"AYB-ni onlara görə talan etmişəm...”

"AYB-ni onlara görə talan etmişəm...”

Esmira Məhiqızı tanınan şairlərimizdəndir. Həm orijinal fikirləri, həm də ciddi qələm adamı kimi oxucuları tərəfindən sevilir. Yazıları ürəkdən tikan çıxarır, öz ürəyini isə Qarabağda qoyub gəlib.

Danışığında, yazılarında o nisgil boy verir, dilinə gətirməsə də, səsində hiss olunur… yurdsuzluğun ağrısını şeir-şeir, misra-misra çəkə bilir. İllər öncə Rusiyaya köçmüş bir soydaşımızın ondan vətənə dönmək üçün yardım istəməsindən və xanımın da mənə müracitə etməsindən doğan narahatlıq söhbətimizin alınmasında əsas faktor oldu. Görüşümüz zamanı söz sözü çəkdi, “ömrünün ahıl vaxtlarında qürbətdə sənədsiz və kimsəsiz qalmış birisinə nə məsləhət verək?” – deyə düşündük. Bir tərəfdən də Şuşanın işğal gününün ağrısı vardı hər ikimizin içində. Xeyli fikrə getdi və mən diktofonun “start” düyməsini basıb, sual etdim:

- Esmira xanım, nə fikirləşirsiniz?

- Çox şey...

- Ən çox... bax, bu dəqiqə…

- Bu dəqiqə Şuşa haqda fikirləşirdim, amma indi mənə yazıb kömək istəyən o qəribi də düşünürəm. Deyirəm, axı niyə bizim oğullarımız bu günə düşür?

- Hə... Sizcə, Şuşa da qəribdi, yoxsa təkcə şuşalılar?

- Şuşa çox qəribdi, həm də şuşalıların qürbətində.

- Necə düşünürsünüz, sizdən kömək istəyən qürbətdəki soydaşımız və digərləri yurdlarımızın qürbətə düşməsində günahkar deyil ki?

- Bizim qürbətimizdə qərib şəhərlərimiz var. Bizim oralarda da yaman günlü qəriblərimiz çoxdur. Çoxları da öz ağıllarının ucbatından o gündədir. Bəziləri də həyatını uduzanlardı.


Xatirələrin qürbətində yaşayır hamı


- Dənizlərin dəniz olmadığı vaxtlardan,
ağacların ağac olmadığı,
buludların bulud olmadığı...

bir də adamların mələk olduğu vaxtlardan danışıram, – deyirsiz. Çoxmu qayıdırsınız keçmişə?

- Hər gün o günlərdəyəm... və indi görürəm ki, dəniz dənizdi, ağac ağacdı, payız payızdı, amma onda qış da yaz idi...

- Qürbətdəki adamlar kimisiniz. Bəs adamlar?

- Xatirələrin qürbətində yaşayır hamı… Onda adamlar da mələk idi, indi hamı dəyişib.

- Məsələn, siz necə, dəyişmisiniz?

- Anam deyir, dəyişməmisən, amma hiss edirəm ki, dəyişmişəm. Həyat adamı bir az sərt edib, bir az da alışqan. Yəni hər şeyə alışırsan.

- Yəni ananız sizin mələk kimi qaldığınıza əmindir, siz isə yox? Mələklər sərt ola bilir?

- Anam bəzi cığallıqlarımı deyir... Ola bilər. Həm də anamı görəndə elə bilirəm hələ də uşağam.


Rahatlıq da üşüdür adamı


- Silinmiş bir şeirin xatirəsi kimi...

gözümə qaçır içində quşları gecələməyən yuvaların kədəri”, - deyirsiniz, sizin gecələdiyiniz "yuva" necədir?

- Çox soyuqdur... O qədər yuvasız qalan adamlar tanıyıram ki… Hərdən rahatlığımdan utanıram və üşüyürəm. Rahatlıq da üşüdür adamı…

- Amma içində kədər olan bir evin də həsrətini çəkirsiniz, demək, rahatlığınız heç də dediyiniz kimi deyil.

- Ev də, ailə də, yan-yörən də... yerində ola bilər, amma adamın içi yerində olmayanda, rahatlıq tapmır. Əsas iç rahatlığıdır... o da yoxdur.

- “Bıçaq şeirə dirənir”, - demisiniz. Həmin anda gizildəyən ürəyiniz olur, yoxsa sümükləriniz?

- Ən çox ruhum gizildəyir. Hərdən elə bilirəm ki, ruhum ağrıyır. Bəlkə də, ruh xəstəsiyik, bilmirik.


Bizim şəhərləri edam etdilər


- Ağdam yuxunuza necə gəlir? Ağ damları ilə, yoxsa qara günləri ilə?

- Arada Ağdamı da, Şuşanı da, Xocalını da görürəm yuxuda. Ən gözəl günlərim oralarda keçib. Düzdür, Bakı mənim xəyallarımın şəhəri idi, amma xəyallara da yol oralardan başlayıb. Biz o yolları itirmişik. Vətən yollarını...

- “Ölümü intihar edənlər seçir, yerdə qalanları ölüm özü seçir”... Şeirinizdə demisiniz bunu. Adını çəkdiyiniz şəhərlər intiharı seçmədi ki?

- İntihar həmişə məcburiyyətdən doğur. Amma bizim şəhərləri ermənilər edam etdilər. Ruhumuzu da edam etdilər... nə bilim, bəlkə də, ruhsuzuq indi.

- Şeirlərinizdən kədər yağır, “Gözümüzün çəkdiyi yollar da bağlıdır” yazırsınız. Deyin, gözünüzlə çəkdiyiniz yollar sizi edam olunmuş yerlərə apara bilirmi, yoxsa o yollar da bağlı olur?

- Vallah, elə deyirlər, amma şeirlərimdə sızıltı, dilənçi kədər görmürəm. Yaşadıqlarım və yaşamadıqlarımın kədəridi. Hərdən o kədəri də utancaq görürəm, çünki bəzən suyun üzündəkiləri yazıram... Yəni yazmadıqlarımı yazmağa qıymıram.

- “Yazmadıqlarımı yazmağa qıymıram” – deyərkən nəyi nəzərdə tutursunuz?

- Kədəri kədər kimi, sevgini sevgi kimi, hər şeyi olduğu kimi yazmaq olmur. Bəzi yazmadıqlarımı da özüm üçün saxlayıram. İnsanın güzgüdə danışmağa bir sözü olmalıdır özünə. Bu sözü həm güzgüyə, həm suya, həm kölgənə, həm də özünə deyə bilirsən. Səndən başqa onu heç kim bilmir, bu əladı. Elə xatirələr var ki, salıb sındırmaqdan qorxuram. Elə bilirəm ki, kimsə bilsə, o gözəllik itər. Gözəlliklər var, gözəlliklər, həm də necə...


Həmişə arxa sıralarda oturmuşam


- Yazar olaraq ətrafınız necədir?

- Təkəm... Yəni elə bir dairəm yoxdur. Arada Fərqanə ilə zəngləşirəm, bir də bir-iki qıza yazıram. Heç kimlə yaxın münasibətim yoxdur. Bu barədə bir az çəkinirəm, əlaqə qura bilmirəm, bacarıqsızam.

- Bu, nədən irəli gəlir? Özünə qapılmadan, yoxsa dedi-qodu, söz-söhbət, gündə kiminsə adına hansısa sözün çıxması sizi çəkindirir?

- Xeyr, bu mənim xasiyyətimdir. Bir yerə gedəndə də istəyirəm ki, varlığım bilinməsin. Həmişə arxa sıralarda oturmuşam, üzdə olmağı sevmirəm, elə bilirəm ki, o “üzdə” bir pafos var. Pafosdan xoşum gəlmir. Mənimki o çöllər, o uşaqlar, o atlar, o kəhrizlər idi...

- Bəs həyatda kimlərlə əhatələnmisiniz?

- Qohum-əqrəba, qonum-qonşu, uşaqlarım, yoldaşım, doğmalarım... bir də xatirələr, bir də xəyallarla...


Dəyər indi istedadsızlar üçündür


- Bəs ədəbi mühitə münasibətiniz necədir?

- Ədəbi mühiti sevirəm... və sosial şəbəkədə elə bilirəm ki, o mühitdəyəm. İnternet möcüzədi... real möcüzə. Hərənin bir zövqü var. Zövqümcə və ürəyimcə olan yazılar çoxdur. Eləcə də, çox istedadlı yazarlar var.

- Sizcə, istedadlılarımız öz dəyərini ala bilibmi?

- Zənnimcə, dəyər indi istedadsızlar üçündü. İstedadlılar başlarını aşağı salıb, yazılarını yazırlar. Yazmaq da gözəllikdi axı. Onlar bu gözəllikdədir, amma istedadsızlar bu gözəllikdən uzaqdılar, ha dəyər versinlər. Bir yazının yazmaq ləzzətini istedadlılar kimi duya bilməzlər.


AYB-ni elə xəstə insanlar üçün talan eləmişdim


- Bir çoxları AYB-ni ittiham edir. Bəziləri haqq qazandırır, digərləri isə ortalıqda gözləmə mövqeyindədir. Kim haqlıdır?

- Müzəffər Şükür ağır xəstə idi, bunu mənə Şahinə Könül dedi. Dedi ki, dərman almağa pulu da yoxdur, yataqdan qalxa bilmir. Müzəffər Şükürü şəxsən tanımıram, amma öyrəndim ki, “Yazıçı” nəşriyyatında işləyib, AYB-nin üzvüdür. Nə isə, durub getdim AYB-yə. İlk dəfə Fikrət Qocanın qəbuluna girdim və ilk dəfə bu şairi gördüm. Müzəffər Şükürün vəziyyətindən hali elədim onu. Qulaq asdı və mənə dedi ki, Allah kömək olsun. Dedim, bəs siz? Dedi ki, bizim heç nəyimiz yoxdur kömək etməyə. Mən də durub geri qayıtdım və yol boyu düşündüm ki, əgər o səlahiyyətlər məndə olsaydı, yəqin ki, AYB-ni elə xəstə insanlar üçün talan eləmişdim, lap elə Şaiq Vəli üçün də. Sonra Müzəffər Şükür öldü. Çox pis oldum. Bir müddət vicdan əzabı çəkdim, bəzilərinin yerinə vicdanım ağrıdı.

- Elə Şaiq Vəli də ağır xəstəlikdən dünyasını dəyişdi, amma ona son anda ev verdilər.

- Məncə, belə olmamalıdır, diqqət lazımdır, qayğı lazımdır, insanlıq lazımdır. Çünki heç kim bilmir başına nə gələcək, imkanın varsa, kömək elə…

- Amma bəzən diqqət gözlədiyin bir adamın, qurumun da diqqətə ehtiyacı olur. Amma umuruq və bilmirik ki, o nə çəkir...

- Biz beləcə itiririk dəyərlərimizi. Öləndən sonra tərifləyirik. Bu, kimə lazımdır? Mən turist gəzintisindən danışmadım, ölüm ayağında olan birindən söz açdım. O an kömək lazımdır... Həm də söhbət ölüm ayağında olan şairdən gedir.

- Demək, etinasızlıq hər tərəfi bürüyüb. Məşhur “Kanal döyüşü”nün iştirakçısı, sizin yol yoldaşınız və qəhrəmanınız olan zabitin dediyi kimi...

- Bəli, o da ölümə məhkum idi. Çox ağır xəstəydi. Həm də çox kasıb idi.


Biz işıqlı ola bilmirik

- Necədir indi vəziyyət, gözlərimizin çəkdiyi yolların işıqlı zamanını görə biləcəyikmi?

- Şükür ki, Günəş var. Zamanı da işıqlandırır, yeri də, göyü də. Amma bu göyün altında biz işıqlı ola bilmirik. Bilmirəm niyə - vəziyyətmi, soyuqluqmu, zəmanəmi bizi bu günə salıb, bilmirəm. Amma əvvəllər... Əvvəllər hamı işıqlı idi. Biz elə “hər şey sonra daha yaxşı olacaq” şüarı ilə yaşadıq. Heç demə, sonraların əvvəlləri gözəl imiş.

- Köhnə yurdun qədrini təzə yurdda bildiyimiz kimi...

- Elədir, nə hava o havadır, nə su o su, nə həyat o həyat. Gözlərin dərinliyinə baxsan, kədər mütləq var, amma o zamanlar bizim gözlərimizin dərinliyində sevinc aşıb-daşırdı. Bəlkə, bu mənə elə gəlir... Amma deyəsən, eləydi.

- Esmira xanım, sizin ən böyük arzunuz nə olub bəs? Gerçəkləşibmi o arzu?

- Həəə...ən böyük arzum olub. O vaxt dedilər ki, 10 ildən sonra ölümün dərmanı tapılacaq. Mən də hər gün Allaha yalvarırdım ki, 10 ilə nənəm ölməsin, o da o dərmandan atsın. Bu, bəlkə də, həyatda ən böyük arzum olub. Elə bilirdim ki, nənəm ölsə, yaşaya bilmərəm. Amma ölümün dərmanı tapılmadı və nənəm öldü. Mənsə ölümlərə alışdım. İnsan nəyə alışmır ki?!

- Bəs bir şair olaraq arzunuz nə idi və ona çatmaq müşkül oldumu?

- “Şair” o qədər böyük kəlmədir ki... və şair olmaq ondan da böyükdür. İndi bircə arzum var, o çölləri, o yerləri, o ocaqları, Qarabağı özümüzə qaytaraq. Bu, ən böyük arzumdur, bundan böyük arzum yox.

- Allah arzunuza çatdırsın.

- Amin!
- See more at: http://axar.az/news/52221#sthash.Hoy8DmVX.dpuf


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1723 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...