“Dedilər, bacın qətli etiraf etsin, sən də vəzifəndə qal” - Şok məhkəmə prosesi

“Dedilər, bacın qətli etiraf etsin, sən də vəzifəndə qal” -


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əri-Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli Haqverdi oğlu İsgəndərovu öldürməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.


Xalidə İsgəndərovanın qardaşı İlyas İbrahimov ifadə verərək deyib ki, Müdafiə Nazirliyinin Türkiyədəki hərbi attaşesi olub: “Hadisə vaxtı İstanbulda tədbirdə idim. Ankaraya qayıdanda hava limanında olarkən, qardaşım zəng edib dedi ki, Füzulini öldürüblər. Dedim polis gələnə kimi heç kimi içəri buraxmayın, heç nəyə də dəyməyin. Dedi ki, artıq gecdir, biz qəbiristanlıqda dəfn üçün yer axtarırıq. Sonra mən də Azərbaycanda gəlib yasda iştirak etdim. Burada istintaqda dindirildim. Müstəntiq mənə deyirdi ki, Xalidəgillə “Skype”la danışmışam. Mən Türkiyədə mobil operator şirkətinə sorğu verib rəsmi cavab almışam, orada mənim zəng etmədiyim qeyd edilib. Həmçinin, Müdafiə Nazirliyinin qərarı var ki, ordu evlərində wi-fi olmaz.

Mən dəfndən sonra 3 gün Xalidəgildə qaldım. Bacım qızı Bülbülün yalan danışdığını hiss etdim. Bülbül öz hərəkətləri ilə, facebook dostları ilə bizə xeyli düşmən qazandırdı. Onun çevrəsindən narahat idim. Rəfiqəsi Firuzə Abbasova ilə maraqlandım, gördüm ətrafı yaxşı adamlar deyil, narkoman oğlanlarla oturub-dururdu. Bülbülü istəyən Həsən Əbilov adlı oğlan var idi, bir dəfə dostları ilə Füzuli müəllimi İçərişəhərdə bir evə aparıb orda döydürmüşdü. Bülbül bir oğlanla Milli parkda görüşüb xeyli pul vermişdi.

Mənə Bakı Şəhər Prokurorluğundan ancaq bir şey dedilər ki, get bacınla danış, etiraf etsin, sən də vəzifəndə qal. Mən də belə bir şey etməyəcəyimi dedim. Bundan sonra nazirin əmri ilə 2 dəfə çağırıldım, istintaqa ifadə verdim. Sonra Bakı şəhər prokuroru Əziz Seyidovun təqdimatı əsasında vəzifəmdən çıxarıldım və hazırda sərəncamdayam.

Bizim Ağır Cinayətlər üzrə İstintaq İdarəsində baş müstəntiq olan Mehdi Mirzəyev adlı tanışımız var. O qardaşım Knyaza deyib ki, başqa bir işlə maraqlanarkən bu işin əməliyyatçılarından eşidib ki, Füzulini “İlo” ləqəbli bir adam öldürüb. Əvvəl onu bizə İlham Abdullayev kimi təqdim etdilər, axtardıq elə adam tapılmadı. Sonra dedilər ki, yox, o, İsmətov İlham Alı oğludur, əvvəllər də məhkum olunub. Belə bir adam da tapılmadı”.

Mərhum F.İsgəndərovun bacısı Cəmilənin həyat yoldaşı Mahir Süleymanov ifadə verib. O, Xalidə ilə ömrü boyu düşmən olduğunu deyib: “Xalidə özünü bizimlə düşmən edib. Əvvəl onlarla qonşu idik, Füzuli ilə dost idim deyə bu qaratikanlıq edirdi, dava salırdı, söyüş söyürdü. Axırda bezdik ordan köçüb başqa yerə getdik. İlyas gələndən sonra Xalidə polisdə hamıya deyib ki, Füzulini mən öldürmüşəm. Bundan sonra mən Xalidədən şübhələnməyə başladım. Füzuli bəzən olub ki, bacısı Cəmiləyə saxlamaq üçün pul verib. Deyirdi ki, evdəkilər pulu dağıdır. Amma öləndə ona 1 qəpik də borcumuz qalmayıb.

Qətl barədə oğlum Orxana zəng edib dedilər, bir yerdə ora getdik. Mən ora çatanda Xalidədən başqa heç kim yox idi. Sonra da Füzulini maşınıma qoyub həkimə apardıq. Orda da dedilər ki, keçinib. Mən onlara gələndə polisə zəng etməmişəm, təcili yardıma da onların ev telefonu ilə zəng etmişəm”.

Vəkil bildirib ki, istintaq materiallarında həmin ev telefonundan M.Süleymanovun təcili yardıma zəng etmədiyi barədə sənəd var. Əksinə olaraq, onun mobil telefonundan “102” xidmətinə zəng edilib və 8 saniyə danışıq olub.
M.Süleymanov bunu təkzib edib və məlumatlı olmadığını deyib. Bu zaman zalda mübahisə düşüb.

F.İsgəndərovun atası Haqverdi İsgəndərov vəkillərə “50 min pul alıb oğlumun qanını batırmaq istəyirsiniz” deyib.

M.Süleymanov ifadəsində F.İsgəndərova məxsus obyektlərin heç birinin onun adına olmadığını deyib. Vəkil 3 həyət evi və 1 mənzilin onun adına olmasını açıqlayıb. Şahid isə həmin evləri öz pulu ilə tikdirdiyini və ya aldığını deyib.

Suallara cavab verərkən M.Süleymanov oğlu Orxanla F.İsgəndərovanın qızı Bülbülün münasibətlərinin normal olduğunu deyib.

Mərhum Füzuli İsgəndərovun qızları-Əmanə və Bülbül



İlyas İbrahimov isə Bülbüllə Orxanın gizli münasibətdə olduğunu, bacısı Əmanənin onları öpüşərkən gördüyünü deyib.

F.İsgəndərovun kiçik qardaşı Xəqani İsgəndərov şahid kimi dindirilib. Onun ibtidai istintaqa ifadəsi elan olunub və təsdiqləyib. X.İsgəndərov ifadəsində qeyd edib ki, İlyas qətldən sonra ondan səfil bir adam tapmasını istəyib və planı olduğunu deyib. İlyasın planı isə belə olub ki, Əmanəni öz maşını ilə kənar bir yerə aparıb orada tək qoyacaq. Həmin adam əlində bıçaqla Əmanəyə yaxınlaşıb atasının qatilinin kim olduğunu soruşacaq və yetkin qız qorxaraq bunu bilirsə, deyəcək. X.İsgəndərova İlyasa belə bir adam tanımadığını deyib. O, məhkəmədə bildirib ki, İlyas İbrahimov sonradan ona deyib ki, bu planı həyata keçirib və Əmanə bilmədiyini deyib.
İlyas İbrahimov isə belə bir planın olduğunu, lakin həyata keçirmədiyini bildirib.

Prosesdə şahid qismində F.İsgəndərovanın böyük qardaşı Nizaminin həyat yoldaşı Nailə İsgəndərova ifadə verib. O deyib ki, qətl barədə əri Nizamiyə Əmanə məlumat verib: “Yoldaşım səhər Füzuliyə zəng etdi, Əmanə telefonu götürüb dedi ki, atamı öldürüblər, evimizə oğru girib. Mən Füzuli müəllimg class="img-responsive"ilə gedəndə Xalidənin qohumları yerdəki qanı silirdilər. Səhəri gün polislər həyətdə Xalidə ilə Əmanəni dindirdi. Onlar evə çıxanda Xalidə Əmanənin başından qapaz vurub dedi ki, sənlə mənim sözüm düz gəlmir. Sonra Əmanəni hamama salıb üstünə qışqırdı ki, “mən polisə deyirəm oğru Əmanənin boğazına bıçaq dirəmişdi, sən deyirsən ki, oğru anamla söhbət edəndə mən bacıma zəng etdim”. Bundan sonra İlyas hamımızı yığıb əli ilə telefonu göstərib dinlənildiyimizi işarə etdi və artıq-əskik bir şey danışmamağımızı dedi. Pəncərələri də örtürdürdü ki, həyətdən söhbətə qulaq asan olar. Əmanə bizə demişdi ki, Füzulinin 40 mərasimindən sonra Türkiyəyə köçəcəklər, Xalidə də təsdiqlədi, dedi bu evdə qala bilmir. Mən bu hərəkətlərinə görə Füzulinin ölümündə Xalidədən şübhələndim, özünə də dedim. Həmişə də Füzuli ilə münasibətləri pis olub”.

Məhkəmə prosesi iyunun 20-da davam etdiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...