Rauf Qurbanovun plakatlarını kim cırır? - Deputatlığa namizəd olan polkovnik-leytenant bəyanat yaydı
88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Rauf Qurbanovun təbliğat plakatları cırılıb.
Qaynarinfo xəbər verir ki, namizəd bununla bağlı bəyanat yayıb.
Rauf Qurbanov bəyanatda qeyd edib ki, Şamaxıda təbliğat-təşviqat kampaniyası bu cür çirkin əməllərlə müşayiət olunduğuna inanmaq istəmir. "Hansısa xuliqanlar şəhər və kəndlərdə vurduğumuz plakatlara qarşı vandalizmlə məşğuldurlar. Guya mənim plakatlarımı cırmaqla nüfuzuma ziyan vurmaq istəyirlər. Lakin kökündən yanılırlar.
Bu barədə artıq Dairə Seçki Komissiyasının sədrinə məlumat verərək iradımızı bildirmişik. İnanırıq ki, lazımi profilaktiki tədbirlər görüləcək”, - deyə o, bəyan edib.
Rauf Qurbanov daha sonra vurğulayıb ki, bu tip çirkin əməllərlə kimlərsə onun nüfuzuna zərbə vuracağını düşünürsə, yanılır: "Şamaxı tarix boyu Azərbaycanın mədəniyyət, yüksək əxlaq sahibi insanları ilə seçilib. İndi də belədir. Şamaxılıların doğru seçim edəcəyinə zərrə şübhəm yoxdur.
Ətraflı
Şamaxıda mənə qarşı yönələn bu pis əməllər bizi Şamaxı və şamaxılılar uğruna tutduğumuz müqəddəs və şərəfli yoldan döndərə bilməz. Hər kəs bilsin ki, yeganə məqsədimiz millət vəkili seçilib Şamaxı və şamaxılılara xidmətçi olmaq istəyimizdir.
Mən üzümü Şamaxılılara tutub çağırış edirəm: belə neqativ əməllərə ən yaxşı cavab budur ki, sivil qaydada SEÇKİ QUTUSU BAŞINA GƏLİB mənə səs verəsiniz!
Səs verin, dəyişək! İnanın ki, dəyişə bilək.
Bütün rəqiblərimə eyni dərəcədə sayğım var, hamımız azərbaycanlıyıq və bir-birimizə hörmətlə yanaşaq. Hər kəsi sivil, qaydalar çərçivəsində mübarizəyə səsləyirəm”.
Rauf Qurbanov uzun illər Fövqəladə Hallar Nazirliyində (FHN) müxtəlif vəzifələrdə çalışıb. İlk dəfədir ki, seçkilərə qatılır. Buna baxmayaraq qısa müddət ərzində seçicilərin rəğbətini qazana bilib.
324 dəfə oxundu