Əhliman Əmiraslanovun Ramiz Mehdiyev sevgisi... - ilginc iddia

Əhliman Əmiraslanovun Ramiz Mehdiyev sevgisi... -
Artıq bir aydan da çoxdur ki, akademik Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasındakı qalmaqallı fəaliyyəti ilə bağlı cəmiyyətin narahatçılıqları bitib tükənmək bilmir. R.Mehdiyevin ailəsinin az qala xüsusi ailə mülkiyyətinə çevrilmiş elmi monopoliyası, sən demə, təkcə arvadı və qızı ilə bitmirmiş. Allahdan elm vergisi verilmiş bu ailənin gəlini, mediada böyük bank işlərində adı tez-tez hallanan Nigar Mehdiyevanın bu vergidən aldığı paydan niyəsə mətbuatda çox yazılmır və ictimaiyyətin də az xəbəri var. Bu xanımın vaxtaşırı iddialı səs tonu və ədası ilə onu tanımayan insanların və tələbələrin canına qorxu salmaq üçün “Mən heç bilirsən kiməm? Mən filankəsin gəliniyəm!” deməsinə baxmayaraq mətbuatdan həmişə yayına bilib. Bu, ya N.Mehdiyevanın media maqnatı olması ilə bağlıdır (bu barədə də mətbuatda xəbərlər yazılmışdır), ona görə də haqqında yazı sızdırıla bilmir, ya da başqa naməlim məsələlərlə. Keçək əsas məsələyə…

Nigar Mehdiyeva həm Tibb Universitetinin Onkologiya Xəstəxanasının baş həkimi, həm də həmin xəstəxanada mammologiya şöbəsinin müdiridir. Qayınatası kimi “elm” maqnatı və ona tay ola biləcək tibb elmini və tibb təhsilini məhv etmə üzrə fitri-istedada malik akademik Əmiraslanovun ortaq yetirməsi olan bu xanım, cumhuriyyet.az-a daxil olan məlumata görə, Moskva ilə Bakının arasında qalıb və tələm-tələsik tibb elmləri doktoru, professor olmaq istəyir. Bunu da bu tələm-tələsikliyə sövq edən akademik Ə. Əmiraslanovun ona “Çalış, tez doktorluq əldə et, səni öz yerimə təyin edəcəm. Mən getməmişdən 6 ay əvvəl sənə xəbər edəcəm, işlərini düzüb qoşarsan” deməsi olub. Burada bir məsələyə aydınlıq gətirmək istəyirəm ki, akademik Ə. Əmiraslanov N. Mehdiyevanı R. Mehdiyev Milli Elmlər Akademiyasına prezident seçiləndən təxminən 1 ay sonra baş həkim təyin edib. Haqq üçün deyək ki, bu təyinatda R. Mehdiyevin heç bir cəhdi və rolu olmayıb. N.Mehdiyevanı bu vəzifəyə akademik Ə. Əmiraslanov ona yalvara-yalvara, günlərlə minnətli düşərək razı salıb. O vaxtadək Onkologiya Klinikasının baş həkimi Ə. Əmiraslanovun Bakıya rektor gəldiyi gündən sağ əli olmuş N.Q. olmuşdur və 12 ildən çox o vəzifəni icra etmişdir. 12 il Onkoloji Klinikanın baş həkimi olmuş və hazırda da həkimlik və cərrahi qabiliyyəti yerində olan N.Q. məhz Ramiz Mehdiyevin akademiyaya prezident seçilməsindən 2-3 həftə sonra Ə. Əmiraslanov tərəfindən hörmətsiz şəkildə vəzifədən çıxma barədə ərizə yazmağa məcbur edilmişdir. Akademik Ə. Əmiraslanovun 27 il sağ əli olmuş (necə sağ əli olması barədə az qala bütün cəmiyyət bilir) N.Q,-un niyəsə məhz Ramiz Mehdiyevin Akademiyaya prezident seçilməsindən 2-3 həftə sonra “iç üzü açıldı” və hörmətziş şəkildə bu vəzifədən atıldı. Niyəsi çox maraqlıdır. Akademik Əmiraslanov bu yolla akademik Ramiz Mehdiyevə yarınmaq, özünü ona etibarlı insan kimi sırımaq istəyirdi ki, Milli Elmlər Akademiyasındakı vəzifəsi və mövqeyi möhkəm olsun. Amma qoca akademiki bu manevr aldada bilmədi. Nəticəsi də hər kəsə məlumdur.

Qayıdaq elm vergisindən hər iki akademikdən “böyük” pay götürmüş N.Mehdiyevaya. Məlumatlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə N.Mehdiyeva akademik Əmiraslanovun növbəti “səxavətin”dən yararlanmaq üçün üz tutub Rusiya Onkologiya Mərkəzinə dissertasiya üçün və oradan da “döş xərçəngi” üzrə bir dissertasiya əldə edib gəlib. Necə deyərlər, “ovu uğurlu olub”. Dissertasiyasının adı da belədir: “Первично-операбельный рак молочной железы: диагностика, клиника и лечение”. Tərcüməsi belədir: “Birinci-operabl döş xərçəngi: klinikası, diaqnostikası və müalicəsi”. Elmi rəhbəri də akademik Əmiraslanovun həmişə qulluğunda durduğu və belə məsələləri xahiş edə bildiyi akademik M.Davıdov. Burada bir neçə maraqlı məqamlar var. Birincisi, N. Mehdiyeva 15 ildir ki, Onkologiya Klinikasının mammologiya şöbəsinin müdiridir və döş xərçəngi ilə məşğuldur. Bu illər ərzində məgər N.Mehdiyeva və müdiri olduğu mammologiya şöbəsi döş xərçəngi ilə xəstə görüb, diaqnoz qoyub müalicə etməyib ki, bunun üçün Moskvaya üz tutub? Təbii ki, bu belə deyil, tez-tez hər birimizin qohum-qonşularımızın o xəstəxanada döş xərçəngindən müalicə aldığının şahidi oluruq. Bəs onda qayınatası “elm” maqnatı olan və hər addımda ona yarınmaqdan ötrü dəridən-qabıqdan çıxan Ə. Əmiraslanov kimi akademikin rəhbərliyi altında fəaliyyət göstərən xəstəxananın baş həkimi və mammologiya şöbəsinin müdiri olan bu xanım Moskvaya niyə üz tutub? Heç həkim olmasam da (düzdür bəzi həkim dost-tanışlarımdan məsləhət aldım bu suala cavab tapmaq üçün) dissertasiyanın adından görünür ki, burada möcüzəli heç bir tədqiqat aparılmır, bu cür tədqiqatları istənilən rayon xəstəxanasında da aparmaq olar. Cavab çox sadədir: o dissertasiyanı yazmaq lazımdır, onu yazmaq isə elmi potensial tələb edir, bilik tələb edir. “Getdin, aldın, götürdün, gəldin” ən rahatıdır. Alim dost-tanışlarım dedi ki, doktorluq dissertasiyası üçün 15-20 məqalə dərc edilməlidir, özü də sanballı elmi jurnallarda, həm də birinci müəllif olmaq şərtilə, çünki bu, doktorluq dissertasiyasıdır. Tənbəllik etmədim, girdim Google-da axtarış verdim ki (axtarışı belə verdim: “Мехтиева, рак молочной железы”), görüm qoltuğunda hazırca dissertasiyası olan bu xanımın Rusiya jurnallarında neçə məqaləsi dərc edilib. Axtarışı verəndə Rusiya jurnallarında cəmi 6 məqalə çıxdı. 5 məqalədə müəllif ardıcıllığı belə olmuşdur:

1) С. Н. Таджибов, С. Б. Поликарпова, Т. М. Кочоян, Н. И. Мехтиева, Р. А. Керимов, А. И. Беришвили;

2) В.Е. Пономарев, С.Б. Поликарпова, Н.И. Мехтиева, Н.Ю. Шагина, Я.В. Вишневская;

3) В.Е. Пономарев, Я.В. Вишневская, Н.И. Мехтиева, С.Б. Поликарпова;

4) Н.Ю. Шагина, И.К. Воротноков, Н.И. Мехтиева, С.Б. Поликарпова;

5) Ольга Горбачева , Владимир Ивашков , Владимир Соболевский , Ольга Крохина, Н. Мехтиева.

Müəllif siyahılarında görünür ki, ən yaxşı halda N.Mehdiyevanın adı 3-cü yerdə olmuşdur, özü də elmi rəhbəri olmayan, əlaqəsiz müəllifərdən sonra. Bunlar nəyin göstəricisidir? O deməkdir ki, bu məqalələrin N.Mehdiyevanın elmi-tədqiqat işi ilə heç bir əlaqəsi yoxdur və N.Mehdiyeva o tədqiqatçılara vaxtaşırı paydan-pülüşdən verib ki, öz məqalələrini dərc etdirəndə onun da adını oralara yazsınlar. Başqa sözlə, N.Mehdiyevanın soyadı o məqalələrə müftəxor müəllif statusunda qoşulub. Əgər o məqalələr N.Mehdiyevanın işi ilə bağlı olsa idi və ya məqalələri N.Mehdiyeva özü yazsa idi, onda birinci müəllif olmalı idi, yaxud da elmi rəhbərindən sonra ikinci. Amma göründüyü kimi, elmi rəhbəri M.Davıdovun adı heç oralarda yoxdur. İnsaf xatirinə deyək ki, bircə məqalədə N.Mehdiyeva birinci və tək müəllif olmuşdur, təəssüf ki, o məqalənin başında da “обзор” yazılmışdır. İnternet axtarışı verdim ki, “обзор” məqalə nə deməkdir, məlum oldu ki, bu cür məqalələr elmi araşdırmanın nəticəsi deyil, məlumat xarakterli bir yazıdır. Bütün bunlar onun göstricisidir ki, N.Mehdiyeva elmi məqalə yazma potensialına malik deyil, amma buna baxmayaraq professor olmaqda, qayınatası və ustadı kimi elm “dühası” olmaqda iddialıdır. Bu da belə… İki “düha” akademikin cəmiyyətimizə sırımaq istədikləri, ustadlarının yoluna sadiq “elm” davamçıları.

Məsələ ilə bağlı cumhuriyyet.az olaraq axtarışı ingilis dilində də verdik (rusca verdiyim axtarışı Google Translate-də tərcümə edib yazdım), bir “review” məqalə çıxdı (“review” ingiliscə “обзор” deməkdir), o da kardioloq S.Bayramzadənin öz dissertasiyasına uyğun yazdığı məqaləsində ikinci müəllif. Bu da onu göstərir ki, bu “обзор” məqalənin də N.Mehdiyevanın dissertasiyası ilə heç bir əlaqəsi yoxdur. Demək, N.Mehdiyeva təkcə Moskvada yox, Bakıda da ondan-bundan xahiş edir ki, döş xərçənginə aid məqalələrdə onun da adını öz məqalələrinə müftəxor müəllif statusunda əlavə etsinlər. Yəni, məişət dili ilə desək, xanım ondan-bundan məqalə dilənir.

N.Mehdiyevanın özünün yazdığı “обзор” məqaləsindəki göstərdiyi elektron poçt ünvanı xüsusi məqamlardan xəbər verən ayrıca bir məna daşıyıcısıdır. Xanım Mehdiyeva müqayisə edilə bilməyən insanlarla özünü müqayisə etmək iddiası ilə alışıb yandığından özünü tibbin əsas xanımı zənn edir və bu iddialarını [email protected] (“Ladymed” ingiliscə tərcümədə “tibbin xanımı” deməkdir) elektron poçt ünvanında həkk edib. Tragikomedik bir vəziyyətdir. Alimin elmi məqalədə göstərdiyi elektron ünvan rəsmi ad-soyadını əks etdirməlidir, axı elmi məqalə psevdonimlə yazılan meyxana deyil.

Oxucuları bir sual da maraqlandıra bilər. Bəs akademik Ə. Əmiraslanovu məcbur edən nədir ki, N.Mehdiyevanı həvəsləndirir ki, “səni pensiyaya gedəndə öz yerimə təyin edəcəm”. Axı bu xanımın, məqsədyönlü araşdırmamın nəticəsinə görə, o xəstəxananın sıravi heç bir xanım həkimindən nə bilik, nə də həkimlik baxımından heç bir fərqi yoxdur. Bu iki məsələdən irəli gəlir. Birincisi, bu “xod”la hələ də R. Mehdiyevə yarınmağını tonusda saxlayır, hələ də ümidini itirməyib ki, daha perspektivalı nəyəsə nail ola bilər. İkincisi də, Ə. Əmiraslanov işə qoyma və qoydurma məsələlərində xüsusi bacarığı, fitri istedadı, “şərtləri” və “üsulları” olan bir məşhurdur. Bununla da pensiyaya getməmişdən əvvəl iri bir qızıl balığı tutub uğurlu ovla oradan vidalaşmaq istəyir.

Növbəti yazımda tibb alimlərindən məsləhət alacam ki, tələm-tələsik professor olmağa hazırlaşan N.Mehdiyevanın da adı yazıldığı elmi məqalələrin adı və məğzi ilə onun dissertasiyasının adı və qayəsi arasında bir əlaqə varmı? Bunu da ağlıma bir tarixçı alim dostum saldı, yoxsa etiraf edim ki, öz ağlım onu kəsmirdi, çünki dissertasiya yazmamışam. “Tak çto”, bu yazının davamı da olacaq, güman edirəm maraqsız olmayacaq.

Elçin ƏMİROV //cumhuriyyet.az//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...