"Şərq Bazarı" ilə bağlı milyonluq qalmaqal - Şirkətlər “6-cı mərtəbə” MMC-dən narazıdır
Bakıda fəaliyyət göstərən "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işləri ilə bağlı qalmaqal yaşanır. Kompleks ötən il istifadəyə verilib və ölkə başçısı İlham Əliyev obyektin açılışında iştirak edib. Lakin bərpa və yenidənqurma işlərini həyata keçirən subpodratçı şirkətlər - "MV Group” MMC, "MECC” MMC və "İdeya Yapı” MMC pullarını ala bilmir.
GUNDEMİNFO Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndələri aprelin 13-də keçirdikləri mətbuat konfransında bildirib.
"MV Group” MMC-nin layihə rəhbəri Fatih Turan bu məsələdə "6-cı mərtəbə” MMC-ni ittiham edib. Onun sözlərinə görə, "6-cı mərtəbə” MMC layihədə podratçı şirkət olub: "Biz də bu şirkətlə müqavilə imzalayıb işə başlamışıq. Lakin hələ də pulumuzu ala bilmirik. Müxtəlif bəhanələrlə gördüyümüz işin haqqı ödənilmir. Bundan başqa, layihənin icrasında bizdən asılı olmayan səbəblər üzündən gecikmələr olub. Bu gecikmələrə görə ziyan çəkmişik. Ödəniş olunmalıdır. Lakin "6-cıl mərtəbə” MMC ümumiyyətlə bu barədə danışmaq istəmir. Layihənin icrası dövründə inşaat materiallarının qiymətində artım olub. Bu da nəzərə alınmır. Halbuki, "6-cı mərtəbə” MMC bütün bunlara görə sifarişçidən ödənişləri alıb. Yəni, bizim əsas sifarişçidən narazılığımız yoxdur. Pulumuzu verməyən "6-cı mərtəbə” MMC-dir”.
O, həmçinin qeyd edib ki, "6-cı mərtəbə” MMC yubanmaya görə işin daha sürətli görülməsini tələb edib: "Təsəvvür edin ki, 24 saat işləmişik. Üstəgəl, bu yubanma bizim, eyni zamanda digər şirkətlərin işinə də müəyyən problemlər yaradıb. Bəzən bir yeri bir neçə dəfə təmir etmək məcburiyyətində qalmışıq. Gecikmələrə səbəb isə metal konstruksiya işini görən podratçı ilə digər podratçı şirkət, yəni "6-cı mərtəbə” şirkəti olub. Müqavilədə nəzərdə tutulan işi icrası 9 ay gecikdirilib. İş olmasa da, "6-cı mərtəbə” bizdən, yəni subpodratçı şirkətlərdən işçilərin daim inşaat ərazisində olmasını tələb edib. Yəni mütəxəssislər və fəhlələr görməsə də, biz onlara maaş ödəmişik, yemək xərclərini qarşılamışıq”.
"MECC” MMC-nin direktor köməkçisi Salman Salmanzadənin sözlərindən isə aydın olub ki, "6-cı mərtəbə” MMC-nin onlara nə az, nə çox 1 429 330 AZN borcu var.
Salman Salmanzadə və Fatih Turanının sözlərinə görə, dəfələrlə "6-cı mərtəbə” MMC-nin rəhbərliyi ilə bu məsələ müzakirə olunub: "30-a yaxın görüşümüz olub. Hər dəfə bir bəhanə gətiriblər. Bizi günahkar çıxarmaq istəyirlər. "6-cı mərtəbə” MMC-nin prezidenti Atəş Təhməzli hər dəfə eyni şeyi deyir. Qısası, bu müzakirələrin heç bir nəticəsi olmayıb. Ona görə də məsələni ictimailəşdirmək qərarına gəldik”.
Ətraflı
"İdeya Yapı” MMC-nin direktor köməkçisi Hüseyn Yıldırımcanın sözlərinə görə, "6-cı mərtbə” şirkətilə təmsilçisi olduğu şirkət arasında 2 milyon 702 min 689 manat dəyərində müqavilə bağlanıb: "10 ay ərzində avans ödəmələri edilməyib, təsdiq edilmiş layihə sifarişçi tərəfindən yenilənib, inşaat sahəsində işlərin görülməsi gecikdirilib. Gecikmə nəticəsində malların qiymətləri artıb, layihənin yenidən işlənməsi ilə əlaqədar gözlənilən zamanda işçiləri əmək haqqı və yemək xərcləri, gücləndirilmiş iş şərtlərinə görə işçilərin xərcləri qarşılanmır. Gecikmələrə görə ödənişləri ödəməkdən imtina edir. "6-cı mərtbə” şirkəti müqavilə şərtlərini vaxtında yerinə yetirilmədiyi üçün "İdeya Yapı” MMC-yə 1 milyon 278 min 929 manat dəyərində zərər dəyib”.
İş adamları deyib ki, problemlə əlaqədar ölkə rəhbərliyinə, eyni zamanda məhkəməyə müraciət etmək niyyətindədirlər.
"6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şikrətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Açıq mənbələrdə Yunis Nəbiyev barəsində hər hansı məlumat yoxdur.
"6-cı mərtəbə” MMC-nin adı ilk dəfə gündəmə 2021-ci ildə gəlib. "Şərq Bazarı” komplkesinin bərpası və yenidəqurma işlərində çalışan fəhlələrə mediaya müarciət edərək pullarını ala bilmədiklərini deyiblər. Onlar bu məsələdə şirkətin prezidenti Atəş Təhməzlini ittiham ediblər.
İddialara görə, Atəş Təhməzli Azərbaycan Qida Təhlükəsizliyi (AQTA) Agentliyinin sədri Qoşqar Təhməzovun qardaşıdır. Onun digər qardaşı Fərhad Təhməzov isə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA” MMC-nin direktorudur.
567 dəfə oxundu