Göz həkimi Paşa Qəlbinur DAK-ı necə “kor” etdi...

Göz həkimi Paşa Qəlbinur DAK-ı necə “kor” etdi...


Azərbaycanı dünyada təmsil edən beynəlxalq təşkilatlar arasında müəyyən vaxtlarda problemlər olub. Xüsusilə, Dünya Azərbaycanlıları Konqresi (DAK) müxtəlif zamanlarda ya parçalanıb, ya da buna alternativi yaradılıb. Gerçəklik odur ki, bu gün DAK bütöv bir qurum kimi fəaliyyət göstərə bilmir. Bu, bir çox halda DAK-ın rəhbərlik məsələsi ilə bağlı olur.

Məsələn, DAK-ın sədri kimi Sabir Rüstəmxanlı tanınsa da, göz həkimi Paşa Qəlbinur da həmsədr kimi təqdim edilir. Yəni uzun zamandır, Paşa Qəlbinur DAK rəhbəri kimi özünü təqdim edir. Necə deyərlər, “qızın iki adaxlısı var?!”. Qəribə səslənsə də, vəziyyət təxmini bu cürdür. Milli Məclisin deputatı Tahir Kərimli Modern.az-a deyib ki, adıçəkilən təşkilatda rəhbəri tanımaq lazımdır.

“Paşa Qəlbinur Sabir Rüstəmxanlının təşkilatında birləşsə, daha yaxşı olar. Rəhbərlikdə birgə təmsil olunsunlar. Parçalanmasınlar. Rəhbəri tanısınlar. Bilmirəm mənsəb məsələsi nə məsələdir ki, hamı ona can atır. Hesab edirəm ki, Sabir Rüstəmxanlı əvvəldən bu təşkilatın yaradıcılarından biri olub. Bu sahədə çox böyük əməyi və zəhməti var. Təkcə indi deyil, müstəqillikdən öncə də bu məsələlərə toxunub. Ona görə də Sabir Rüstəmxanlının yaratdığı təşkilatda hamı birləşməlidir”.

Onun sözlərinə görə bizdə mübarizə rəhbər olmaq uğrunda gedir. “Çox təəssüf ki, bizdə dünya azərbaycanlılarının rəhbəri olmaq uğrunda mübarizə gedir. Azərbaycan diasporları müstəqillik dövründən sonra yaranıb. Ehtiyac var ki, çox ciddi şəkildə vahid mərkəzdən idarə olunsun. Diaspor təşkilatlarımız parçalanmamalıdır. Maraqlıdır ki, xarici diasporlar arasında da ola bilsin ki rəqabət var, amma bizimki kimi qarşıdurma yoxdur. Sabir Rüstəmxanlı bu işlə peşəkarcasına məşğul olub.

Açığı, Dünya Azərbaycanlıları Konqresində Sabir Rüstəmxanlının haqqı daha çoxdur”. Tahir Kərimli dünyada yaşayan azərbaycanlıların çaşqınlıq içində qaldıqlarını dilə gətirib. “Tez-tez xarici ölkələrdə oluram. Dəfələrlə xarici ölkələrdə şahidi olmuşam ki, dünya ölkələrində yaşayan azərbaycanlılar çox çaşırlar. Bilmirlər, kimin arxasınca getsinlər. Bəzən isə heç birinin arxasınca getmirlər.

Çox passiv olurlar. Bütövlükdə bütün diaspor təşkilatlarına, dünya azərbaycanlılarının birliyinə zərbə dəyir. Ona görə də tərəzi qoyub baxmaq lazımdır ki, yenidən DAK-da sədr olmağa nə ehtiyac var?! Sabir Rüstəmxanlı təşkilatı yaratdığı gündən başında dururdu. Böyük əziyyətlər çəkib. Özünü bir çoxları ilə düşmən edib. Xaricdə olan qüvvələrin bir çoxu ona qarşı çıxıb.

Mənə elə gəlir ki, Sabir bəyin rəhbərliyini qəbul etmək daha doğru addım olardı. Paşa Qəlbinur öz istəklərinə görə yox, dünya azərbaycanlıları naminə Sabir Rüstəmxanlı ilə birləşməli, dil tapmalıdır. Axı, dünya bizi izləyir!”.

Namidə BİNGÖL



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1064 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...