"MTN işi" üzrə tutulan sabiq məmurun oğlu Ukraynada OĞURLANIB

"MTN işi" üzrə tutulan sabiq məmurun oğlu Ukraynada


Son 1 ilə yaxın müddətdə Ukraynanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılara qarşı adam oğurluğu halları artıb.

Artıq bu hal ölkədə yaşayan azərbaycanlılar arasında ciddi narahatlıq doğurub. Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun buna etinasız yanaşdığı bildirilir. Hadisələrin ört-basdır edildiyini deyən həmyerlilərimizin narazılığı isə aksiya formasına keçməkdədir.
Məlumatlara görə, oğurlananların demək olar ki, hamısı gənclərdir və imkanlı şəxslərin, fəal azərbaycanlıların övladlarıdır.
Oğurluqların Gürcüstan və Ermənistandan olan qruplar tərəfindən təşkil edildiyi deyilir.

Ukraynadakı mənbənin verdiyi məlumata görə, oğurlananlardan yalnız biri – Donetsk Azərbaycanlıları Konqresinin sədri, iş adamı Malik Pirverdiyevin oğlu Cəlal Pirverdiyev 10 aya yaxın girovluqda qaldıqdan sonra, bu yaxınlarda 300 min dollar pul müqabilində azad olunub.

Qeyd edək ki, Cəlal Pirverdiyev Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədridir.
Oğurlananlardan daha biri tanınmış simanın övladıdır. Modern.az-ın məlumatına görə, bu, Azərbaycanda yüksək post tutan və “MTN işi”ndə həbs olunan rabitə sahəsinin keçmiş yüksək rütbəli məmurunun Kiyevdə təhsil alan oğludur. Onun hələ də girovluqda olduğu bildirilir.

Bundan başqa, Ukraynanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı iş adamlarının, yaxud Azərbaycandan olan bəzi iş adamların övladlarının da belə hadisələrlə üzləşdiyi haqda məlumatlar var. Oğurlananlar müqabilində müxtəlif və külli miqdarda pul tələb olunub.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Modern.az-a açıqlamasında deyib ki, yayılan məlumatları təsdiq edən dəqiq bir fakt yoxdur. “Məndə bu haqda dəqiq məlumatlar yoxdur. Buna görə də nəsə deməyim düzgün olmaz. Bir problem də var ki, girovluğa düşən və sonradan azad olunanlar bu barədə məlumat verməkdən çəkinirlər. Girovluqdan çıxan adam heç zaman gəlib demir ki, onu oğurlamışdılar”.

Hikmət Cavadov məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyində görüşlərinin olacağını da bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
910 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...