"500 hektar torpaq sahəsinə görə Vilyam Hacıyevə 85 min manat verdim" - Şahid

"500 hektar torpaq sahəsinə görə Vilyam Hacıyevə 85 min manat verdim" -

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Eldəniz Nəbiyev sahibkar olaraq fəaliyyət göstərdiyini deyib:

"Fermer təsərrüfatı ilə bağlı arayış lazım idi. Rayon İcra Hakimiyyətinin baş mühasibinə yaxınlaşanda bildirdi ki, rayonun abadlaşdırılması üçün köməklik lazımdır. Buna görə ona 3 min manat verdim".

Digər şahid Fariz Əliyevin sözlərinə görə, rayonda əkinçiliklə məşğul olur. O bildirib ki, 500 hektar torpaq sahəsi almaq üçün rayonun baş mühasibinə pul verib: "Rayonda əkinə yararlı torpaqlar paylanılırdı. İcra hakimiyyətinin hüquqşünası Rahib Zaidova bu məsələ ilə bağlı söylədim. O, məni baş mühasib Cəmil Musayevə yönəltdi. 500 hektar torpaq sahəsinə görə İmişli Rayon İcra Hakimiyyətinə 85 min manat pul verdim".

Hazırda məhkəmə davam edir.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2352 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...