Azadlığa buraxılan bələdiyyə sədri yenidən həbs edildi

Azadlığa buraxılan bələdiyyə sədri yenidən həbs edildi
Gəncə Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Daşkəsən rayonunun Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun barələrindəki hökmdən verilən apellyasiya protesti və şikayətinə baxılıb.

Gundeminfo.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli R.Allahverdiyevə münasibətdə ona təyin edilmiş əsas cəzaya aid hissədə dəyişdirilib. O, 6 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Sabiq bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalında dərhal həbsə alınıb.

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Allahverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkəmə digər iki şəxs barəsində isə bəraət hökmü çıxarıb. Ş.Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb. V.Məmmədovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, R.Allahverdiyev isə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib, apellyasiya şikayətini qismən təmin edib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli R.Allahverdiyevə aid hissədə dəyişdirilib. Ona 1 il 2 ay 6 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Keçmiş bələdiyyə sədrinin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunub. Hökmdən narazı qalan dövlət ittihamçısı kassasiya protesti, R.Allahverdiyev isə kassasiya şikayəti verib. Ali Məhkəmənin qərarına əsasən isə aşağı instansiya məhkəməsinin çıxardığı hökm və ya qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd: Hər üç şəxs 2021-ci ilin fevralında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Aparılan istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən R.Allahverdiyevin Ş.Mehdiyev və V.Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan sübutlar əsasında R.Allahverdiyev, Ş.Mehdiyev və V.Məmmədova 1 fevral 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. R.Allahverdiyev və Ş.Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, V.Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...