Narkobaron Zabilin dəstəsi ələ keçdi, özü axtarışdadır

Narkobaron Zabilin dəstəsi ələ keçdi,


Qaçaqmalçılıqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 10 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org xəbər verir ki, prosesə hakim Əhməd Quliyev sədrlik edib. Məhkəmə qarşısına Yusif Əliyev, Qara Cəfərov, Binnət Cəfərov, Bayram Əzimov, Ranət Əsgərov, Əli Bayramov, Loğman Muradov, Elnur Həsənov, Vasif Məmmədov və Oktay Mehdiyev çıxarılıb.

Cinayətin təşkilatçısı, əsas fiquru olan Zabil Mikayılov, onun qardaşı oğlanları Elvin və Nicat Mikayılovlar barəsində isə axtarış elan edilib.

İttihama görə, Ukraynada yaşayan Zabil Mikayılov qardaşı oğlu Elvin Mikayılov, Yusif Əliyev və digərləri ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin Ukrayna ərazisində əldə edilməsini və Azərbaycana daşınmasını təşkil edib. Mütəşəkkil dəstə yaradan Z.Mikayılov yuxarıda adları çəkilən şəxsləri həmin dəstəyə cəlb edib. Onların arasında Z.Mikayılovun qardaşı oğlanları ilə yanaşı qaynı Elnur Həsənov, qohumları Binnət və Qara Cəfərov qardaşları da var.

Z.Mikayılov dəstə üzvlərinin fəaliyyətlərini istiqamətləndirib, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar göstərişlər verib, onlara rəhbərlik edib. Ötən ilin fevral ayında dəstə üzvlərindən biri, Əli Bayramov Ukraynadan ölkəmizə narkotik vasitələrin qanunsuz daşınmasına şübhəli bilinərək saxlanılıb. Məhz bundan sonra cinayətkar dəstənin digər üzvləri ifşa edilib. Onlardan ümumilikdə 24 kiloqram 500 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Köhnə tanışlar, yeni iş birliyi

İstintaqın gəldiyi nəticəyə görə, 2011-ci ildən ailəsi ilə birgə Ukraynanın Zaparojye vilayətinin Melitopol şəhərinə köçən Əli Bayramov dəstə rəhbəri Zabil Mikayılovu Bakıda meyvə-tərəvəz alveri ilə məşğul olduğu vaxtlarda tanıyıb. Z.Mikayılovun da Melitopolda yaşadığını öyrənən Ə.Bayramov onunla əlaqə saxlayıb. Köhnə tanışlar bir neçə dəfə zəngləşib görüşüblər. Növbəti görüşlərdən biri isə Ə.Bayramovun xəstə oğlunun dünyasını dəyişdiyi dövrə təsadüf edib...

Ötən ilin yanvar ayında köhnə tanışının övladını dəfn etmək üçün Yevlax rayonuna gedəcəyini eşidən Zabil Mikayılov onunla görüşərək “VAZ Priora” markalı avtomobilin qapısının içərisində gizlədilən 6 bağlama narkotik vasitəni Bakı şəhərinə aparmağı və Yusif Əliyevə təhvil verməyi təklif edib. Bunun əvəzində isə 1000 dollar qazanacağını bildirib. Ə.Bayramov Zabilin təklifi ilə razılaşıb. Avtomobil Rusiya-Azərbaycan sərhəddində “Samur” gömrük postunda gömrük nəzarətindən keçirilsə də gizlədilmiş narkotik vasitə aşkar edilməyib.

Avtomobildə gizlədilən narkotik vasitə

Növbəti dəfə fevral ayında Ə.Bayramov eyni üsulla "VAZ Priora" markalı avtomobili Zabildən götürərək əvvəl Moskvaya, oradansa Azərbaycana yola düşüb. Avtomobil Ukrayna Respublikasına məxsus olduğundan onun sərhədi keçməsi üçün Azərbaycan vətəndaşının zamin durması tələb olunurdu. Bu səbəbdən Ə.Bayramov Yusif Əliyevə zəng vuraraq onu gömrük postuna çağırıb. Bir neçə saatdan sonra Y.Əliyev gömrük postuna gəlib. Y.Əliyev sənədini təqdim edərək avtomobilə zamin durub. Bundan sonra gömrük əməkdaşları avtomobilə baxış keçiriblər. Avtomobilin qapılarının üz qabığı gömrük əməkdaşları tərəfindən sökülüb, içərisində 12 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Sürücü günahsız olduğunu deyir

Həmin gün Yusif Əliyevin işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi 197, mənzil 41 A ünvanında yerləşən “AZHOUSE” daşınmaz əmlak agentliyinin ofisində də axtarış aparılıb. Axtarış zamanı ofisdən 11 ədəd bağlamada qurudulmuş marixuana aşkar edilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Əli Bayramov ifadəsində 2014-cü ilin yay aylarında Zabil Mikayılovun ona etibarnamə əsasında “Mercedes-Benz” markalı avtomobil verdiyini, həmin avtomobillə Ukraynadan Azərbaycana və əks istiqamətə sərnişin daşıdığını, əldə etdiyi qazancı Zabillə böldüyünü, həmin maşınla Azərbaycana narkotik vasitə gətirmədiyini göstərib.

Ukraynadan göndərilən narkotik vasitə Azərbaycanda kimlərə paylanıb?

Təqsirləndirilən şəxs qismində dindirilən Yusif Əliyev daşınmaz əmlak agentliyinin üç işçisi olduğunu, onlardan birinin makler, digərinin katibə, onunla birgə mühakimə olunan Qara Cəfərovun isə Zabilin qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərdiyi narkotik vasitələri onun tapşırdığı şəxslərə paylamaqla məşğul olduğunu deyib.

Y.Əliyev Zabili 2013-cü ildən tanıyıb. Zabil ondan ev aldığına görə aralarında münasibət yaranıb. Zabilin etibarını qazandığından onun Yevlaxda tikdirdiyi villaların tikintisi də Yusifə həvalə olunub. Evin tikintisinə 2014-cü ilin yanvar ayında başlanıb, tikintiyə dəstə üzvü Loğman Muradov nəzarət edib.

16 avqust 2014-cü ildə Zabil Mikayılov Ukraynadan Yusifə zəng vurub və bir çanta narkotik vasitəni saxlamağı təklif edib. Yusif də razılaşıb. O, Qara Cəfərovun gətirdiyi həmin narkotik vasitəni qutuya yığaraq ofisdə saxlayıb. Zabilin tapşırığı ilə Qara Cəfərovla birlikdə Binnət, Oktay, Bayram, Seymur və Mehmandan satdıqları narkotiklərin pullarını yığmağa başlayıb.

Marixuananın pulları bank vasitəsilə Ukraynaya göndərilib

Sonuncu dəfə 2015-ci ilin yanvar ayının 6-da Zabil Yusifə zəng vurub Əlinin idarə etdiyi “Priora” markalı avtomobillə 10 ədəd bağlamada, hər biri 1 kiloqram olmaqla qurudulmuş marixuana göndərəcəyini, həmin bağlamaların 4 ədədinin Oktaya, 4 ədədinin Bayrama, 1 ədədinin Mehmana, 1 ədədinin yarısının Seymura, qalan yarısının isə Binnətə çatacağını deyib.

Narkotik vasitə satışından əldə olunmuş pulları Y.Əliyev Zabilə ya Əli Bayramovla, ya da ki, bank vasitəsi ilə göndərib.

Y.Əliyev ifadəsində Qara Cəfərovun, Loğman Muradovun və digər şəxslərin adından Ukraynana göndərilmiş həmin pulların narkotik satışı ilə deyil, ancaq ləpə işi ilə əlaqədar olduğunu deyib.

Dəstə başçısının qaynı Elnur Həsənov ona elan olunan ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində bibisi uşaqları Binnət və Qara Cəfərovun narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə məlumatı olduğunu deyib. Mütəmadi olaraq onların hər ikisi Yusif Əliyevlə əlaqə saxlamasını, telefonla danışdıqlarını görüb. Yusifi isə hələ həbsxanada cəza çəkən vaxtlardan tanıyıb. Belə ki, yeznəsi Z.Mikayılovun tapşırığı ilə Yusif cəzaçəkmə müəssisəsində dəfələrlə ona baş çəkib.

Təsirləndirilən şəxsin ifadəsinə görə, Zabil Ukraynada yaşayıb, narkotik vasitələri Əli Bayramov adlı sürücünün vasitəsi ilə Ukraynadan Azərbaycana göndərib. Yusif Əliyev isə həmin narkotik vasitələri qarşılayaraq, Qara və Binnətin vasitəsi ilə satışını həyata keçirib.

Məhkəmənin hökmü ilə Əli Bayramov 10 il, Qara Cəfərov 9 il, Binnət Cəfərov 9 il, Loğman Muradov 9 il, Elnur Həsənov 9 il, Ranət Əsgərov 9 il, Vasif Məmmədov 9 il, Yusif Əliyev 8 il 6 ay, Bayram Əzimov və Oktay Mehdiyev hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...