, əhalinin banklara inamının azalmasının göstəricisidir. Hazırda fiziki şəxslərin əmanətlərinin 24%-i manatda, qalanı xarici valyutadadır.

Dolların bahalaşmasından sonra isə Banklar Assosiasiyası Nazirlər Kabinetinə təklif təqdim edib. Təklifdə deyilir ki, əhalinin banklarda qorunan əmanətləri üzrə 30 min manatlıq hədd və illik 12% dərəcəsi ləğv edilsin. Əgər bu təkliflər qəbul olunarsa, onda əhalinin banklarda olan bütün pulları 100% qorunmuş olacaq. Fevralda baş verən devalvasiyadan sonra insanlar banklarda olan əmanətlərinin böyük bir hissəsini dollara çevirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...