Səhvən öldürülən şəxs iş adamı deyil, kababçı imiş...
Xəbər verdiyimiz kimi, Göyçay rayonunda iş adamını 16 bıçaq zərbəsi ilə amansızlıqla qətlə yetirən Ağdam rayonunun Yeni İmamqulubəyli kənd sakini, 1991-ci il təvəllüdlü Süleymanov Sərxan Allahverdi oğlu isti izlərlə tutulub. Yerli mətbuatda yayılan məlumata görə, yaşadığı evdə yatdığı vəziyyətdə öldürülən iş adamının qətlinin tamah məqsədilə törədilmədiyi məlum olub.
S. Süleymanovun ilkin dindirilməsi zamanı məlum olub ki, Cəbrayıl Kərimov təsadüf nəticəsində öldürülüb. Belə ki, qətli törədən şəxsin bacısı 1982-ci il təvəllüdlü Süleymanova Nargilə Allahverdi qızı aprel ayının əvvəllərində evlənmək məqsədilə Göyçay şəhərinin Hüseynbala Əliyev 24 ünvanında yaşayan Quliyev Orxan Əsəd oğlu tərəfindən qaçırılıb. Bundan sonra Ağdam rayonu ərazisində Orxanla Sərxan arasında münaqişə baş verib.
Adı çəkilən kəndin bələdiyyə sədri Cavid Rəhimov AzVision.az-a açıqlamasında hadisə ilə bağlı Orxan Quliyevin həbs olunduğunu bildirib. “Sərxan Süleymanovun ailəsi Orxan Quliyev barəsində polis orqanlarına şikayət ediblər. Nəticədə Orxan Quliyev adam oğurluğunda ittiham edilərək həbs edilib. Orxan bundan əvvəl 5 dəfə ailə həyatı qurub, övladları var. O, buna baxmayaraq aprel ayında Sərxanın bacısını qaçırıb. Bir müddət keçəndən sonra qız atası evinə qaçıb. Buna dözə bilməyən Sərxan isə Orxandan intiqam almaq istəyib”.
Bələdiyyə sədri qətlə yetirilən Cəbrayıl Kərimovun iş adamı olmadığını deyib: “Mətbuatda onun iş adamı, biznesmen olduğu qeyd edilir. Həmin şəxs icarəyə kiçik bir yer götürüb kababçı işləyirmiş. O, hadisə baş verən gün evdə tək olub. Fiziki cəhətdən zəif adam olmayıb. Yuxulu olduğu üçün müqavimət göstərə bilməyib”.
Xatırladaq ki, bacısının evlərinə qaytarılmasından qəzəblənən Sərxan Süleymanov qisas məqsədilə Göyçaya gəlib. Lakin o şəhərin Heydər Əliyev prospekti - 24 ünvanı ilə Hüseynbala Əliyev küçəsi - 24 ünvanlarını səhv salaraq Cəbrayıl Kərimovun mənzilinə daxil olub və onu qətlə yetirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib.
937 dəfə oxundu