Rauf Nağıyev klinikada nələr edib? - Təcili Yardımı təcili yardıma möhtac qoyub
Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 2015-ci ildə vəzifəyə təyin olunandan sonra burada uzun illər çalışan peşəkar və savadlı şəxsləri işdən çıxarıb yerinə öz qohumlarını və yaxın ətrafını işə götürdü. O, vəzifəyə gətirdiyi şöbə və bölmə müdirləri ilə birlikdə burada korrupsiya şəbəkəsi quraraq həkim və orta tibb işçilərindən aylıq haqq toplayırdı. R.Nağıyev işdən çıxarılsa da, onun yaxın ətrafı hələ də burada çalışır.
Bu sözləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı ərazi bölməsinin sürücüsü Kərim Rəşidzadə Axar.az-a ünvanladığı şikayət məktubunda bildirib.
“R.Nağıyev islahatlar adı ilə “103”ün bölmələrində dispetçer xidmətini ləğv etdirib “Vahid dispetçer mərkəzi” yaratdı. Lakin bölmələrdə həkimləri dispetçer əvəzi işlədirdi. Nəticədə təcili yardımın operativliyi xeyli aşağı düşdü və təcili yardım avtomobilləri saatlarla gecikirdi”, - şikayətçi bildirib.
Onun sözlərinə görə, R.Nağıyev COVİD-19 pandemiyasının Azərbaycanda yayıldığı dövrdə əslində pulsuz olan analizlərin verilməsi üçün 100 manat, virusa yoluxan xəstəni Yeni Klinikaya göndərmək üçün 5000 manat, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya hospitalizasiya üçün isə 3000 manat pul tələb edirdi:
“Təbii ki, belə korrupsiya halları TƏBİB-in və hüquq-mühafizə orqanlarının nəzərindən yayınmadı. O zaman Nağıyevin işdən çıxarılması barədə qərar verilsə də, hospitalın bəzi əməkdaşlarını həbs etdirərək özünü xilas etdi.
Bundan sonra R.Nağıyev daha da irəli gedərək birbaşa COVİD-ə yoluxmuş xəstə ilə işləyən həkimlərin və təcili yardım xidmətinin əməkdaşlarının artan əmək haqlarını mənimsədi. Sonradan həmin həkimlərə və tibb işçilərinə saathesabı ilə maaşlarının verilməsi haqda qərar verdi. O zaman bu qərardan narazı qalan Təcili Tibbi Yardım Stansiyasının 9 və 7 saylı ərazi bölmələrinin əməkdaşları işə çıxamaqdan imtina edərək tətil etdilər. Lakin R.Nağıyev yalan vədlər verməklə işçiləri sakitləşdirsə də yenə də haqqımızı ala bilmədik”.
Şikayətçi yaxın zamanda məhkəməyə müraciət edəcəyini bildirib.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, Rauf Nağıyev artıq işdən çıxdığı üçün bu barədə açıqlama vermək səlahiyyətləri yoxdur:
"Rauf Nağıyev artıq işdən çıxıb, bu barədə yalnız məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət etmək doğru olardı".
666 dəfə oxundu