Vüsal Ələkbərov dedi: “Buraxacağıq, bir neçə aya öləcəksən...” - Eldar Mahmudovun ölüm iynəsi...
Bakı Hərbi Məhkəməsində aylardır davam edən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan istintaq idarəsinin rəisi müavini Yasin Məmmədov, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə ötən gün fevralın 22-də növbəti məhkəmə proses keçirilib. Xatırladaq ki, məhkəmə prosesi açıq keçirilsə də jurnalistlər zala buraxılmır. Bu səbəbdən media mənsubları içəridə danışılanlar barədə çöldə zərərçəkənlərdən və onların vəkillərindən məlumat almalı olurlar.
“Texnikabank”da 62 min avro depozit: Mahmudov bandası dərhal hərəkətə keçir
virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə zərərçəkmiş Elşən Mədətov dindirilib. O, ifadəsində bildirib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına illik 12 faiz olmaqla 623 min avro əmanət qoyub. Əvvəlcə faizləri vaxtında alsa da, 2008-ci ilin ortalarından bank ödəmələri gecikdirib. 2008-ci ilin avqustunda isə Fransaya istirahətə gedən E.Mədətov ölkəyə qayıdandan sonra filialın müdiri “Texnikabank” ASC-nin “Bakı” filialının müdiri Zal Yusifovun həbs olunduğunu eşidib.
Zərərçəkmişin ifadəsinə görə, həmin ilin oktyabrında MTN-nin İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov ona zəng vurub, MTN-ə çağırıb. Ertəsi gün səhər saatlarında MTN-ə yollanıb.
“Mülki geyimli şəxslər məni qarşılayıb liftlə dördüncü, yaxud beşinci mərtəbəyə qaldırdı. Liftdən çıxandan sonra sola dönüb boş otağa apardılar. Orada təxminən beş saat tək oturdum. İndi burada sakit, məsum uşaq kimi oturan şöbə rəisi Vüsal Ələkbərov beş saatdan sonra otağa gəldi. Dedi ki, sən banka əmanət kimi pul qoymusan, mütəşəkkil cinayətkar dəstəyə qoşulub bankın filial müdiri Zal Yusifovla bankı talamısan. Ona görə də MTN-nin rəhbərliyinə 300 min dollar pul verməlisən, yoxsa səni də Zal Yusifova qarşı sürülən eyni ittihamlarla həbs edəcəyik”- zərərçəkmiş ifadəsində belə deyib.
E.Mədətov şöbə rəisinə banka qanuni yolla pul qoyduğunu bildirib. MTN əməkdaşı isə “nə olsun ki, qanuni qaydada banka pul qoymusan, banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, bu rəhbərliyin tapşırığıdır” deyib. Bunun qanunsuz olduğunu söylədikdə V.Ələkbərov ona bildirib: “Deyəsən hara gəldiyini bilmirsən, qızın universitetdə oxuyur, özün də küçədə, bayırda gəzirsən. Qorxmusan ki, başınıza iş gələr?”
“Sənə “ölüm iynəsi” vuracağıq, havalanıb öləcəksən”
Tərəflərin suallarını cavablandıran zərərçəkmiş MTN-də onu hansısa iynəni vuraraq öldürməklə hədələdiklərini də deyib. Həmin iynə isə, onun dediyi kimi, təsirini bir neçə ay sonra göstərməli idi.
“Vüsal Ələkbərov dedi ki, sənə “ölüm iynəsi” vuracayıq, iki ay saxlayıb, üzr istəyib sonra buraxacayıq. Yeddi-səkkiz ayın içində havalanıb öləcəksən. Onun hədələrindən qorxdum, qızımın universitetdən qovulacağını düşündüm, məcbur olub onu dilə tutmağa çalışdım. Dedim ki, mən Dairə Seçki Komissiyasının sədriyəm. Həmin vaxt prezident seçkiləri idi. Bunu deyəndən sonra Vüsal vəsiqəmi tələb elədi, verdim. Vəsiqəni götürüb harasa getdi. Bir qədər sonra vəsiqəmi qaytarıb dedi ki, get seçkini keçir, sonra görüşərik. Seçki başa çatandan bir neçə gün sonra Vüsal məni yenə MTN-ə çağırıb, 300 min manat istədi. Vüsaldan 100 min dollara razılaşmasını xahiş etdim. Otaqdan çıxıb rəisi Mövlam Şıxəliyevin yanına getdi. Onunla məsləhətləşib geri qayıtdı, dedi ki, 100 min dollara razılaşdı, ifadəmi almadan məni buraxdı”,-zərərçəkmiş bildirib.
MTN-ə içi dollarla dolu zənbil
E.Mədətov MTN-dən çıxandan sonra ondan tələb olunan pulu toplamağa başladığını deyıb. Özündə olan 45 min dollara qardaşı Kamaldan 50 min dollar, qaynatasından 5 min dollar borc alaraq əlavə edib.
O, pulu MTN-ə necə apardığını, Vüsal Ələkbərova necə çatdırdığını bu cür nəql edir: “Pulu toplayıb on beş-iyirmi gün sonra Vüsal Ələkbərova zəng vurdum. Məni MTN-ə çağırdı. 100 min dolları kiçik zənbilə qoydum, üstünü örtdüm. Sürücüm Zahid Əliyev və qaynım Samit Qafarovla birlikdə MTN-nə getdik. Məni Vüsal Ələkbərovun otağına apardılar. Zənbildə olan 100 min dolları Vüsala verdim. 2008-cu ilin noyabr ayının əvvəllərində Vüsal Ələkbərov yenidən mənə zəng elədi, MTN-nə çağırdı. Yenidən MTN-ə getdim. MTN-in əsas girişinin qarşısında Vüsal “Toyota” markalı, ağ rəngli “cip”lə çıxıb dayanmışdı. Maşından düşüb onun maşınına əyləşdim. Vüsal dedi ki, “rəhbərlik sənin pulunu qaytarmağımı tapşırıb. Çünki əleyhinə ifadə var. Zal Yusifov və onun oğlu sənin barəndə ifadə veriblər ki, sən onlarla əlbir olub bankın pulunu talamısınız, buna görə də cəmi 300 min dollar verməlisən”.
100 min 300 min oldu, təhdidlər yenidən başladı
Zərərçəkmişin ifadəsinə görə, V.Ələkbərov ona bir neçə gün vaxt verib, hədə-qorxu gəlib, deyib ki, pulu çatdırmasan, başına oyun açacaqlar: “Dedi ki, bu söhbətləri başqa yerdə danışma, yoxsa uşaqlarını da ilişdirərik. Hədə-qorxulardan və həbs olunmaqdan çəkinirdim. Evdəki bütün qızılları Mərkəzi univermaqda və “Moskva” univermağında satdım. Dostum Qacar Əzizovdan 45 min dollar, qaynatamdan 15 min dollar borc aldım. Əlavə 100 min dollar topladım. 2009-cu ilin noyabr ayının sonlarında Vüsal Ələkbərova zəng elədim, dedim ki, pulu yığmışam. Dedi ki, pulu da gətir, gəl MTN-ə. Əvvəlki kimi sürücüsümlə və qaynım Samitlə birlikdə MTN-nə getdik. Vüsal kabinetində 100 min dolları da aldı, dedi ki, rəhbərliyə məruzə edib mənə cavab deyəcək. İki gün sonra zəng vurub dedi ki, “məruzə etdim, pulu tam çatdır, rəhbərlik razılaşmır”. Mənə yenə on gün vaxt verdi. Nə edəcəyimi bilmirdim”.
Prokuror zərərçəkəndən soruşub:
-Bəs bu baş verənlər haqda niyə şikayət etmirdiniz?
Zərərçəkənin cavabı belə olub:
-Bunlardan kimə şikayət edəcəkdim? Şikayət etsəydim, başıma oyun açardılar.
“Muştuluğumu ver, rəhbərlik razılaşdı...”
Zərərçəkmiş daha sonra deyi ki, cəmi 50 min dollar toplaya bilib. V.Ələkbərova zəng vurub deyib ki, pul tapa bilmir, istəyirsə onu həbs edə, aldığı 200 min dolları da qaytara, yaxud həmin 50 min dolları da alıb ondan əl çəkə bilər.
“Vüsal rəhbərliyə məruzə edib sonra mənə xəbər edəcəyini dedi. Təxminən bir saatdan sonra zəng vurub dedi ki, muştuluğumu ver, rəhbərlik razılaşdı. Ertəsi gün Vüsalın tapşırığı ilə onun yaşadığı Yasamal bazarından bir qədər irəlidə olan binanın qarşısına getdim. 50 min dolları rəngli sellofan torbaya qoymuşdum. Vüsala zəng elədim, gəlib pulu alıb getdi. Bundan sonra borcları qaytarmaq üçün Şirvan şəhərində yerləşən “Qulu” restoranımı, Sabirabadın Həşimxanlı kəndində yerləşən dəyirmanımı satıb borclarını qaytardım”,-Mədətov bildirib.
Məhkəmədə şahid qismində Elşən Mədətovun qardaşı Kamal Mədətov da ifadə verib. O, MTN əməkdaşlarının hədə-qorxu yolu ilə qardaşından 250 min dollar aldıqlarını təsdiq edib. Şahid Nəsrəddin Sultanov da analoji ifadə verib.
“Bu adamlar Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Elşənin heç bir günahı yox idi. Onu hədələyirdilər ki, guya əmanəti banka qanunsuz qoyub. Onu həbs etməmək üçün pul tələb edirdilər. Mən də deyirdim ki, vermə, sənin günahın yoxdur. Elə hədələmişdilər ki, çıxılmaz vəziyyətə düşmüşdü”- şahid ifadəsində bildirib.
“Elşən qalacaq kənarda, mən səni güllələyəcəyəm...”
Şahid deyib ki, həmin ərəfədə şəxsi tanışları vasitəsi ilə V.Ələkbərovla görüşüb: “Vüsala dedim ki, siz cinayət edirsiz. Elşənin banka qoyduğu 623 min avronu da ələ keçirmisiniz, üstəlik 300 min tələb edib, 100 min dolları da almışınız. Buna görə Elşən qalacaq kənarda, mən səni güllələyəcəyəm. Vüsal bu sözlərimi eşidib qaçıb getdi. Sonra bildim ki, Elşəndən cəmi 250 min dollar pul alıb”.
Prosesdə MTN tərəfindən qanunsuz həbs olunan, sonradan xəstəxanada intihar edən Cahangir Məmmədovun evini alan Elmar Qurbanzadə də şahid qismində dindirilib. Bildirib ki, 2014-cü ilin sentyabr ayında dostu Ağazaman Mirzəyev zəng vurub, Günəşlidə sərfəli qiymətə ev satıldığını deyib, həmin evi şərikli almağı təklif edib. (C.Məmmədzadə MTN-çilərə rüşvət verə bilmək üçün evini satmalı olmuşdu,-red.)
“Belə də elədik. Müddət tamam olduqda, Ağazaman Cahangirə zəng elədi, evdən çıxmasını xahiş etdi. Cahangir isə həyat yoldaşının evdən çıxmaq istəmədiyini dedi. 2015-ci ilin iyul ayında mən Cahangirin qardaşı Arifdən eşitdim ki, evində özünə xəsarət yetirib. Sonra xəstəxananın 5-ci mərtəbəsindən özünü atıb öldürüb. 2015-ci ilin yanvar yaxud fevral ayında Cahangirin qardaşları Məzahir, Aydın və Ariflə birlikdə söhbət etdik. Arif Cahangirin bir müddət əvvəl İrana fişəng apardığı üçün Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğunu, Cahangirin həbsdən azad edilməsi üçün MTN əməkdaşlarına pul verildiyini dedi”,-şahid bildirib.
Məhkəmə prosesi martın 1-də davam edəcək.
785 dəfə oxundu